İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Sabiq vəzifəli şəxslərin himayəsində milyardlara sahiblənmiş iş adamları var”

Deputat Razi Nurullayev parlamentdə müzakirəyə çıxarılan “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, o cümlədən “Hədəfli maliyyə sanksiyaları haqqında” qanun layihələri barədə danışdı.

Deputat bildirdi ki, bu layihələr cari ildə parlamentin qəbul etdiyi qanunlar içində xüsusi əhəmiyyət daşıyacaq: “Qanuna iki prizmadan yanaşmaq istərdim. Birincisi, bu qanunun real tətbiqi zamanı xeyli problemlər və narahatlıqlar yaranacaq. Çünki, ölkəmizdə varlı insanların, qeyri-qanuni yollarla var-dövlətə sahiblənmiş keçmiş məmurların başı üzərində qara buludlar dolaşacaq. Yoxlamalar zamanı aşkara çıxacaq ki, onların içərisində ölkədə qeyri-qanuni yollarla siyasi üstünlük və preferanslar qazanmaq istəyən şəxslərə köməklik edənlər də olub, yaxud onların siyasi müqavimətindən vəzifə və şəxsi maraqlarını təmin etmək üçün istifadə edib. Belə hərəkətlərə yol verən şəxslərə güzəştlər çətin ki, olunsun. Cinayət yolu ilə var-dövlətə sahiblənmiş insanlar içərisində xaricdəki fondları və təşkilatları maliyyələşdirməklə onların əli ilə ölkədə stabilliyi pozmaq, qarışıqlıq yaratmaq və nəticədə daha böyük varidata və siyasi gücə sahiblənmək istəyənlər olub və yenə də var. Xaricdə söyüş maşını kimi fəaliyyət göstərən blogerləri, yutuberləri, tiktokerləri, digər sosial şəbəkələrdə böyük izləyici sayına malik olan şəxsləri maliyyələşdirən və yaxud onların tənqidindən yayınmaq üçün onlara cinayət yolu ilə qazandıqları pullardan rüşvət verənlər də var. Əks halda, onlar bu şəkildə dayanıqlı və resurslu fəaliyyət göstərə bilməzdilər. Əminəm ki, qanun bu məsələlərə də nəzər yetirəcəkdir”.

R.Nurullayev digər məsələrə də diqqət çəkdi: “Cinayət yolu ilə varidat sahibi olmuş xeyli sabiq vəzifəli şəxslər, ayrı-ayrı sabiq vəzifəli şəxslərin himayəsində yüz milyonlara, bəzən milyardlara sahiblənmiş iş adamları var. Bu vəsaitlərin taleyi necədir, hara xərclənir və hara çıxarılır? Biz o vəsaitlərin xalqımıza xidmət etdiyini, yoxsa ayrı-ayrı ölkələrdə cinayət şəbəklərdə dövriyyə edərək qaranlıq işlərə sərf olunub-olunmadığını bilirikmi? Əslində, bu qanun qüvvəyə minməmişdən öncə fəaliyyətlərində və xərcləmələrində ölkəmizin müstəqilliyinə, konstitusiya quruluşunun dəyişdirilməsinə cəhd etməyən şəxslər barədə maliyyə amnistiyasının verilməsini istərdim. Amnistiya verilmiş vəsaitlər isə ölkə daxilində real iqtisadiyyata sərmayələr şəklində yatırılsın”.

Deputat “Hədəfli maliyyə sanksiyaları haqqında” qanun layihəsini dəstəklədi: “Bü gün ölkəmizdən yararlanan, qazanan, varidat sahibi olan şəxslər, ölkələr və əcnəbi iş adamları var. Onlar bizim ölkəmizdən yararlanır, iş qurur, pul qazanır və öz xalqının xöşbəxt yaşayışına töhvə verir, digər tərəfdən isə bizi sanksiyalarla hədələyir, yediyi çörəyə naxələf çıxır. Bizim də bu cür qeyri-mütənasib hərəkətlərə qarşı silahımız hazır olmalıdır. Bu qanunun qəbul edilməsini ölkəmizin beynəlxalq nüfuzu üçün də faydalı hesab edirəm”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR