İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan çağırış: “İnanclı insanlar istismar olunur, ayıq olun”

“İranın casus şəbəkəsini ifşa etmək, lazımi tədbirləri görmək üçün siyasi iradə artıq ortaya qoyulub. Eyni zamanda, hüquq mexanizmləri də işləməlidir. Hər hansı şəkildə Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərən, hansı quruluşda təmsil olunmağından asılı olmayaraq şəxslər üzə çıxarılırsa, onlar zərərsizləşdirilməlidir və dövlətimizin maraqları əsas götürülməlidir”.

Millət vəkili Fazil Mustafa Musavat.com-a açıqlamasında qeyd etdi ki, İrana xidmət edən casus şəbəkəsinin zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər davam etdiriləcək, çünki şəbəkə genişdir: “Dini inancları istismar olunaraq bu prosesə cəlb olunmuş yüzlərlə insan var. Hər kəs həssas və ayıq olmalıdır. Bu, təkcə hüquq-mühafizə orqanlarının deyil, hər kəsin funksiyasıdır. Hər bir vətəndaş narahat olduğu, şübhələndiyi məsələlərlə bağlı dövlət orqanları ilə əməkdaşlıq etməlidir. Prosesin sağlamlaşdırılması ictimai fəallıqdan çox asılı olacaq. Bu baxımdan ictimaiyyətin ayağa qalxmasına ehtiyac var. Əks halda, Azərbaycanın gələcəyi təhlükə altında qala bilər. Azərbaycanda müxtəlif mexanizmlər elə şəkildə qurulub ki, başqa ölkə burada istənilən fəaliyyət gerçəkləşdirə bilər. Bu, dövlət üçün ciddi narahatlıq yaradan amildir”.

F.Mustafa hesab edir ki,  ideoloji təbliğatı gücləndirmək lazımdır: “Bu sahədə xeyli zəif tərəflərimiz var. Bir zamanlar televiziyada İran tezislərinin təbliğ olunması istiqamətində boşluqlar var idi. Xüsusi xidmət orqanlarımızın fəaliyyətini bütövlükdə cəmiyyətimiz dəstəkləməlidir”.

Qeyd edək ki, bu gün Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR