Onlayn ictimai-siyasi qəzet
Həkim, millət vəkili və ilahiyyatçılardan ilginc müzakirə
Dini mövzularda fərqli fikirləri cəmiyyət tərəfindən çox vaxt birmənalı qarşılanmayan ilahiyyatçı Elşad Miri bu dəfə sünnətlə bağlı açıqlaması ilə qalmaqal yaradıb.
Belə ki, onun “Qurani-Kərim”də oğlan uşaqlarının sünnət edilməsi məsələsi yoxdur” fikri geniş müzakirələrə yol açıb.
İlahiyyatçı İslamın mənbəyinin “Qurani-Kərim” olduğunu və Allahın öz kitabında sünnətlə bağlı heç nə bildirmədiyini deyib. Lakin bir çox din xadimləri, eləcə də cəmiyyətin əksər hissəsi Elşad Mirinin fikirləri ilə razılaşmayaraq, onu tənqid atəşinə tutub.
Elşad Miri həmçinin bildirib ki, iki oğlan övladını doğulandan bir ay sonra sünnət etdirdiyini təəssüflə bildirib:
“O zaman indiki qənaətə gəlməmişdim. İnsan araşdırdıqca fikirləri və baxış bucağı dəyişir. Hər zaman eyni fikirdə ola bilmərik. Bir neçə ildir bu qənaətə gəlmişəm. Hazırda isə böyük oğlumun 13 yaşı var. Digər övladım isə 7 yaşındadır. Hər ikisini doğulandan bir ay sonra sünnət etdirmişəm. Amma yenidən oğlan övladım olsa, sünnət etdirmərəm. Sünnət yalnız həkim məsləhəti və tibbi zərurət fonunda edilə bilər. Amma bunu adət-ənənə və İslamın şərti kimi etməyimiz doğru deyil. Birmənalı şəkildə biz övladlarımız üzərində bu cür haqq və hüquqa sahib deyilik. Həm də nəzərə almaq lazımdır ki, müəyyən yaşda sünnət edilən uşaqlar ciddi travma alırlar. Bu, həmin uşaqlara qarşı zülm deyilmi?”
Azərbaycan cəmiyyətində bu fikirlər birmənalı qarşılanmayıb. Bir tərəf onun dediklərini düşüncə azadlığı və dini məsələlərin müasir şərhi kimi dəyərləndirir, digər tərəf isə bu fikirləri adət-ənənələrə və dini dəyərlərə qarşı çıxış kimi qəbul edir.
Sünnət İslamda, bir çox müsəlman cəmiyyətlərində mühüm dini və mədəni rəmzlərdən biri sayılır. “Qurani-Kərim”də oğlan uşaqlarının sünnət edilməsi barədə konkret bir ayə olmasa da, bu adət İslam peyğəmbərinin (s.ə.s.) sünnəsi kimi qəbul edilir. Hədislərdə Peyğəmbərin öz nəvəsi Həsən və Hüseyni sünnət etdirdiyi qeyd olunur.
Müasir dövrdə sünnətin tibbi faydaları və zərərləri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Dünya Səhiyyə Təşkilatı (DST) bəzi hallarda – xüsusilə cinsi yolla keçən xəstəliklərin qarşısının alınması və gigiyenik baxımdan – sünnətin faydalı ola biləcəyini qəbul edir. Eyni zamanda, uşaq hüquqları ilə məşğul olan bir sıra təşkilatlar valideynlərin razılığı ilə azyaşlı uşaqlara tətbiq olunan sünnətin insan hüquqları baxımından mübahisəli olduğunu bildirirlər. Bu baxış Elşad Mirinin dedikləri ilə də üst-üstə düşür.
Psixoloji baxımdan isə bəzi tədqiqatlar müəyyən yaş dövründə sünnət edilən uşaqlarda travmatik izlər buraxa biləcəyini göstərsə də, bu hallar ümumi deyil və daha çox uşağın sünnətə necə hazırlandığı, valideyn münasibəti və mühitlə bağlıdır.
Millət vəkili Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib:
“Elşad Mirinin həm bu, həm də əvvəlki açıqlamaları göstərir ki, o, məqsədli və ya qeyri-məqsədli şəkildə qarşısına İslamı gözdən salmaq məqsədini qoyub. Onun çıxışlarında İslamın və dini dəyərlərin gözdən salınması açıq-aşkar hiss olunur. Baxmayaraq ki, o, bunu İslamın xurafatlardan təmizlənməsi kimi təqdim etməyə çalışır, əslində isə uzun illər ərzində formalaşmış dini ənənələri və dəyərləri hədəfə alır, cəmiyyətin mənəvi mirasına zərbə vurur. Bu cür yanaşmalar olduqca təhlükəlidir. Bu dinin təmizlənməsi yox dinin gözdən salınmasıdır.
Sünnət ənənəsi təkcə İslama deyil, yəhudiliyə də aiddir. İslamın bu kimi bir sıra hökmləri hədislərdə əksini tapıb. O isə hədisləri qəbul etmədiyini deyir. Onun məntiqi ilə çıxış etsək gərək onda İslamın xeyli hökmünü ləğv edək. İslam bütöv bir dindir və onu bütöv qəbul etmək lazımdır. Kimsə öz kefinə və ya istəyinə görə hökmləri qəbul edib-etməmək hüququna malik deyil.
Ona görə də əgər kimsə İslama xidmət etmək istəyirsə, bu cür məsələləri qabartmaqla gündəmdə qalmağa çalışmamalıdır.
Cəmiyyət belə hallarda son dərəcə diqqətli olmalıdır. Bu cür yanaşmalar İslama xidmət deyil, əksinə, onun gözdən salınması və nüfuzunun sarsıdılması deməkdir”.
İlahiyyatçı Emil Rahiloğlu isə Elşad Mirini ilahiyyatçı saymadığını bildirib, onun fikirlərini isə axmaqlıq adlandırıb:
“Elşad Mirini ilahiyyatçı saymadığım üçün onun bu iradına cavab vermək istəmirəm. Hər yoldan keçənə ilahiyyatçı deyib, ciddiyə almayın. Özümü bu cür axmaq yanaşmalara münasibətdə görmək istməzdim. Allah dinimizi Elşad Miri kimilərin şərindən qorusun”.
Pediatr Vaqif Qarayev uşaqların sünnət olunmasının tibbi və sosial tərəfləri ilə bağlı fikirlərini belə izah edib:
“Əgər adi bir vətəndaş kimi çıxıb desəm ki, sünnətə ehtiyac yoxdur, cəmiyyət dərhal məni qınayacaq: “müsəlman deyilsən?” Halbuki dini baxımdan bu məsələyə yanaşan bəzi ilahiyyatçılar qeyd edirlər ki, Qurani-Kərimdə oğlan uşaqlarının sünnət edilməsi ilə bağlı konkret bir hökm və ya tələb yoxdur. Digər tərəfdən isə, başqa ilahiyyatçılar çıxıb deyirlər ki, filan ayədə sünnət haqqında bilavasitə və ya dolayı yolla danışılıb, peyğəmbər sünnəti təşviq edib və sair. Yəni dinlə bağlı ortaq, yekdil bir fikir yoxdur. Bir ilahiyyatçı bir cür, digəri isə tamam başqa cür izah verir. Hər biri də Qurani-Kərimə istinad etsə də, fərqli nəticələrə gəlir. Bu, din alimləri arasında fikir ayrılığının və interpretasiya fərqlərinin olduğunu göstərir. Təbii ki, bu, yalnız din sahəsinə deyil, bir çox sahələrə aiddir – eyni sahənin mütəxəssisləri də bir-birinin fikrini bəyənmir, üstəlik, fərqli nəticələr çıxarırlar”.
Tibbi tərəflərə gəldikdə isə, həkim deyib ki, dünyada sünnətin həm tərəfdarları, həm də əleyhdarları var:
“Tibbi göstərişlə sünnət olunmalı hallardan biri fimoz deyilən vəziyyətdir. Bu zaman sünnət dərisi (tülük) şişir, qızarır, uşağın sidiyə getməsinə mane olur. Belə hallarda sünnət zəruridir. Digər hallarda isə valideynlər şikayət edirlər ki, uşaq qəfildən ağlamağa başlayır. Müayinə zamanı məlum olur ki, tülüyün altında duz toplanıb. Sidik bu duzların üzərindən keçəndə yanma baş verir və uşaq narahat olur. Bu zaman da tibbi baxımdan sünnət məsləhət görülür. Bəs uşaqlar hansı yaşda sünnət olunmalıdır? Əgər desəm ki, ümumiyyətlə sünnət etdirməyin, o zaman bəzi dini çevrələr məni “müsəlmançılıqdan çıxmış” hesab edəcək. Amma mən deyirəm ki, əgər sünnət ediləcəksə, bu, mümkün qədər erkən yaşda, idealda – körpə 2 aylığa çatmadan əvvəl həyata keçirilməlidir. Hazırda tendensiya belədir ki, doğum evindən çıxan kimi uşaqları sünnət etdirirlər.
Mən bu yanaşmanı doğru hesab edirəm. Çünki bu zaman travma minimal olur – damarlar incədir, qanaxma riski çox aşağıdır, hətta sıfıra yaxın ola bilər. Körpələr demək olar ki, ağrı hiss etmirlər və cəmi bir günə sağalırlar. Lakin böyüklərdə bu, artıq travmatik müdaxilə hesab olunur – həm ağrı, həm qanaxma ehtimalı artır, həm də sağalma prosesi azı 4–5 gün çəkir. Buna görə də, həm həkim, həm də valideyn olaraq optimal vaxtda sünnət olunmasını doğru sayıram.
Əlavə olaraq, elmi mənbələrə əsasən, sünnət edilməmiş (tülüklü) kişilərdə tülük xərçəngi (penis xərçəngi) riski sünnət olunmuşlarla müqayisədə daha yüksəkdir. Elşad Miri isə bildirir ki, iki oğlunu vaxtilə sünnət etdirdiyinə görə təəssüflənir. Amma bu cür yanaşma cəmiyyətdə çaşqınlıq yaradır. Dinlə bağlı fikirləri təbliğ edərkən dini bilgilər mötəbər mənbələrə əsasən və məsuliyyətlə çatdırılmalıdır. Eyni şey tibbi məlumatlara da aiddir.
O ki qaldı uşaqların hüquqlarının pozulması məsələsinə, gəlin reallığı nəzərə alaq – əslində uşaqların hüquqlarını ən çox pozanlar elə valideynlərdir. Hər uşaq nə deyirsə, valideyn onu yerinə yetirirmi? Təbii ki, yox. Bu da uşağın hüquqlarının məhdudlaşdırılması deyilmi? 10 yaşlı uşağa “səni sünnət etdirəcəyik” deyilsə, əlbəttə ki, buna etiraz edəcək. Buna görə də, uşağın yaşı, psixoloji hazırlığı və tibbi vəziyyəti nəzərə alınaraq optimal vaxt müəyyənləşdirilməlidir”.
Xalidə Gəray,
“Yeni Müsavat”
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ