Onlayn ictimai-siyasi qəzet
“Vahid Rusiya” ölkədən gedən rusiyalıların səsverməsinə qadağa qoymaq istəyir
Maqadan vilayətinin qanunvericilik məclisinin “Vahid Rusiya” partiyasından olan deputatı Eduard Kozlov “Veçerniy Maqadan”a müsahibəsində Ukraynada müharibə başlayandan sonra ölkəni tərk etmiş rusların seçkilərdə iştirakına qadağa qoyulmasını təklif edib.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, deputat belə vətəndaşları “qorxaq” və “satqın” adlandırıb. Onun fikrincə, onlar “Vətənin müdafiəsi üçün lazım idilər”, amma qaçıb aradan çıxıblar.
“Geri qayıdandan sonra bu adam bir çox şeylərdən, məsələn, səsvermə hüququndan məhrum edilməlidir. Axı ölkə yeni yol seçəndə onun seçimi ilə bağlı qərarı onu müdafiə edənlər, ölkəsini qoruyub saxlamağa çalışanlar, onun uğrunda düşmənlərlə vuruşanlar verməlidir”, - Kozlov deyib.
Bundan əlavə, deputat hesab edir ki, hərbi xidmətdən yayınan və ölkəni müdafiə etmək istəməyən ruslar xüsusi qiymətə layiqdirlər.
“Onlar Vətən müdafiəçisi deyil, kişi deyillər. Sual budur ki, o zaman onlar kimdirlər? - deputat əlavə edib.
“The Bell”in 2024-cü ilin iyulunda dərc etdiyi araşdırmaya görə, Ukraynada münaqişə başlayandan sonra 650 minə yaxın insan Rusiyanı tərk edib və geri qayıtmayıb.
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ