Onlayn ictimai-siyasi qəzet
Yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. Hər ilin bu çağında valideynlərin ən böyük qayğısı övladlarını məktəbə hazırlamaq olur. Məktəbli çantasını, dəftər-qələmini, geyimini tamamlamaq üçün bazarlara üz tutan valideynlər bu il də tanış mənzərə ilə qarşılaşıblar – qiymətlər bahadır, cib isə əvvəlki qədər dolu deyil.
İnsanların dilində bir sual dolaşır:
“Utanmadan övladımı məktəbə yola sala biləcəyəmmi?”
Musavat.com-un əməkdaşı paytaxtın müxtəlif satış məntəqələrində müşahidələr apararaq real mənzərəni öyrənib.
İlk dayanacaq məktəbli çantaları oldu. “8-ci kilometr” bazarı ətrafında bu əşyaları digərlərindən xeyli ucuz tapmaq mümkündür. Burada çantalar 15 manatdan başlayır, 40 manata qədər yüksəlir. Əlbəttə, qiymət keyfiyyətə görə dəyişir. Tanınmış mağazalara baş çəkdiyimizdə isə mənzərə tamam başqadır – çantalar 119-122 manatdan başlayır, endirimlərlə təklif olunsa da, 200-300 manata qədər yüksələn modellərə də rast gəlinir. Demək olar ki, hər zövqə və cibə uyğun çanta var, amma ucuz və keyfiyyətli seçim tapmaq müşkülə dönüb.
Dəftərlərin qiyməti də oxşar mənzərə yaradır. Bazarlarda 12 vərəqli dəftər 25 qəpiyə, 40 vərəqli 40 qəpiyə, 100 vərəqli isə 90 qəpiyə satılır. Xüsusi mağazalarda isə qiymətlər bir qədər dəyişir – 60 vərəqli dəftəri 65 qəpiyə, 40 vərəqlini isə 45 qəpiyə tapmaq mümkündür. Rəsm albomlarının bazar qiyməti 1–3 manat arası dəyişir, mağazalarda isə 3 manata satılır. Rəngli karandaşlar bazarda 24 rəngli dəsti 5 manata təklif olunur, mağazalarda isə 3 manat 30 qəpikdən başlayıb 6 manata qədər yüksəlir. Say şotkasını ən ucuz halda 2 manat 40 qəpiyə, qələmləri isə keyfiyyətinə görə 20 qəpikdən 2 manata qədər tapmaq olar. Ağardıcılar 90 qəpik, termoslar isə 10–15 manat arası qiymətlə satılır.
Məktəbli geyimlərinin qiymətlərini öyrənmək üçün “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən mağazalara da baş çəkdik. “Pumba Kids”də qiymətlər nisbətən əlçatandır. Satıcı deyir ki, ölçülər 4–5 yaşdan 17–18 yaşlı uşaqlara qədər mövcuddur. Məktəb koftaları 9.99 manatdan başlayır, şalvar və ətəklər 19.90 manata, jiletlər 22.80 manata, jaketlər isə 27.80 manata təklif olunur.
Satıcı iddia edir ki, qiymətlər ötən illə müqayisədə endirilib. Yaxınlıqdakı digər bir mağazada isə qiymətlər xeyli yüksəkdir. Burada malların Türkiyədən gətirildiyi, keyfiyyətin fərqli olduğu vurğulanır. Qısaqol köynəklər 18, uzunqol köynəklər 19 manata, şalvarlar 32–45 manat arası, ətəklər 30–40 manata, jaketlər 30–35 manata satılır. Ayaqqabılar isə 25–30 manat civarındadır. Satıcının sözlərinə görə, gömrük xərcləri artsa da, qiymətlər dəyişməyib.
“Buratino” mağazasında isə əsasən Çin istehsalı mallar satılır. Satıcı bildirir ki, bu il bəzi məhsullara endirim edilib. Məsələn, köynəklər 7.90 manatdan başlayaraq 16.30 manata qədər dəyişir. Ətəklər 22.90 manata, lakin endirimli modellər 14.90 manata tapılır. Şalvarların qiyməti ölçüsündən asılı olaraq 25.20 və 32.90 manat arasında dəyişir. Jaketlər isə 9.90 manatdan başlayıb 25 manata qədər yüksəlir.
Burada alış-veriş edən valideyn deyir:
“Əslində keyfiyyət super deyil, amma uşaq böyüyür, geyim bir ildən artıq getmir. Bahalı alsaq da, sabah kiçilib qalacaq. Məcbur olub ucuzunu seçirik”.
Başqa bir valideyn isə uşaqlarının arzuları ilə real imkanları arasında qaldıqlarını gizlətmir:
“Oğlum deyir ki, sinif yoldaşında filan markalı çanta var, mən də istəyirəm. Mən necə izah edim ki, onu almağa imkanımız çatmır? Uşaq da inciməsin, həmyaşıdları yanında xəcalətli qalmasın deyə, borc da olsa, alırıq”.
Üç uşaq oxudan başqa bir ata isə hesablamanı belə aparır:
“Orta hesabla hər uşağa 200 manata yaxın xərc çıxır. Üç uşaq üçün bu, 600 manat edir. Maaşım isə 750 manatdır. İndi siz deyin, necə çətinliklərlə üzləşirik”.
Bütün müşahidələrdən sonra ortaya çıxan nəticə budur ki, bir uşağın məktəbə tam şəkildə hazırlanması üçün ən azı 150–200 manat tələb olunur. Daha keyfiyyətli və markalı məhsullara üstünlük verən valideynlərin isə xərci qat-qat artır. Beləliklə, yeni dərs ili təkcə şagirdlər üçün yeni biliklər demək deyil, həm də valideynlərin cibinə əlavə yük, ailə büdcəsinə ciddi sınaq deməkdir.
Şahanə Rəhimli
Musavat.com
03 Sentyabr 2025
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ