İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ 20 min əsgərlə deportasiya əməliyyatına hazırlaşır

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DTN) qeyri-qanuni miqrantlara qarşı mübarizə və deportasiya prosesinin təşkili üçün 20 min Milli Qvardiya əsgərinin cəlb olunmasını planlaşdırır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə məlumatı “The Hill” qəzeti yayıb.
Daxili Təhlükəsizlik nazirinin köməkçisi Trişa Maklaflin qəzetə açıqlamasında artıq bu məqsədlə Pentaqona və Milli Qvardiya rəhbərliyinə rəsmi müraciət olunduğunu təsdiqləyib. Onun sözlərinə görə, hərbçilər prezidentin “Amerika xalqından aldığı tapşırığı yerinə yetirməyə” – yəni cinayət törətmiş qeyri-qanuni miqrantların həbs və deportasiyasına kömək etməlidirlər.
ABŞ Müdafiə Nazirliyində (Pentaqonda) Milli Qvardiyaya məsul olan nümayəndə də sorğunun daxil olduğunu təsdiqləsə də, müraciətin dəqiq məzmununu açıqlamaqdan imtina edib.
“The Hill” qeyd edir ki, Milli Qvardiyanın bu əməliyyatlara hansı səviyyədə cəlb olunacağı hələlik bəlli deyil.

Milli Qvardiya hissələrinin ikili tabeçiliyi – yəni həm ştat qubernatorlarına, həm də federal hökumətə tabe olması – bu prosesi çətinləşdirir. Hələlik aydın deyil: bu qüvvələrin istifadəsi üçün ştat qubernatorlarının razılığı mı tələb olunacaq, yoxsa prezident Donald Tramp miqrasiya siyasətini həyata keçirmək üçün Milli Qvardiya üzərində müvəqqəti mərkəzləşdirilmiş nəzarət mi tətbiq edəcək.
“The Hill” yazır ki, əvvəllər Milli Qvardiya federal səviyyədə qeyri-qanuni miqrantlara qarşı mübarizəyə cəlb edilməyib. Tək-tük hallarda, məsələn Texas kimi ştatlarda, qubernatorlar Milli Qvardiya bölmələrini yardımçı qüvvə kimi lokal şəkildə işə cəlb ediblər, lakin bu təcrübə məhdud və epizodik xarakter daşıyıb.
Tramp administrasiyası dövründə federal hökumət qeyri-qanuni miqrantlara qarşı genişmiqyaslı reydlər həyata keçirməyə başlayıb. Media məlumatlarına görə, Vaşinqton rəhbərliyi gündə ən azı 1.800 miqrasiya qaydalarını pozanı saxlamağı hədəfləyib. Lakin bu reydlər yerli hakimiyyətlərin müqaviməti və resurs çatışmazlığı ilə üzləşir.
Deportasiya olunan və saxlanılan miqrantlarla bağlı məlumatlar müxtəlif mənbələrdə bir neçə on min nəfərdən iki yüz min nəfərə qədər dəyişir. Bəzi ştat məhkəmələri isə bu prosesin qarşısını almağa çalışır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

16 May 2025

BÜTÜN XƏBƏRLƏR