Onlayn ictimai-siyasi qəzet
Elm siyasətdə ucuz populizm və demaqogiyanın qarşısını ala biləcək ən optimal vasitədir. Elmsizlik mühiti isə siyasətdə həqiqəti təhrif edir və yanlış stereotiplərin formalaşmasına səbəb olur. Odur ki, müasir dövrdə siyasi maarifləndirməni bilavasitə demokratik dəyərlərin təzahürü kimi qəbul etmək lazımdır. “Maarifləndirmə” sözü hər nə qədər köhnəlsə də, sözügedən məfhumun əhəmiyyəti və aktuallığı əbədidir. Siyasi maarifləndirmə müasir cəmiyyətlərdə ictimai ayıq-sayıqlığı təmin etmək iqtidarında olan əsas amillərdəndir. İnformasiya bolluğu, internetin əlçatanlığı və bəzən virtual məkanda yaşanan “vəhşi demokratiya” mühiti vətəndaşların ictimai ayıq-sayıqlığının qorunmasını vacib edir. Unutmayaq ki, məhz bu amil, eyni zamanda ölkədə siyasi sabitliyi şərtləndirən önəmli meyardır.
Siyasi maarifləndirmə kontekstində həssas hesab olunan bir məqam xüsusi olaraq vurğulanmalıdır. Belə ki, əhalinin siyasi maarifləndirilməsində maraqlı tərəf ilk növbədə iqtidar olduğu halda, radikal müxalifət isə əksinə, informasiya xaosunun marağındadır. Axı, informasiya xaosu qərəzli manipulyasiyalar üçün əlverişli şərait yaradır. Odur ki, əhalinin siyasi maarifləndirilməsində maraqlı tərəf ilk növbədə məhz iqtidardır. Və təsadüfi deyil ki, məhz elə buna görə də mühüm siyasi hadisələrlə bağlı önəmli mesaj və şərhləri cəmiyyətə bilavasitə Prezident İlham Əliyev özü verir. Obyektivlik naminə qeyd olunmalıdır ki, ölkənin siyasi ritorikasının məzmununu bilavasitə Prezident İlham Əliyevin çıxış və müsahibələri müəyyən edir. Sözügedən amil növbəti dəfə ölkəmizdə siyasi maarifləndirmənin müstəsna əhəmiyyətindən xəbər verir.
Digər tərəfdən isə qlobal güclərin ideoloji silahına çevrilmiş sərbəst internetin sayəsində “işıq sürəti” ilə yayılan məsuliyyətsiz, peşəkarlıqdan uzaq olan qərəzli şərhlər və həqiqəti əks etdirməyən informasiyalar səbəbindən əhalinin ictimai şüurunda dəyərlər, o cümlədən siyasi dəyərlər təhrif olunur. Əhalinin ictimai şüuru “zombiləşir”, yaşanan hadisələr isə yalnız “ağ” və “qara” rənglərlə təsvir olunur. Artıq heç kimə sirr deyil ki, informasiya müstəvisində aparılan müharibələr daha sonra real hərbi toqquşmalara da gətirib çıxarda bilir.
Odur ki, hər bir sıravi vətəndaşın ictimai təfəkküründə konkret siyasi hadisə ilə bağlı obyektiv təsəvvürlərinin yaşanması üçün siyasi maarifləndirmə amilinin rolu əvəzolunmazdır. Bilavasitə dövlətin ünvanlı təşəbbüsləri ilə sözügedən istiqamətdə aparılan maarifləndirmə işləri vətəndaşları yanlış və təhlükəli addımlardan sığortalayır, habelə günahsız vətəndaşın xain qüvvələrinin məkrli oyunlarda alət kimi istifadə olunmasının qarşısını alır.
Bəli, onu da unutmamalıyıq ki, əhalinin siyasi maarifləndirilməsi prosesində mətbuatın, siyasi şərhçilərin, eləcə də alimlərin rolu danılmazdır. Təsadüfi deyil ki, son dövrlərdə ölkənin informasiya kontentinin formalaşması prosesində alim və politoloqların rolu hiss olunacaq dərəcədə artmaqdadır. Əlbəttə ki, sözügedən proses yalnız ali siyasi iradənin mövcudluğunun nəticəsidir. İstisna olunmur ki, məhz siyasi təhlil və obyektiv şərhlərin sayının artması faktı xarici qüvvələrin əllərində “marionet kukla” kimi istifadə olunan xainlərin siyasi ritorikalarının daha da “azğınlaşmasının” səbəbidir. Çünki kütləvi şəkildə aparılan siyasi maarifləndirmə prosesləri populizm və demaqogiyanı ifşa edir. Əhalinin ayıq-sayıqlığı isə insanları sadəcə siyasi alət kimi istifadə olunmasını mümkünsüz edir.
Qeyd olunanlar müstəvisində COP29 kimi mötəbər tədbirin Bakıda keçirilməsi ilə əlaqədar dolaşan manipulyasiya xarakterli qərəzli məlumatlara xüsusi olaraq toxunmalıyıq. İlk növbədə onu vurğulamalıyıq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi qlobal tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi faktı beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Əlbəttə ki, sözügedən tədbirin Azərbaycanda keçirilməsi eyni zamanda Prezident İlham Əliyevinin artan beynəlxalq nüfuzunun təcəssümüdür. Odur ki, qərəzli tənqidlərin əsas səbəblərindən biri məhz qeyd olunan amildir.
Prezident İlham Əliyevin dövlət siyasətinin əsas xüsusiyyətlərini təhlil edən zaman biz aşkar şəkildə görə bilərik ki, Azərbaycanın dünyada qəbul olunmuş nüfuzlu beynəlxalq platformaya çevrilməsi dövlət başçının strateji prioritetidir. Sözügedən hədəfə nail olmaq üçün ötən illər ərzində müxtəlif istiqamətlərdə məqsədyönlü işlər aparılmışdır: siyasət, iqtisadiyyat, diplomatiya, ikitərəfli və çoxtərəfli münasibətlər, idman, humanitar müstəvidə əməkdaşlıq və s. Hamımız Prezident İlham Əliyevin hər bir növbəti beynəlxalq təşəbbüsü ətrafında qısqanclıq səbəbindən qərəzli manipulyasiyalar aparılmasının dəfələrlə şahidi olmuşuq. Ancaq zaman keçdikcə həmin təşəbbüslərin əhəmiyyətini və rentabelliyini görəndən sonra tənqid edən tərəflər belə həmin təşəbbüslərin iştirakçıları siyahısına daxil olmaq üçün cəhdlərini artırdılar.
Dünyada baş verən hadisələr, cərəyan edən müxtəlif proseslər, müşahidə olunan tendensiyalar və tüğyan edən beynəlxalq riyakarlıq onu deməyə əsas verir ki, hətta iqtisadi və hərbi potensial belə konkret dövləti “super güclərin” geosiyasi strategiyalarından xilas edə bilmir. Əksinə, artan potensial dövləti həmin “güclərin”in hədəfinə çevrilməsinə səbəb olur. Ona görə də müasir beynəlxalq münasibətlər sisteminin xüsusiyyətlərini nəzərə alaraq deyə bilərik ki, yalnız dünya üçün lazımlılığını sübut etməklə dövləti “super güclərin” “yırtıcı” məzmunlu maraqlarından qorumaq mümkündür.
COP29-un Azərbaycanda keçirilməsi eyni zamanda məhz sözügedən mühüm hədəfə xidmət edir. Odur ki, bu cür möhtəşəm tədbirlərin Azərbaycanda keçirilməsi ilə bağlı istənilən qərəzli informasiya “dələduzluğu” yalnız düşmənin əlinə su tökmək kimidir. Prezident İlham Əliyevin təşəbbüsləri ölkəni sözün hərfi mənasında əhəmiyyətli beynəlxalq platformaya çevirir. Bu cür siyasət Azərbaycanı siyasi seysmiklikdən qoruyan və gələcəyə xidmət edən ən böyük sərmayədir.
politoloq Asif Adil
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ