Onlayn ictimai-siyasi qəzet
Martın 22-də Moskvada törədilən qırğından sonra Rusiyada ölüm hökmünün, edam cəzasının bərpası haqqında, özləri demişkən, “sırf hüquqi polemika” başlayıb.
RF-nin Dövlət Dumasının qanunvericilik komitəsinin sədri Pavel Kraşeninnikov bu barədə danışarkən eyham edib ki, o, şəxsən edam cəzasının üzərinə qoyulmuş moratoriumun qaldırılmasını istəmir.
Görünür, Paşa çox humanist adamdır, soyadından da anlaşılır ki, babaları din-iman adamları olublar, ona görə də o, hesab edir ki, Allahın verdiyi canı bəndədən yalnız Allah ala bilər. Bu yerdə “bəs terrorçularda o 139 zavallının canını almaq haqqı vardımı” sualı çıxsa, yəqin ki, P.Kraşennikov gözünü döyəcək.
Bir də “Krokus”da öldürülənlərin siyahısında ...Pavlovna Kraşennikova və ya ... Pavloviç Kraşennikov ad-soyadlı gənclər olsaydı, yüz faiz qospodin deputat edam cəzası üzərindəki moratoriumun götürülməsi haqqında qanunvericilik layihəsini öz əlləri ilə hazırlayıb Dumanın gündəliyinə saldırardı.
Yəni həmişə belədir: od düşdüyü yeri yandırar və heç kəs başqasının ağrı-acısını onun qədər hiss edə bilməz.
Bu cür yalançı humanistlər, pasifistlər hər ölkədə var. Bir dəfə yazmışam, yeri gəlib, yenə təkrar edirəm: 6-7 il qabaq Türkiyədə növbəti çoxölümlü terror aktından sonra edam cəzasının bərpası müzakirə olunanda bir alim özünü ülgücləyirmiş ki, nə danışırsız, bu, geriyə addımdır, insanı edam etmək olmaz. Elə olur ki, 10-15 gündən sonra bu “ziyalı”nın kitabının piratlar tərəfindən nəşr edildiyi və hər yanda satıldığı ortaya çıxır. Kitabların satışından cibinə bir lirə girməyən müəllif bu barədə sual verən jurnalistlə deyir ki, piratları aşkarlayıb edam etmək lazımdır, başqasının əməyini çalırlar.
Yəni bir terrorçu 30-40 adamı güllələyib, partladıb, öldürüb, bu heç, onu bağışlamaq olar, amma ağsaqqalın kitabını nəşr edib pulunu mənimsəyənlər edam olunmalıdır. Humanizmin bu qədəri.
Maraqlıdır ki, keçmiş SSRİ respublikalarına edam cəzasına moratorium qoymağı təklif edənlərdən biri ABŞ (o biri Avropa təşkilatları) idi, hamı onun sözünə baxdı, edam cəzasını yığışdırdı. Amma ABŞ özü edam cəzasına moratorium-zad qoymayıb, elektrik stulu qəşəngcə işləyir. Hətta son vaxtlar təzə üsul tapıblar, məhkumu azot iynəsi ilə öldürürlər. Çox humanistdirlər. Bəzən elə olur ki, adam 25 il ölüm hökmü altında yatır, hər gün aparılıb stulda oturdulacağını gözləyir, amma son qərarı vermirlər. 25 ildən sonra məlum olur ki, yazığın günahı yox imiş, haqq-ədalət təcəlla edir, adamdan üzr istəyib buraxırlar.
Xüləs, mətləbdən yayınmayaq. Avropanın müvafiq humanizmi də qənaətbəxş deyil, ifrata varmış şəkildədir. 2011-ci ilin iyul ayında Anders Breyvik adlı bir başıxarab, psixopat Utoya adasında kamp quran yeniyetmələrə hücum edərək 77-sini öldürmüş, 151-ni yaralamışdı. Adamı tutdular, ömürlük həbs cəzası verdilər. İndi haradasa, təxminən 3 ulduzlu otel şəraitində saxlanılır. İdman, mütaliə edir, qiyabi təhsil alır. Əgər nəzarətçilərdən kimsə onunla tanışanda qaşqabaqlı olursa, gedib şikayət edir ki, şəxsimə təzyiq var.
Gözəl Şərqdə onu nə edərdilər, bilirsiniz? Külünü göyə sovurardılar, nişanəsi belə qalmazdı. Sən 77 yeniyetməni həyatdan qopar, sonra asudə yaşa, de ki, “yaşamaq gözəl şeydir, qardaşım”.
Sovet dövründə bir şey pis idi ki, haqq-ədalət tələb edən, “hökumət filan şeyi düz eləmir” deyən demaqoqları da güllələyirdilər, ayaqqabı tikib satan “sexovşik”ləri də, “külli miqdarda dövlət əmlakını mənimsəyənləri” də, “iki və daha çox adam öldürənlər”i də. Əslində isə yalnız sonuncuları edam etmək lazım idi.
Çünki iki və daha çox adam öldürənlər artıq beyni çönmüş qatildirlər, düzəlməyəcəklər. Bu, o demək deyil ki, 1 adam öldürmək norma imiş. Yox. Sadəcə, sovet hakimləri nəzərə alırdılar ki, 1 adamı ehtiyatsızlıqdan və ya məcburiyyətdən öldürənə ağır cəza vermək olmaz. Amma cəmi bir adamı öldürənlərin də içində edam cəzasına layiq görülənlər olurdu.
Uzun sözün kəsəsi, yalançı humanizmi qatlayıb qoymaq lazımdır qırağa. Əlinə silah götürərək, cinsinə, yaşına, irqinə, milliyyətinə baxmadan tanımadığı insanları öldürənlər niyə yaşamalıdırlar ki? Onlar quduz canavardan da betərdirlər. Quduz canavarlara kim rəhm edir?
Hərçənd heyvan hüquqlarının müdafiəçilər üsyana qalxacaqlar ki, yox, canavarların da yaşamaq haqqı var. Yaxşı, dəyməsinlər. Onlar da qabaqlarına çıxanı parçalaya-parçalaya ulasınlar - ən yaxşısı o olar ki, hüquqlarını müdafiə edənlərdən başlasınlar.
P.S. Bir baməzə dostum var, deyir, siz də “boz qurd” deyə-deyə onu şişirtməyin, canavardır də, meşədə qabağına çıxsa, nəzərə almaz ki, onunla fəxr edirsən.
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ