İnsanlara hürriyət, millətlərə istiqlal!

Çjounun “çmo” etdiyi 4 kişi və emosional ləçərliyi…

Çində Çjou soyadlı bir qadının əri ola-ola pul və hədiyyə üçün daha 3 kişiyə ərə getməsi barədə xəbər bizim psixoloqun telekanal efirində başlatdığı, şərti adı “emosional ehtiyacın ödənməsi” olan ictimai ajiotajla eyni günlərə təsadüf edib.

Belə anlaşılır ki, Çjounun coşması və birdən-birə biri passiv, üçü aktiv və həvəsli olan 4 kişiyə eyni zamanda arvadlıq etməsi heç də onun “həşəri pişiklər” fəsiləsindən olduğuna görə olmayıb. Qadının umacağı sadəcə pul və bahalı hədiyyələr olub. Onun 3 yeni ərdən qazandığı hədiyyə və pul-paranın miqdarı 660 min yuan təşkil edir.

Doğrusu, bu qədər yuanın bizim pulla nə qədər elədiyini oturub hesablamadım. Vaxt az idi. Yazını başa çatdırım, hesablayar, P.S.-də yazaram.

Xəbər verilir ki, Çjou Lo, Çjang və Xu soyadlı sevgililəri ilə iş yerində və internetdə tanış olub.

Bax, sonra da deyirlər, İnternetin ailələrin dağılmasında rolu olması barədə deyilənlər düz deyil. Görürsünüz? Hərçənd Çjou İnternetin imkanlarından ailə dağıtmaq üçün yox, yeni-yeni ailələr qurmaq üçün istifadə edib.

Fərasətli qadın yeni sevgililəri ilə bir neçə ay görüşəndən sonra, deyirmiş, məni alacaqsınız, variant yoxdur. Onlar da alırmışlar. Görünür, Çjou özünü aldırmaq üzrə uzman mütəxəssis olub.

Əməlli-başlı toy qurulurmuş. Qadın toyda öz qohumlarının rolunu oynamaq üçün aktyorlar dəvət edirmiş.

Sual çıxa bilər: sonra o, 4 kişini necə “çmo” edir və ya ya yola verirmiş? Əlbəttə ki, yalanlarla. Birinə deyirmiş, məni kursa göndəriblər, birinə deyirmiş, hamiləyəm, rayonda valideynlərimin yanına getmişəm, o birinə də başqa söz deyirmiş.

Amma məlum olduğu kimi, oğurluqla o biri işin ömrü 40 gün çəkir. Sonda 4 ərli Çjounun da kələyinin üstü açılıb – 40 günə olmasa da, 4 aya-filana. İndi onu tutublar və dələduzluğa görə 10 il iş verəcəklər.

Bizim meyarlarla götürsək, qadın yaxşı qurtarıb. Bu paralellərdə olsa, birdən-birə 4 kişinin papağını yerə soxduğuna görə, başını salamat saxlaya bilməzdi. Mütləq ərlərindən biri onu xosunvay edər, 10 il iş alar, gedib girərdi türməyə.

Görünür, Çində belə haqq-hesablara qeyrət-namus məsələsi kimi baxmırlar, dələduzluq, kələkbazlıq hadisəsi kimi baxır, dəymiş maddi ziyanın ödənilməsini tələb edirlər.

İndi elə çıxmasın ki, öz ölkəmizdə o qafada olan qadınlar yoxdur. Hər ölkədə olduğu kimi, əl-əlbət, buralarda da var. Amma birdən-birə 4 ər saxlamaq hadisəsi nadir vaqiədir və analoqu nəinki bu regionda, heç dünyada da yoxdur. Bu, rutin bir məişət hadisəsi olsaydı, dünya mediası buna önəm verməz, yazmazdı. İkiərli qadınlar hadisəsi yayğındır deyə, yalnız işin zibili çıxanda, morqa və həbsə adamlar düşəndə xəbər olur.

Bir cümləsi ilə böyük populyarlıq qazanan və bununla fəxr etməyə başlayan psixoloq isə dolayısı ilə (bəlkə də birbaşa) çinli qadının hərəkətinə haqq qazandırmış olur. Bu, bahalı hədiyyə müqabilində özünü hərraca qoymaq hadisəsidir.

Psixoloqu qınayanların arasında kişilərin daha çox olması bu üzdən idi. Heç də hamı ömür-gün yoldaşına 3 min manatlıq mobil telefon ala bilmir.

Gerçəkdən də, 3 min manatın 3 min dərdi var, onu eləcə 1 telefona verəndə düz gəlmir. Həm də guya adi adamlar üçün 300 manatlıq telefonla 3 min manatlıq cihazın nə fərqi var? İkisi ilə də danışmaq olur, ikisində də seriala baxmaq, mesaj göndərmək, mesaj qəbul etmək mümkündür. Bu da kömpüter deyil ki, daha bahalı olanlarda mürəkkəb proqramlar işlədəsən, Pentaqonun, Kremlin saytını dağıtmaq, “Mossad”ın, Mİ-6-nın məxfi portallarından məlumat oğurlamaq üçün yararlanasan.

“Alo, aaz, xəbərin oldu dəə” ilə başlayan söhbətlər edərək emosional ehtiyacını ödəyəcəksənsə, 3 min manatlıq telefona ehtiyac yoxdur. Buna görə ailə dağılacaqsa, o, ailə dağılsa, yaxşıdır. Onun çinli Çjounun qurduğu ailələrdən elə bir fərqi yoxdur.

Yenə də kim Çjou kimi ləçərliklər edərək, öz əndamından bahalı hədiyyələr qazanmaq, 5 manat irəli düşmək üçün istifadə edəcəksə, özü bilər, eləsin, amma bunu örnək edib xəlayiqin başını çöndərməsin. Təhlükəli işdir. 39-42-ci paralellərin kişilərinin başı bir az xarabdır, belə aldatmalarla üzləşəndə Çjan və ya Xu kimi polisin üstünə getmirlər, elə qələt qarışdırırlar ki, polis onların üstünə gəlir.

P.S. Çjounun “ərəgetmə” silsiləsindən qazandığı pul isə yuvarlaq götürsək, 152 min manatdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR