Onlayn ictimai-siyasi qəzet
Avropa Şurasının MONEYVAL Komitəsi Azərbaycanın 5-ci raund qarşılıqlı qiymətləndirmə hesabatını dərc edib.
Hesabatda Avropa Şurasının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə mübarizə orqanı MONEYVAL-ın Azərbaycanın Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) tərəfindən müəyyən edilmiş standartlarla uyğunluq səviyyəsinin hərtərəfli qiymətləndirilməsi həyata keçirilib. Qiymətləndirmə prosesinə 10 dövlət qurumunun, eləcə də özəl sektorun Cinayət yolu ilə Əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə ( bundan sonra ƏL / TMM) sahəsində 2015-2023- cü illəri əhatə edən fəaliyyəti nəzərdən keçirilib. Hesabatda ölkənin effektivlik göstəriciləri yüksək və uğurlu qiymətləndirilib. Azərbaycanda müvafiq qurumların terrorçuluğun maliyyələşdirilməsinə (TM) qarşı effektiv mübarizə apardığı qeyd olunub, eləcə də beynəlxalq əməkdaşlıq, digər ölkələrin maliyyə monitorinqi və hüquq-mühafizə orqanları ilə operativ məlumat mübadiləsi müsbət qiymətləndirilib. Ölkələr üçün yüksək məsuliyyətli proses olan MONEYVAL 5-ci raund qiymətləndirilməsi çərçivəsində qiymətləndirilmiş 29 ölkənin 9-u beynəlxalq tələblərə əhəmiyyətli dərəcədə cavab vermədiyi üçün FATF-ın xüsusi monitorinqi rejiminə cəlb edilib və onlardan 6-sı (Bolqarıstan, Xorvatiya, Cəbəllütariq, Albaniya, Malta, Serbiya) bir il ərzində nöqsanları aradan qaldıra bilmədiyi üçün problemli ölkələrin “boz siyahı”sına daxil edilib. Azərbaycan isə müvafiq sahədə düzgün əlaqələndirmə və aparılan islahatlar nəticəsində bu ağır prosesdən uğurla keçərək beynəlxalq tələblərə əhəmiyyətli dərəcədə cavab verən ölkələr sırasında yer alır.
Azərbaycan Respublikası Auditorlar Palatası Şurası yanında Cinayət yolu ilə Əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə ( bundan sonra ƏL TMM) komitəsinin yeni sədri (iqtisadçı ekspert) Elçin Qurbanov Musavat.com-a açıqlamasında Avropa Şurasının MONEYVAL Komitəsinin bu dəyərləndirməsini müsbət hal kimi qiymətləndirib.
O həmçinin qeyd edib ki, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi yalnız beynəlxalq reytinq üçün deyil, özümüz üçün daha çox lazımdır. “ƏL TMM haqqında qanunvericiliyin təkmilləşdirilməsi, qanunun tətbiq dairəsinin genişləndirilməsi , dövrün tələblərinə daha müfəssəl şəkildə uyğunlaşdırılması, hüquqi-siyasi diskriminasiya hallarının aradan qaldırılması və məqsədə çatmaq üçün münasibətlərin müfəssəl şəkildə hüquqi nizama salınması işi bu gün də öz həllini gözləyən məsələdir. İqtisadi nəticələrə köklənən fəaliyyətlərin sferası genişləndikcə həm qanunvericiliyin , həm də icra mexanizminin təkmilləşdirilməsinə zərurət yaranır. Lakin problemin daimi işə çevrilməsi ilə həll edilməsi arasında çox böyük fərqlər var”, - deyə Elçin Qurbanov bildirib.
İqtisadçı ekspert xatırladıb ki, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə haqqında Azərbaycan Respublikası Qanunun tətbiq subyekti dairəsi monitorinq olunmalı əməliyyatların subyektlərini özündə ətraflı ehtiva edir: “Təcrübə göstərir ki, çirkli pulların leqallaşdırılması ilə mübarizə aparmaq üçün yalnız əmlakın əldə edilməsi ilə deyil, həm də həmin əmlakdan istifadə imkanları ilə mübarizə aparmaq lazımdır. ƏL TMM məqsədləri üçün mən hansısa gömrük orqanı əməkdaşının xarici ölkədən qayıdan vətəndaşımızın öz övladı üçün gətirdiyi oyuncağa görə izahat almağının deyil, rüşvət alan məmurun əldə etdiyi qanunsuz gəlirin ( əmlakın) təhlükəliliyini, sosial iqtisadi inkişafa nə qədər mənfi təsir göstərdiyini, əsas diqqət yönəldilməli problem olduğunu, qarşısının alınması yollarını diqqətə çatdırmaq istəyirəm. Nəzərə almaq lazımdır ki, çirkli pulların əsas yaranma mənbələrindən biri rüşvət və korrupsiyadır. Hətta narkotik vasitələrin qanunsuz dövriyyəsi, silah alveri ( kütləvi qırğın silahları) bu və ya digər cinayətləri araşdırsaq arxasında rüşvətlə alınmış , vəzifə və səlahiyyətlərindən sui istifadə edən məmur kütləsi olduğuna şahid olarıq. Çirkli pullar münbit şəraitin olduğu yerdə leqallaşdırılır. Bildirmək istəyirəm ki, ƏL TMM məqsədləri üçün əsas obyekt rüşvət və korrupsiya hüquqpozmalarıdır. Çirkli pulların leqallaşdırılması sxemləri isə bəlli fəaliyyət sferasını əhatə edir. Əgər cinayət üçün zəmin və şərait varsa, bu hökmən baş verəcək. Ona görə də baş vermiş cinayətin nəticələri ilə mübarizə aparmazdan əvvəl zəmin və şəraitin aradan qaldırılması vacibdir”.
Elçin Qurbanovun fikrincə, yalnız nəticələrlə mübarizəni dövlətin daimi işinə çevirmək sağlam fəaliyyət ola bilməz: “Çünki belə mübarizə forması cinayətlərin halqasını daha da genişləndirir. Hüquq obyekti olaraq həmişə konkret ictimai münasibətlər nəzərə alınır, onlar isə nəticələrlə xarakterizə olunur. Məsələ birdəfəlik həll olunmalıdır. Məsələni obrazlı şəkildə təsvir etsək problemə “xəstəlik varsa, dərman da var” prizmasından yanaşmaq düzgün yanaşma deyil. Əhəmiyyətli olan odur ki, nə xəstəlik olsun, nə də dərman. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması üçün şərait yoxdursa zəmin də öz təsirini itirər. Təsəvvür edin ki, bir yaramaz rüşvətxor məmur qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə topladığı pul vəsaitlərini nə xərcləyə, nə biznes sferasında leqallaşdıra, nə hər hansı daşınan və daşımaz əmlak şəklində istifadə edə, nə də xaricə daşıya bilir, deməli belə əmlakın əldə edilməsi heç bir məna kəsb etməyəcək”.
Bəs gəlir və xərclər barədə hesabatlılıq tətbiq olunana qədər nə etmək lazımdır?
Həmsöhbətimizin bununla bağlı konkret təklifləri var:
“Əvvəla, azad biznesin, liberal iqtisadiyyatın, İnvestisiya mühitinin təmin edilməsi çirkli pulların leqallaşdırılması üçün münbit şərait yaratmamalıdır. Təcrübəmə əsaslanaraq qeyd etməliyəm ki, cinayət yolu ilə əldə edilmiş əmlakın biznes sferasında istifadəsi üçün onlar adətən kapital xarakterli əməliyyatlara yönəldilir. Bəzən iri həcmli layihələrə şərti dəyər ifadə edən ilkin kapitalla başlayırlar. Aralıq dövrlərdə cəlb olunan investisiyaların isə nə mənbələri bəlli olur, nə də hesabatlılığı təmin edilir. İstənilən şəxs çirkli pullarını leqallaşdırmaq imkanı qazanır. Ona görə də istənilən investisiya monitorinq olunmalı, əməliyyatlara aid edilməlidir. Əlbəttə ki, maliyyə resursları və kapitalı barədə rəsmi hesabatlı olan hüquqi və fiziki şəxslərə aid deyil. Digər hallarda isə investisiya əməliyyatları monitorinqdə iştirak edən digər şəxslər hesab olunan auditorlar tərəfindən yoxlanmalıdır. Auditorların geniş məlumat əldə etmək, investiysiyalar barədə öz rəylərini qanuni və iqtisadi əsaslarala təsbit etmək üçün informasiya resurslarına çıxış imkanları təmin edilməlidir. İstənilən investisiya auditin subyekti olmalıdır. Əgər investisiyalar rəsmiləşdirilərsə, monitorinq olunarsa, ölkədə qiymətli kağızlar bazarında da ciddi canlanma baş verər. Belə olarsa kommersiya subyektlərinin iri layihələrinə geniş ictimaiyyət də qoşula biləcək. Çirkli pulların dövriyyəyə buraxılmasının qarşısını almaqla emitentlərin artmasına və çoxsaylı müəssisələrin səhmləşmə prosesinə start verilə bilər. Məhdud məsuliyyətli cəmiyyətlər ictimai əhəmiyyətli kommersiya qurumlarına çevrilə bilər. Mülkiyyət və təşkilati hüquqi formasının səhmdar cəmiyyətə çevrilməsi isə maliyyə vəziyyəti barədə məlumatlarının ictimailəşdirilməsi məcburi olan kommersiya təşkilatlarının meydana gəlməsi deməkdir. Bu da ölkədə biznes sferasında şəffaflığın və hesabatlılığın təmin edilməsi , həm də vətəndaşların biznes sahəsində divident gəlirləri üçün şərait yaratmış olar. Qoy öz kommersiya imkanlarını genişləndirmək üçün təşkilatlar daha çox ictimai maliyyə resurslarında faydalansınlar. Ölkə iqtisadiyyatına ictimaiyyət də töhfə versin. İctimai nəzarət də artsın. Belə hallarda şəffaflığın təbii formada bərpa olunması üçün də şərait yaranır. Çünki payçılar şəffaflığın təmin olunmasına maraqlıdırlar və hesabatlılığın təmin olunmasını kütləvi tələb edəcəklər. Hesab edirəm ki, cinayət yolu ilə əldə edilmiş əmlakın dövriyyəyə giriş imkanlarının məhdudlaşdırılması həm korrupsiya cinayətlərinin kökünün kəsilməsinə, həm vətəndaşların biznes sahəsində fəaliyyətinin təşviq edilməsinə, sosial vəziyyətinin yaxşılaşmasına, dövlətin sosial yükünün azalmasına, qiymətli kağızlar bazarının canlanmasına, gələcəkdə divident gəlirlərindən vergi daxilolmalarının artmasına, beləliklə şəffaf iqtisadi mühitin formalaşdırılmasına şərait yaranmış olar. Əlbəttə gələcəkdə mülkiyyətə deyil, mənəviyyata, əxlaqa və həqiqi yaradılış məqsədinə xidmət edən daha kamil cəmiyyət və ictimai quruluş təşəkkül tapana qədər”.
Elçin Qurbanov fikrini belə yekunlaşdırıb: “Biz çirkli pulların leqallaşdırılmasının qarşısını almaqla sıçrayışlı sosial iqtisadi inkişafa nail ola bilərik”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ