İnsanlara hürriyət, millətlərə istiqlal!

Çətənə tarlalarında məhsuldar “artsax” sortu

 

10 il əvvəldən başlayaraq mətbuatımızda tez-tez belə məlumatlar gedirdi ki, ermənilər işğal etdikləri Qarabağın dağətəyi və düzən yerlərində narkotik plantasiyaları salıblar.

Üçü inanırdı, beşi inanmırdı, amma hiss olunurdu ki, məlumat mötəbər mənbədən sızıb gəlib. And içənlər vardı, deyirdilər, ermənilər eynilə Əfqanıstandakı kimi geniş tarlalarda çətənə əkib-becərirlər, hektardan məhsuldarlığına görə onlardan da yaxşı nailiyyətlər əldə edirlər, hətta ola bilər ki, bir beşillikdə iki beşilliyin planını yerinə yetirirlər.

İndiki cavanlar “bir beşillikdə iki beşillik planı yerinə yetirmək” söhbətini bilməzlər. Uzun söhbətdir. Amma indiki Z nəslinə mənsub cavanlar çətənə, marixuana kimi şoqəribləri, namxuda, bizim X nəslinə aid adamlardan daha yaxşı bilirlər. İkiqat məhsul deməkdir bu. (Yeri gəlmişkən, “Z nəsli” “Zay nəsil” demək olmadığı kimi “X nəsli” də “Xarab nəsil” demək deyil).

Qarabağ torpağını elə-belə bilməyin. Bərəkətli torpaqdır, nə əksən bitir. Bax, Hindarx o torpağın bir hissəsidir, amma görün nə boyda şöhrəti var.

Ona görə də o vaxt ermənilər o bərəkətli torpaqlardan səmərəli istifadə etmək qərarına gəliblər. Durub yonca və qarğıdalı əkəsi deyildilər ki? Vəngin eşşəklərinə, Xramortun donuzlarına öz kəndlərindəki yonca və qarğıdalı sahələri bəs edərdi. Amma region ölkələrinin artan marixuana tələblərini də qarşılamaq lazım idi.

Sentybarın 28-dən bəri artıq Xankəndi ətrafında artıq üçüncü marixuana plantasiyası aşkarlanıb. O plantasiyalardan ən böyüyü Sırxavənddə aşkarlanmışdı. “Aşkarlanmışdı” deyəndə, bu da mina deyil ki, cihazla aşkar edəsən, ağzında plantasiya deyirsən, 10 hektarlıq yaşıllıqdır, gendən çağırır. Uzaqdan elə bilirsən, qarğıdalı sahəsidir, deyirsən, gedib beş-altı sütül dərərəm, gəlib, görürsən, pah, meşədir, sərvətdir.

Sonra Xocalının Təzəbinə və Şuşanın Quşçular kəndində də eyni plantasiyalar tapıldı və məlum oldu ki, sağolmamışlar bu işlə ciddi məşğul imişlər. Yəqin ki, hələ onların 3 il əvvəl işğaldan azad olunmuş Füzuli, Cəbrayıl və Zəngilanda da plantasiyaları olub. Düzünə qalsa, yolumuz ora düşəndə şumlanmış, malalanmış, əkinə, səpinə hazır vəziyyətə gətirilmiş geniş tarlalar görmüşdük və elə zənn etmişdik ki, yaramazlar burada taxıl əkməyə hazırlaşırmışlar. Kim bilir, nə əkəcəkmişlər...

Əslində Füzulinin elə arxaltı kəndləri vardı ki, orada bu andır özü bitirdi. Camaat onun nə olduğunu bilmirdi, ot-ələf kimi bir işə yaramadığına görə onları kəsif iyli və zəhərli kəndalaş kolunun başqa bir növü bilib məhv edirdilər. Bir simsar adam bu yaxınlarda telekanalda kriminal verilişdə marixuanaya aid xəbər süjet görüb, qoparılıb yandırılan bitki tanış gəlib, deyib, vay dədə, mən bu alağı yolub atmaqdan təngə gəlmişdim, heç demə, pulları cırıb havaya atırmışam. Əmisi oğlu da ona deyib ki, çətənəni tanıyıb bir qalet (peçenye) yeyən deyildin, ara yerdə türməyə düşüb nəslin başına töhmət qoyacaqdın, kiri.

Xüləs, ermənilər isə qorxusuz-ürküsüz gen tarlalarda çətənənin məhsuldar “artsax” sortundan əkib-becərirmişlər, çox güman ki, emal da edirmişlər, təmiz heroin əldə edib, istehlakçılara çatdırırmışlar. Mümkündür ki, İran tərəfdən bizim ölkəyə də keçirirmişlər, həm pul qazanmaq, həm də gənclərimizi zəhərləmək üçün.

Deyilənə görə, beynəlxalq terrorizmin, qanunsuz “dövlət”lərin dolanışıq yeri məhz narkotik maddələr istehsal etməkdir. Belə işlər qarğıdalı əkməklə başa gəlmir. 100 qarğıdalı kolundansa bir çətənə kolu faydalıdır, daha çox gəlir gətirir.

Bu bitkinin hesabına dolanan ölkələr var, məsələn, Kolumbiya, Peru, Ekvador, Əfqanıstan. Tacikistanda bu sektor üzrə yaxşı təsərrüfatçılar, aqronomlar, briqadirlər yetişib.

İndi maraqlısı odur ki, bu qədər plantasiya tapılandan, eninə-uzununa videosu çəkiləndən sonra eyzən Əfqanıstandakı tarlaları göstərən Avropa mediası bu xüsusda susur. O plantasiyalar bizə aid olsaydı, o başqa məsələ, onda qırğın-qiyaməti görərdiniz.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR