İnsanlara hürriyət, millətlərə istiqlal!

Çexiyanın Xarici İşlər Nazirliyinin sirli tarixlərə şahidlik etmiş binasından REPORTAJ  

 

İlk prezidentin oğlu bu binada niyə intihar etmişdi və ya öldürülmüşdü?

Praqanın Loretan meydanında yerləşən, erkən barokko üslubunda tikilən məşhur Çernin sarayı 1934-cü ildən etibarən həm keçmiş Çexoslovakiyanın, həm də hazırkı Çex Respublikasının Xarici İşlər Nazirliyinin qərargahı kimi fəaliyyət göstərir. Nazirliyin inzibati bölmələrinin böyük hissəsi burada yerləşir. Saray, həmçinin Çernin bağı ilə birlikdə mədəni irs abidəsi kimi qorunur və Praqadakı ən böyük barokko tikililərindən biri hesab olunur.

Sarayın görkəmi və onun necə qorunduğu xüsusilə təqdirə layiqdir. Çexlərin bu qiymətli mədəni irsi necə qoruyub saxladığına heyran qalmaq olar. Sarayın tarixi isə olduqca zəngindir. 1664-cü ildə avstriyalı diplomat, qraf Humprext Yan Çernin tərəfindən tikilən bu saray adını məhz onun adından alıb.

Saray bir neçə dəfə müharibələrdən və təbiət hadisələrindən zərər görüb. 18-ci əsrin 40-cı illərində Avstriya mirası uğrunda müharibə zamanı zədələnib, 1757-ci ildə isə Prussiya artilleriyası tərəfindən daha da zərər görüb. Bu səbəbdən saray gec barokko üslubunda bir neçə yenidənqurma və əlavə rekonstruksiya işlərindən keçib. İkinci Dünya müharibəsi dövründə isə nasistlər tərəfindən sarayda dəyişikliklər aparılıb.

1777-ci ildən sonra saray öz ilkin funksiyasını itirərək müxtəlif məqsədlər üçün istifadə olunub. O, bir müddət xəstəxana və aptek, yoxsullar üçün sığınacaq, kirayə evi, emalatxana, kazarma və incəsənət qalereyası kimi fəaliyyət göstərib.

Sarayın müasir dövr tarixi də qaranlıq bir keçmişə malikdir. 1939-1945-ci illərdə Almaniya işğalı zamanı Çexiya və Moraviya protektoratının alman idarəçisi burada yerləşirdi. 10 mart 1948-ci ildə isə Çexiyanın xarici işlər naziri Yan Masarik naməlum şəraitdə ölü tapılıb.

Xatırladaq ki, Yan Masarik (1886-1948) — Çexoslovakiya Respublikasının tanınmış siyasətçisi və diplomatı olub. O, Çexoslovakiyanın ilk prezidenti, ölkənin milli azadlıq hərəkatında mühüm rol oynamış Tomaş Masarikin oğludur.

Yan Masarik II Dünya müharibəsi dövründə, Çexoslovakiya Almaniya tərəfindən işğal edildikdən sonra mühacirətdə idi və sonra ölkənin müstəqilliyinin bərpası üçün mübarizə aparıb.

Onun ölümü bu günə qədər də tam aydın deyil. Rəsmi versiyaya görə, o, intihar edib, amma bu hadisə çoxlu mübahisələrə səbəb olub. Bəzi tarixçilər və mütəxəssislər hesab edir ki, Masarik siyasi səbəblərlə öldürülüb. O zaman Çexoslovakiyada kommunistlərin hakimiyyətə gəlməsi və Sovet İttifaqı ilə yaxınlaşma prosesi gedirdi, bu da onun ölümü ilə bağlı çoxsaylı teoriyaların yaranmasına səbəb olub. Masarikin ölümünün şübhəli şəraitdə baş verməsi, ona qarşı olan siyasi təzyiqlər və mübahisələr bu hadisənin hələ də açıq qalmasına gətirib çıxarıb.

Hazırda sarayın otaqları nazirlik üçün ofislər və qəbul otaqları kimi istifadə olunur. Eyni zamanda bəzi zallar ictimai tədbirlər və rəsmi mərasimlər üçün açıq saxlanılır. Sarayın əsas zal və otaqları aşağıdakılardır:

Mərasim zalı. Sarayın ən böyük və təmtəraqlı otaqlarından biri olan Mərasim zalında dövlət tədbirləri, rəsmi görüşlər və qəbul mərasimləri keçirilir. Zalda incə tavan rəsmləri, bəzəkli freskalar və barokko üslubunda heykəllər diqqəti cəlb edir. 

Yan Masarik otağı. Burada Masarikin şəxsi əşyaları və tarixi sənədləri saxlanılır. Otaq, onun müəmmalı ölümü ilə bağlı tarixi hadisənin şahidi kimi tanınır.

Diplomatik zallar. Diplomatik görüşlər və rəsmi danışıqlar üçün nəzərdə tutulmuş bir sıra zallar mövcuddur. Bu otaqlarda qədim mebellər və rəsm əsərləri qorunub saxlanılır.

Konfrans zalı. Müasir dövrdə beynəlxalq görüşlər və diplomatik tədbirlər üçün istifadə olunan Konfrans zalı texnoloji avadanlıqlarla təchiz edilib.

Kitabxana otağı. Sarayın qədim kitab kolleksiyalarını ehtiva edən kitabxana otağında diplomatik sənədlər və tarixi əlyazmalar saxlanılır.

Muzey otaqları. Sarayın tarixini və onun keçmiş sakinlərini əks etdirən eksponatlar burada sərgilənir. Çernin ailəsinə aid rəsmi portretlər və əşyalar nümayiş olunur.

Beləliklə, Çernin sarayı yalnız tarixi və memarlıq baxımından əhəmiyyətli deyil, həm də diplomatik əlaqələrin inkişafı və mədəni irsin qorunması baxımından mühüm rol oynayır.

 

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR