Onlayn ictimai-siyasi qəzet
Məsəl var: camaata it hürəndə mənə çaqqal hürür. İndi bu minvalla bizə “sarsaq”lar hürürlər. Eməni mətbuatı “artsax xarici işlər nazirliyi”nin BBC-nin Azərbaycan xidmətinin Dağlıq Qarabağ hakimiyyətinin Ağdamdan keçən yolun açılmasına razılıq verməyə meyilli olması barədə xəbərini şərh etdiyini tirajlayıb. Nəşrin məlumatına görə, yaxın günlərdə tərəflər bu məsələ ilə bağlı Azərbaycanın Bərdə şəhərində görüşəcəklər.
Xatırladılır ki, bundan əvvəl “artsax prezidentinin mətbuat katibi” Lusine Avanesyan Ağdamdan Xankəndiyə gedən yolla bağlı hələ yekun qərarın olmadığını, müzakirələrin davam etdiyini deyib.
Doğrudan da əsl “çaqqal hürməsi”nə bərabər məsələdir. Bir dəstə çaqqal özünün “sarsaq”ını elan edib, hələ də xam xəyallardan əl çəkmək istəmir, üstəlik, Azərbaycanın bu qədər humanist mövqe nümayiş etdirib, onlara rahat yol təklif etmələrinin qarşılığında hələ “müzakirə aparırlar”, “fikirləşirlər”. Gərək bunlar görüş təklifi alan kimi qaça-qaça gəlsinlər Azərbaycanın qarşısına, əfv diləsinlər, amnistiya istəsinlər, bir də bu qələti eləmərik, desinlər. Di gəl ki...
Əsl başları əziləsi sarsaqlardır, amma Allah Azərbaycan dövlətinə səbir verib, başqa bir dövlət bu qədər dözməzdi. Fransa, Amerika öz təhlükəsizliyinə təhdid saydığı terrorçuların dalınca dünyanın o başından durub İraqa, Suriyaya, Liviyaya gəlmədimi? Elə qardaş Türkiyə terrora qarşı mübarizəni İraq, Suriya ərazilərində illərdir aparmırmı? Amma Azərbaycanın daxilindəki erməni terrorçuları onlara verilən fürsətdən istifadə edib, rədd olmaq əvəzinə, xaricdəki havadarları hesabına Azərbaycana meydan oxumaq həvəsinə düşürlər arabir. Təbii ki, bunun səbəbini onlarin əlinə “bel verənlər”də axtarmaq lazımdır, Laçın qapısı ağzında dayanıb siyasi tamaşanı seyr edənlərdə, BMT TŞ-də şou quranlarda, elə Bakı ilə Xankəndini dərhal dialoq masası arxasında oturmağa çağıran avropalı rəsmilərdə...
İndiyədək postsovet məkanındakı hansı separatçını, məsələn, Tiflislə, Moldova ilə, Kiyevlə birbaşa dialoqa çağırıb Avropa İttifaqı, ABŞ Dövlət Departamenti, ya Avropa Şurası? Erməni terrorçuları, separatçıları bunlar üçün bir istisnadır. Amma artıq yetər! Elə bu cür oyunbazlıqlarına görədir ki, Azərbaycan dövləti artıq onlara sərt üzünü göstərir. Ararat Mirzoyanın sərsəmləmələrinə qulaq asan, ona havadarlıq edən Anjey Kaspşikin Bakıda qəbul edilməməsi, həmçinin İrəvanda avantürist mövqe sərgiləyən Belçika Krallığının xarici işlər naziri Hadja Lahbibin Azərbaycanda dövlət başçısı səviyyəsində qəbul olunmaması ermənipərəst çevrələr üçün tərs şapalaqdır.
Nəhayət, bu oyunbazlıqlara son qoymaq lazımdır! Diqqət edin, hətta Fransa prezidenti belə Qarabağda hansısa “genosid”in baş verməsi barədə hay-küylərdən boğaza yığıldığını və bu nağıllara inanmadığını, nəhayət, nümayiş etdirib. Məlumata görə, Emmanuel Makron Qarabağdakı vəziyyəti “soyqırımı” adlandırmaqdan imtina edib. “Mən bu termini çox tələsik istifadə etməkdən çəkinərdim” Le Point nəşrinə müsahibəsində bildirib.
Düzdür, Makron Fransasının sonadək ədalətli mövqe sərgiləyəcəyi az inandırıcıdır, biz bunların əsl simasını son illərdə gördük. Amma yenə də belə mövqelər varsa, artıq Ermənistanın hətta “böyük bacısı”nı da bezdirdiyini söyləmək olar. Belə olan təqdirdə Avropa İttifaqının emissarlarının şərti sərhədlər boyunca səflənməsi, anti-Azərbaycan mövqeyi sərgiləmək üçün bəhanələr axtarması simasızlıqdır.
Ermənistan rəhbərliyi islah olunana oxşamır, “nala-mıxa vurma siyasəti” davam edir. Bir gün əvvəl Ermənistanın müstəqillik haqqında bəyannaməsində Türkiyəyə və Azərbaycana qarşı “soyqırımı” və torpaq iddialarının olduğunu xatırladaraq, sülh naminə bu sənədin yenilənməsinə də ehtiyac olduğunu deyən Nikol Paşinyan ardınca başqa hava çalmağa başlayıb. İddia edib ki, Ermənistanda 30 mindən çox erməni Qarabağa qayıtmaq üçün yolun açılmasını gözləyir. Yəni bu qədər həyasız mövqe.
Heç Qarabağın özündə bu sayda erməni yoxdur, kim doğdu bu qədər ermənini? Bu da ona bənzədi ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı Sheikh Abdullah bin Zayed Al Nahyana Qarabağda 9 min hamilənin olduğunu demişdi. Beləcə, özlərini axırıncı yola qoyublar, “Laçın yolu” deyə-deyə. Yeni şou başladıblar, çörəyi talonla satırlar. Ac-yalavac olduqlarını, “genosid”ə məruz qaldıqlarını sübut etmək üçün min dona girirlər. Amma kimsə onlara desin gərək: Makron da “genosid” demədi, indi nə deyirsiniz, ay hay tayfası?! Kəsəsi, “çaqqal məsələsi”dir. İşə düşmüşük...
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ