İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Fazil Mustafa Çingiz Abdullayevi müdafiə etdi: "Bir kitabını da oxumamışam, amma..."

Millət vəkili Fazil Mustafa da Çingiz Abdullayevlə bağlı fikir ifadə edib.

Musavat.com xəbər verir ki, ölkədən çıxıb getmək istədiyini YAZAN Xalq yazıçısının sosial media paylaşımı hazırda gündəm olub.

Fazil Mustafa mövzuya yenə də orijinal rakursdan yanaşıb.

Musavat.com onun qeydlərini təqdim edir:

"Mən indiyədək hörmətli Xalq yazıçısı Çingiz Abdullayevin heç bir əsərini oxumamışam. Kitabxanamda da bircə əsəri belə yer almır. Yəni yazıçı kimi mənim menyumda yoxdur. Hansı kitabı oxumaq lazım gəldiyi barədə xüsusi intuisiyam var və buna hələ də güvənməkdəyəm. Ancaq qeyd etməliyəm ki, hörmətli Çingiz Abdullayevi oxuyanlara, sevənlərə, izləyənlərə, nəşrlərinin, tərcümə olunan kitablarının sayı üzərindən qürur duyanlara da yanaşmam normaldır. Necə deyərlər, zövq məsələsi. Onun danışıq dili ilə bağlı lağlağılara da münasibətim mənfidir. Azərbaycan dilində səlis danışan o qədər susmalı adam olduğu halda belə köntöy danışığın iqtisadi, sosial, siyasi bir zərəri olduğunu düşünmürəm. Mənəvi zərəri hesablana bilərdi bəlkə də, ancaq hər işdə əsas aldığımız meyar əməldirsə, insanın bu qüsurunu da belə qabartmağına dəyməz. Çingiz Abdullayev öz makulaturası ilə dünyada və Azərbaycanda çoxlarının qəlbini fəth edə bilər, ancaq mənim qəlbim bu mövzuda öz muxtariyyətini qoruyursa, öz qəlbimin səsi ilə davranmağım da anlayışla qarşılanmalıdır. İnsaf naminə qeyd edim ki, Çingiz müəllim erudisiyalı, ədəbi, hüquqi və siyasi bilgiləri olan adamdır, müsahibələrində maraqlı fikirlər var və çıxışları da bəyəndiyim koloritdədir. Rusiya auditoriyasında da Azərbaycanı müdafiə edən çıxışlarını yüksək qiymətləndirirəm. Məşhurluğuna da çox müsbət yanaşıram. Ölkənin şişirdilmiş olsun, haqqına olsun, brend adamlarının olması bəzi kritik şərtlərdə çox vacib amilə çevrilir. Yəni ən azı ölkədən kənarda onun söylədiklərinə daha çox diqqət kəsiləcək. Titul, məşhurluq və sair amillərə görə.

Mətnin ikinci hissəsinə buradan keçid edirəm. "Artıq bezmişəm, ölkədən çıxıb getməyə hazırlaşmaq lazım!" Təqribən belə bir ifadə səsləndirdi və birdən-birə "Getmə, amandır!" naləsi bir çox tanınmış imzalar tərəfindən dövrəyə soxuldu. Aydın olmayan bir sual var, bunu mütləq cavablandırıb, sonra getmək barədə düşünmək doğru olmazmı? Əcaba, nəyin savaşını verib bezdikdiniz? Hansı ədəbi cərəyanın aydınlanma davasında öncülü olaraq düşüncələrinizi ortaya qoydunuz? Hansı əsərinizdə cəmiyyətin yanlış dəyərlərinə qarşı savaş açdınız? Qarabağda qələbəmizə ermənilər qədər məyus olan və daxildən, xaricdən hər cür tərbiyəsizliyə yol verən müxalifətçi, bitərəf kimliklərə hansı qınağınız səsləndirildi? Mədəniyyət və ədəbiyyat sferasında fundamental mövzularda hansı yanlış siyasətə etirazınız ortaya qoyuldu? Onlarla belə sualları sıralamaq mümkündür. Dili, zadı bəhanə etməyin, məmləkətə, millətə səmimiyyətsizliyinizi, sevgisizliyinizi bəhanə edin! Danabaşların, qaragüruhun, cahil sürüsünün söyüşünə, təhqirinə, böhtanına, gülləsinə bu məmləkətdə hədəf olan bizlər heç vaxt küsməyi düşünmədik, bezmədik, getməyə hazırlaşmadıq. Çünki bu gün hamımızın qoyub getdiyi bu ölkə sabahın Əfqanıstanı, İranı və Allah bilir hansı cəhalətpərvərlərin bostanı olacaq.

Mən bütün səmimiyyətimlə hörmətli Çingiz müəllimin getməyini istəmirəm. Əksinə, Azərbaycana, onun problemlərinə, ağrılı-acılı məqamlarının üzərinə gəlməyini istəyirəm.

Çingiz Aytmatovu və Çingiz Hüseynovu təkrar oxumağa başlayıram. Necə olsa, həmişə bizimlə qalacaq Çingizlərdir..."

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR