İnsanlara hürriyət, millətlərə istiqlal!

Çəpərdən hoppanan 66 yaşlı missis və Avropa İttifaqının missiya oyunu

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə dünya liderləri Braziliyada keçirilən “İyirmilik qrupu” (G20) sammitində görüşüblər.

Sonra da 66 aylı bu “növcavan” Kopakabana şəhər çimərliyində çəpərin üstündən ayağını aşırıb digər tərəfə keçib ki, onun bu qeyri-adi istedadı dünyada dastan olub. Mən də həmin kadrlara baxdım. Açığı, xanım Ursulanı əhvalı təlx görmədim, kefi yerindəydi və heç rəhbərlik etdiyi təşkilatda problemləri olana bənzəmirdi.

Bütün bunları nəyə görə qeyd edirəm? Axı, Ursula fon der Lyayen bir neçə gün əvvəl Bakının evsahibliyi ilə işə başlayan tədbirdə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməyəcəyini açıqlamışdı. Səbəbini də belə izah etmişdi ki, “Brüsseldə baş verən siyasi hadisələr səbəbindən Azərbaycanın paytaxtı Bakıda keçiriləcək COP29 sammitini buraxacaq”. Sən demə, “Orada Avropa İttifaqının qanunvericiləri növbəti beş il ərzində Aİ-nin siyasətinin hazırlanmasına rəhbərlik edəcək yeni Avropa Komissiyasının üzvlərini yoxlayır” və “Komissiya keçid dövründədir, buna görə də sədr öz institusional öhdəliklərinə diqqət yetirəcək”. Hər halda Avropa Komissiyasındakı mənbə mətbuata belə bir cəfəngiyyatlar söyləmişdi. Nə oldu? COP-a gələndə “keçid dövrü” olur, F20-də isə nəinki keçid olmur, üstəlik, Ursula xanım keçiddən keçməyə lüzum görməyib, hasarın üstündən aşır?

Bax, budur, Avropa “dəyərləri”, Avropa təşkilatlarının “səmimiyyəti” və nəhayət, çoxüzlü siyasəti. Görün, özlərini nə günə qoyublar ki, hətta vaxtaşırı qeyri-adekvat davranışları ilə medianın gündəminə gələn Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova da özünün “Telegram” kanalında avropalı komissar xanımın çəpər üstündən aşmasını ironik şəkildə paylaşıb.

MARİYA.jpg (82 KB)

Rio-de-Janeyroda keçirilən iclasa Braziliya 40-dan çox ölkəni dəvət etmişdi. Ursula fon der Lyayen “əli xamırlı” özünü yetirib oraya. Amma Azərbaycanın ev sahibliyi ilə keçirilən BMT tədbirində 80-dən çox prezident, baş nazir və digər rəsmi şəxslər iştirak edirdilər, amma dünyanın ən böyük tədbirində iştirak etməmək üçün bəhanə uydurdu xanım komissar. Baxmayaraq ki, bəşəriyyətin problemlərinə həsr olunmuşdu. Özü də “G20 ölkələri dünyadakı emissiyaların 80 faizinin yaranmasına cavabdehdir”. Bunu biz demirik, BMT-nin Baş katibi Antonio Quterreşin Bakıdakı çıxışındandır. Amma Avropa Komissiyasının rəhbəri dünyanı fəlakətə sürükləyənlərin cərgəsinə qoşulmağa üstünlük verdiyi halda, COP-a gəlmədi...

Çağırılmadığı halda bölgəyə gələn isə təkcə ermənipərəst konqresmen Frank Pallone deyil. 2022-ci ildə Ermənistana 40 nəfərlik missiya göndərən, sonradan onların qalma müddətini və sayını artıran Avropa Parlamenti dəstəsini yığışdırıb aparmağa tələsmir. Elə missis Ursuladan yazmışkən keçid edən Avropa missiyasına...

“Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidə missiyası həyata keçirən Avropa İttifaqı (Aİ) missiya başa çatdıqdan sonra 200-dən çox mülki müşahidəçinin burada qalıb-qalmayacağına hələlik aydınlıq gətirməyib”. Bu barədə Ermənistan mətbuatı yazıb. Aİ səfiri Vasilis Maraqos “Azadlıq Radiosu”nun sualını cavablandırarkən bildirib ki, hələlik yekun qərar yoxdur. “O, rəsmi İrəvanın missiya müddətinin uzadılması üçün müraciət edib-etməməsinə də aydınlıq gətirməyib: “Missiya müddətinin uzadılması ilə bağlı qərar hələ yekunlaşmayıb, lakin biz bu məsələ üzərində işləyirik. Bu, Ermənistan hakimiyyəti ilə müzakirə olunur”, - mətbuat yazısında bildirilir.

Avropa İttifaqının “mülki” adında cəsus şəbəkəsinin məram-məqsədi heç də bölgədə sabitlik yaratmaq deyil, gərginliyi artırmaqdır, bu, dəfələrlə sübuta yetirilib. Bu missiya Ermənistanın hansı təxribatının qarşısını alıb? Heç birisini! Nə Zəngilan istiqamətində, nə Naxçıvan bölgəsi boyunca, nə Zod tərəflərdə ermənilər silahın tətiyini çəkəndə “binokl diplomatiyası”nın üzvləri gözə görünməyib. Qulaqları bu qədər “kar”, gözləri “kor”, dilləri “lal” olanların sabitliyə hansı töhfəsi ola bilər?

Ona görə də Azərbaycan dövləti birmənalı şəkildə Aİ missiyasının Ermənistandan çıxarılmasını tələb edir. Özü də bu, təkcə Avropa İttifaqının deyil, həm də Kanadanın timsalında NATO kontingentinin hələ dəqiqləşdirilməyən şərti sərhədlər boyunca yerləşdirilməsi deməkdir. Olsa-olsa, Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya olunan 12-13 km-lik sərhəddə bir qrup müşahidəçi funksiyasını icra edə bilərdi, bunun üçün də 4-5 nəfər kifayət idi, daha 209 nəfər – hələ rəsmi açıqlandığına görə - yox!

Qeyd edək ki, Aİ müşahidəçiləri Ermənistanda 2023-cü ildə 2 il müddətinə yerləşdirilib, onların səlahiyyət müddəti 2025-ci ilin fevralında tamamlanır və Ermənistan müddətin uzadılması üçün müraciət etməsə, missiya başa çatacaq. Bu arada bildirilib ki, Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidə aparan missiyasının müddəti başa çatandan sonra onun uzadılıb-uzadılmayacağı hələ məlum deyil.

MİSSİYA.jpg (295 KB)

Prezident İlham Əliyev Belçika səfirini qəbul edən zaman bu məsələ ilə bağlı prinsipial mövqeyini bəyan edib.

İLHAMİ SON.jpg (55 KB)

Özü də kifayət qədər ciddi xəbərdarlıqdır:

“Ermənistanda Azərbaycanla sərhəddə yarıhərbiləşmiş “Avropa müşahidəçilər missiyası”nın fəaliyyəti davam edir. Bu missiya, demək olar ki, artıq hüdudlarını keçib. Belə ki, Azərbaycan  əraziləri məhz onlar tərəfindən bir müddət əvvəl izlənilib”.

Dövlətimizin başçısı xatırladıb ki, Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası “Avropa müşahidəçilər missiyasının” müddətinin Azərbaycanın  razılığı olmadan uzadılmasıdır: “2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, “binokl diplomatiyası” heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi”. Dövlət başçısı onu da bildirib ki, Avropa İttifaqı ilə təmaslarda bu məsələ qaldırılacaq. Yəni bu məsələ burada bağlanmayacaq, sonunadək gediləcək!

Bir müddət öncə Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev də Aİ missiyasından narazılıq ifadə etmişdi.

KARİM.jpg (56 KB)

General bu barədə ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçak ilə görüşdə danışarkən demişdi ki, şərti sərhədin Ermənistan ərazisində Avropa İttifaqının müşahidəçi missiyasının yerləşdirilməsi, habelə regiondan kənar bəzi ölkələrin, xüsusilə Fransanın Ermənistanı silahlandırmasının orada revanşist qüvvələrin baş qaldırmasına, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesinə əngəl yaratmaqla Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olur.

Kəsəsi, necə ki, ATƏT-in Minsk Qrupunun tarixin arxivinə göndərilən həmsədrləri, eləcə də Aİ-nin “mülki” adlı cəsus şəbəkəsi ilə bağlı maneə aradan qaldırılmalıdır! Sülhün qarşısını kəsən bütün sədlər kimi, bu “missiya”nı da yığışdırıb aparmalıdırlar! Azərbaycan üçün yeni “Ohanyan səddi” yaradıblar öz aləmlərində...

Ermənistan “odla-su arasında” qalıb, bilmir KTMT-dən qopsun, yoxsa Avropa İttifaqının missiyasından imtina eləsin. Tramp administrasiyası ilə bağlı münasibətlərin necə olacağını da həyəcanla gözləyirlər. Ən ciddi xəbərdarlıq isə Bakıdan verilib, sülhü istəyirsənsə, anlaşmaya xələl gətirəcək gizli əlaqələrdən imtina etməlisən! İki ölkə arasında hələ sərhəd dəqiqləşdirilməyibsə, bu, nə missiyadır belə?!

1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında terror nəticəsində həlak olan şəhidlərimizin ruhları şad olsun!

2020-ci ilin 20 noyabrında azadlığına qovuşan Ağdamımızın Şəhər Günü mübarək!

AGDAM SON.jpg (483 KB)

İlahi ədalət var, gec-tez haqqını tapır. Azərbaycana qarşı səf quran hər kəs cəzasını alacaq və peşman olacaqlar! 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR