Onlayn ictimai-siyasi qəzet
Çindəki kiçik regional banklar Rusiyadan ödənişləri qəbul etməkdən imtina etməyə başlayıblar.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı The Moscow Times yayıb. Nəşrə danışan “Birinci Qrup” ASC-nin baş direktoru Aleksey Poroşi bildirib ki, böyük banklar ikincili sanksiyalara görə Rusiya biznesinə maliyyə xidməti göstərməyi dayandıqdan sonra bütün nəzərlər kiçik banklara yönəlmişdi.
Hələ may-iyun aylarında yerli kredit təşkilatları Rusiya biznesi ilə işləyirdi və ödənişlər nisbətən sabit idi, lakin iyulun 20-dən etibarən ödənişlər faktiki olaraq dayandırılıb.
Impaya Rus şirkətinin kommersiya direktoru Aleksey Razumovskinin sözlərinə görə, Çin banklarının 98 faizindən çoxu Rusiyadan birbaşa əməliyyatları qəbul etməkdən imtina edir. Bu, Rusiyaya malların tədarükü ilə bağlı problemlərə və qiymətlərin artmasına səbəb ola bilər.
Ekspertlər Çindəki regional bankları Rusiyadan olan şirkətlər üçün “ehtiyat aerodrom” hesab edirdilər. İndi Rusiya biznesi üçüncü ölkələr vasitəsilə işləməyə çalışır. Rusiyadan olan şirkətlər çox vaxt Honq-Konq bankları vasitəsilə Çinə ödənişlər göndərirlər, lakin bəzi Çin kredit təşkilatları onlarla da vişləməkdən imtina edirlər.
Bundan əvvəl Qərb ekspertləri rusların Çinlə ticarət aparmasının getdikcə çətinləşdiyini bildirmişdilər. Yuanla birbaşa ödənişlərin dondurulması və ya gecikdirilməsi səbəbindən Asiya ölkəsi ilə ticarət əslində Rusiya ixracatçıları üçün qumara çevrilib.
Ötən həftə Rusiya Mərkəzi Bankının rəhbərliyi ölkədə çox ciddi yuan çatışmazlığı yarandığını etiraf etmişdi.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ