İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat müəllimlərin maaş artımı ilə bağlı təkliflər verdi

Xəbər verdiyimiz kimi iyunun 20-24 arası ibtidai sinif və dil-ədəbiyyat müəllimlərinin biliyinin qiymətləndirilməsi (sertifikasiyası) keçirilib. Mövcud qaydalara əsasən, 30 və 50 bal aralığında nəticə göstərən müəllimlərin əməkhaqlarına 10 faiz, 51 bal və ya daha yüksək nəticə göstərən müəllimlərin əməkhaqlarına hər ay 35 faiz əlavə olunur. Lakin əksər müəllimlər 30 bal toplayan müəllimlə 50 bal toplamış müəllimin eyni cür qiymətləndirilməsini ədalətli hesab etmir.

Vüqar Bayramov: “Minimum əməkhaqqının artırılması vahid tarif cədvəlinin  bütün pillələrinə təsir göstərəcək”

Musavat.com bildirir ki, millət vəkili Vüqar Bayramov bu məsələ ilə bağlı yeni təkliflərlə çıxış edib. Millət vəkili bildirib ki, maaşların artımı sisteminin daha da təkmilləşdirilməsi vacibdir:

"Qeyd edim ki, bu məsələ ilə bağlı bir sıra təkliflərimi ötən ay “Təhsil haqqında” Qanuna edilən dəyişikliklər layihəsinin müzakirəsi zamanı təqim etmişdim.

Elm və Təhsil Nazirliyi tərəfindən əməyin keyfiyyət meyarları əsasında qiymətləndirilməsi təqdirəlayiqdir və bu məsələdə tam dəstəyimizi nümayiş etdiririk. Bununla yanaşı, sertifikasiya imtahanlarının nəticələrinə uyğun olaraq əmək haqqı artımları üzrə faizlərin tam differensial öçlülməsi vacibdir.  Mövcud qaydalara əsasən, 30 və 50 bal aralığında nəticə göstərən müəllimlərin əməkhaqlarına 10 faiz əlavələr olunur. 51 bal və ya daha yüksək nəticə göstərən müəllim hər ay 35 faiz əlavədən istifadə edə bilir.

Təklifimiz differensial intervalları daha da genişləndirmək ilə bağlıdır. Praktik olaraq 50 bal yığmış müəllimin əmək haqqı artımı 30 bal yığmış müəllim ilə eynidir. Yəni, sualların 83.3 faizinə düzgün cavablandıran müəllim 50 faiz doğrusu olan ilə eyni əmək haqqı artımından faydalana bilir: 10 faiz əlavə artım. Digər tərəfdən, sualların hammısını cavablandıranla 51 doğrusu olanın da əmək haqqı artımı eynidir.

Bu baxımdan, aşağıdakı formulanı təklif etmək istərdik: Əmək haqqı artımı: 30-35 bal arası nəticəsi olan müəllimlərimiz üçün 10 faiz, 35-40 bal toplayanlar üçün 15 faiz, 40-45 bal toplayanlar üçün 20 faiz, 45-50 faiz arası bal toplayanlar üçün 30 faiz, 50-55 arası balı olanlar üçün 35 faiz, 50-60 arası nəticəsi olanlar üçün 40 faiz".

Vüqar Bayramov qeyd edib ki, bu əməyin daha ədalətli qiymətləndirilməsinə imkan yaratmaqla yanaşı, müəllimlər arasında daha yüksək elm və təhsilə təşviqin gücləndirilməsinə səbəb ola bilər. Millət vəkili həmçinin  bu təklifləri Milli Məclisin iclasında yenidən rəsmi olaraq təqdim etməyi planlaşdırdığını deyib.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR