İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov ATƏT-in baş katibi ilə GÖRÜŞDÜ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

Bu barədə Musavat.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, bölgədəki mövcud vəziyyət, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Avropada təhlükəsizliyin ciddi çağırışlarla üzləşdiyi hazırkı dövrdə beynəlxalq hüquq normalarının, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi prinsiplərin qeyd-şərtsiz tətbiqinin təşviq edilməsinin vacibliyi qeyd olunub.

Nazir postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə qarşı tərəfi məlumatlandırıb. İlk növbədə keçmiş işğal dövrünün qalıqları olan strukturların ləğvinin ATƏT-in fəaliyyətinin effektivliyi, habelə regional reallıqlara uyğun şəkildə işin təşkili baxımından vacibliyi vurğulanıb.

Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatından bəhs edən nazir C.Bayramov, Ermənistan Konstitusiyasında və digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarının davam etdirilməsinin prosesə maneə olduğu diqqətə çatdırıb.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

***

18:32

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyada Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

Musavat.com xəbər verir ki, o, bu barədə "X"də yazıb.

"F.Sinirlioğlunu bu məsul vəzifəyə təyin olunması münasibətilə təbriklərimizi və xoş arzularımızı çatdırdıq. Biz münaqişədən sonrakı regional vəziyyət fonunda Azərbaycanın ATƏT-in roluna necə baxdığını və keçmiş münaqişənin qalıqları olan Minsk prosesi ilə bağlı strukturların dağıdılmasının vacibliyini qeyd etdik", - C.Bayramov bildirib.

Qeyd olunub ki, nazir ATƏT Baş katibinə Azərbaycan-Ermənistan arasında normallaşma prosesi barədə məlumat verib. Həmçinin Ermənistanın Konstitusiyasında və digər hüquqi sənədlərdə ərazi iddialarının davam etməsindən, eləcə də sürətli hərbi güclənmədən narahatlıq ifadə olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Fevral 2025

15 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR