Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı Rusiyaya təzyiqi artırmaq niyyətindədir və bu məqsədlə yeni sanksiyalar paketi hazırlayır.
Musavat.com xəbər verir ki, məlumatı Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu gün Albaniyada açıqlayıb.
Onun sözlərinə görə, sanksiyalar xüsusən də “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinə yönəlib:
“Biz təzyiqi artırmalıyıq və buna görə də yeni sanksiyalar paketi üzərində işləyirik. Bu paketə, məsələn, “Şimal axını 1” və “Şimal axını 2”yə qarşı sanksiyalar, Rusiya “kölgə donanmasının” yeni gəmilərinin sanksiya siyahılarına əlavə edilməsi, həmçinin Rusiya neftinin qiymət tavanının aşağı salınması daxildir.
Buraya Rusiyanın maliyyə sektoruna yönəlmiş sanksiyalar da daxil olacaq”.
Qeyd edək ki, bu həftənin əvvəlində Aİ-yə üzv ölkələrin daimi nümayəndələri Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyiblər. İndi bu tədbirlər Aİ Şurası tərəfindən təsdiqlənməlidir.
Sanksiyalar paketi razılaşdırılmazdan əvvəl Bloomberg mənbələrə istinadən yazıb ki, Avropa Komissiyası 17-ci anti-Rusiya sanksiyalar paketi çərçivəsində 60 fiziki və hüquqi şəxsə, həmçinin 150-yə yaxın tankerə məhdudiyyətlər tətbiq etməyi təklif edir.
Öz növbəsində, “The Financial Times” mənbələrə istinadən xəbər verir ki, Avropa İttifaqı 17-ci anti-Rusiya sanksiyalar paketi çərçivəsində üçüncü ölkələrin, o cümlədən Türkiyə və Vyetnamın bir sıra şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.
Maraqlıdır ki, son vaxtlar ABŞ-ın “Şimal axını-2” kəmərini yenidən işə salmaq istiqamətində danışıqlar apardığına dair məlumatlar yayılıb. AK prezidentinin bu açıqlaması göstərir ki, Brüssel bu məsələdə ABŞ-ın fəaliyyət imkanlarını aradan qaldırmaq niyyətindədir.
Musavat.com
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ