İnsanlara hürriyət, millətlərə istiqlal!

Çalma-kiteldən kostyum-qalstuka

 

Seyidin cəddi haqqı, bizimkilər hələ bir həftə öncədən deyirdilər ki, bu gedişlə Suriyadakı inqilab-üsyan-qiyam-çevrilişin lideri Əhməd əl-Şaraa (Əbu Mühəmməd əl-Colani) kostyum geyinəcək, qalstuk taxacaq.

Cənab əvvəlcə kostyuma keçdi. Əcəb də yaraşırdı, elə bil, dərzi o basabasda bir ay boyunca üstünə biçə-biçə tikib. Dünən şəkilləri yayılıb, lider artıq qalstuk da taxıb.

Bizim şünaslar yazırlar ki, Əhməd saqqalı da azacıq yontalasa, yaxşıdır. “Təmiz qırxsın”, türkün sözü, “traş eləsin” demirlər, “üstündən bir az götürsün” deyirlər. Bilirlər ki, Suriyada “Allahu-əkbər” deyə-deyə Bəşər Əsədi devirmiş adam birdən-birə saqqalını qırxıb, özünü biabır-gönüağaclı eləməz. Hələ, gəncəlilər demişkən, kostyum-şalvar geydiyinə görə onu huyuxdurmasalar, şəriət üsulu ilə impiçment eləməsələr, yaxşıdır.

(“Şəriət üsullu impiçment” lideri devirib asmağı nəzərdə tutur – həm də çox ləngitmədən).

Bir sözlə, saqqala da əl gəzdirsə, əl-Şaraa olacaq Avropa görünüşlü siyasət adamı. Paşinyan bir şey bilir ki, canını saqqaldan vaxtında qurtardı.

Görünüşdən çox şey asılıdır. Adam gərək ya olduğu kimi görünsün, ya da göründüyü kimi olsun. Məsələn, Tramp olduğu kimi görünsə, bir əlində mütləq dəryaz, o birində plantator qırmancı olmalıdır, amma o, eyzən qırmızı qalstukda gəzir.

Suriyanın yeni liderinə yaxşı görünüşə malik olmaq çox vacibdir. Hazırda Avropada və Amerikada ondan qorxurlar, elə bilirlər, o, bin Ladenin ardıcılıdır, Əbubəkr Bağdadinin davamçısıdır.

Yeri gəlmişkən, vaxtında bin Ladenin ağlı olmadı. Təvazökarlıqdan Tora-Bora mağaraları qədər uzaq olsa da, xatırladıram, 22 il əvvəl yazmışdım ki, Üsamə orda-burda gizlənənə qədər, saqqalını qırxdırsın, saçını qısa vurdursun, kostyum geyinsin, qalstuk taxsın, Avropanın iri şəhərlərindən birinə yerləşsin, bir kimsə onu tanıımayacaq, hətta Stinqlə duet oxuyan ərəb müğənniyə bənzədəcəklər.

Amma o, nə ideyasından vaz keçdi, nə saqqalından, nə də orda-burda gizlənmək vərdişindən. Nəticədə tapdılar, vurdular. Hərçənd məşhur adamların ölümünə inanmayanlar onun barəsində də deyirlər, bin Laden sağdır, MKİ-nin bunkerində saxlanılır.

Əhməd isə şanslı adamdır. Bin Laden kimi onun da başına pul qoymuşdular, yerini deyənə mükafat verəcəkdilər. Amma heç kəs onu amerikalılara satmadı. O vaxt Səddam Hüseyni isə satmışdılar. Heç bilinmədi İraq liderini satan adam qazandığı pulu sağ canla yedi, yoxsa onun da başını Bağdad xurması kimi yedilər, getdi.

471328468_3931894030432717_800950005642431232_n.jpg (52 KB)

İndi Suriyanın yeni liderinin kostyum geyməsindən, qalstuk taxmasından, dəbdə olan ifadə ilə desək, yola çıxaraq, deyənlər var ki, o, bu “dress-kod”la dünyaya Suriyanın Əfqanıstana dönməyəcəyinə dair mesaj verir.

Təki elə olsun. Bir planetdə iki Əfqanıstan çox olar. Biri var, bəsdir. Əfqan liderlər dağlarda partizanlıq edəndə necə geyinirdilərsə, elə də davam edirlər. Saqqalları da həmin-həmindir. Sadəcə, indi mağaralarda yox, villalarda yaşayırlar. Bir də yeməklərinin kalori tərkibi dəyişib. Yeni şəkillərinə baxanda görürsən ki, əməllicə kökəlişiblər.

Ancaq onlar Versaçedən, Diordan kostyum geymədikləri üçün böyük dövlətlər hələ də onlara şübhə ilə yanaşır, “Taliban”ın adını terrorçu dövlətlər siyahısından çıxarmağa tələsmirlər.

Əhməd əfəndi isə təkcə libas islahatına getməyib, həm də deyib ki, qadınları evə qapatmayacaqlar, oxumaqlarına izn verəcəklər.

İntəhası, qardaş içki (pivədən üzü yuxarı olanlar) məsələsinə aydınlıq gətirməyib, müvafiq suala diplomatik cavab verib, deyib, irəlilərdə məsləhətləşəcəyik, görək, necə edirik.

Bu da vacib məsələdir. İnsan haqları söhbətinə daxildir. Həm də təkcə bu, deyil. Yeni lider Avropa tərəfindən qəbul edilməsini, tanınmasını istəyirsə, gərək LGBT məsələsinə dair də müsbət açıqlama versin, desin ki, onlara “gözün üstə təbii qaş olmalıdır” deyilməyəcək, hüquqları təmin olunacaq.

Bax, Gürcüstan cinsi azlıqlara pis münasibət göstərdi, nə günlərə qaldı. Artıq gürcü rəsmilərə sanksiya tətbiq olunub, diplomatik pasportları işləmir. Heç baxmırlar da ki, Kobaxidze gündə bir dəbli kostyum geyinir, əla qalstuklar taxır.

Beləliklə, indilikdə sayın əl-Şaraaya ümidlər böyükdür. O, ağlllı oğlan olsa, Hakan abisinin sözünə qulaq assa, yaxşı perspektivi var, gənc adamdır, qabağa gedə bilər. Bir də görərik, tünd göy kostyumunu geyinib, bordo rəngli qalstukunu taxıb, fonu ucuz kafel görünüşlü BMT tribunasında çıxış edir.

P.S. Qorxasan, adam yerini bərkidəndən sonra qalstukunu açıb ata, “nerde, lan, kravatın” eşidəndə də deyə: “Kravat haramdır. Səlib yürüşünün yadigarıdır”.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR