Onlayn ictimai-siyasi qəzet
Deyir “yüz yeyənin olsun, bir deyənin olmasın”. Səhərin gözü açılmamış xəbər gəldi ki, ABŞ-ın erməni pulu ilə bəslənən 60 konqresmeni tənbəllik etməyib Dövlət Departamentinə Azərbaycanı şərləyən son dərəcə qərəzli, yəni reallıqla tərs mütənasib bir müraciət ünvanlayıb.
Yenə barmaqdan sorulan “sübutlar”, o sırada “etnik təmizləmə”, “blokada” ittihamları, ərazi bütövlüyümüzə həqarətdən doğan “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağa hücum” çaplı ağ yalanlar, yaxud Bakıda saxlanılan və məhkəməsi gözlənilən erməni hərbi cinayətkarlara, quldur-separatçılara utanmazcasına azadlıq tələbi (demokratik dövlətə bax, heç məhkəmənin qərarını da gözləmirlər!), daha nələr.
Bircə o çatmır ki, 2-ci Dünya müharibəsinin başlanmasına görə də Hitleri yox, Azərbaycanı ittiham eləsinlər. Həyasızlığın bu qədəri yəni...
Axı cəmi bir il qabaq dünyanın gözü qarşısında yaşanan, bunca video-dəlilləri olan hadisələri burdan-bura necə riyakarcasına ermənilərin xeyrinə saxtlalaşdırmaq, təhrif eləmək olar? Məgər erməni çörəyi yeyən nadürüst Konqres üzvləri bilmirlər ki, bir ovuc erməni əhali Azərbaycan qanunları ilə, Azərbaycan vətəndaşlığı ilə yaşamaq istəmədiyi, Konstitusiyamızı qəbul etmədiyi, özünə ayrıca, ikinci dövlət tələb etdiyi üçün Qarabağı KÖNÜLLÜ (!) tərk edib?!
Məgər onu da bilmirlər ki, BMT-nin iki missiyasının heç biri Qarabağda etnik təmizləmə haqda rəy verməyib? Ümumiyyətlə, BMT başda olmaqla dünyanın hər hansı mötəbər təşkilatının, o cümlədən BMT Təhlükəsizlik Şurası və BMT Baş Məclisinin Qarabağda “etnik təmizləmə” haqda qərarı yoxdur!
Ola da bilməz. Mövcud olmayan bir şey haqda hökm çıxarmaq mümkünmü? O zaman bu nə həşirdir? Hər halda bu sizin üçün qondarma “genosid” (1915) mövzusu deyil ki, erməni diktəsi ilə ağzınıza gələni danışa, nağıllar uydura, hap-gopa basasınız. Yaxşı ki, heç BMT də ABŞ Konqresi deyil...
Sonra. Az qala uşaq da bilir ki, ABŞ üçün demokratiya və insan haqları məsələsi dünyada öz strateji maraqlarını irəli aparmaq, ölkələrin daxili işlərinə qarışmaq üçün istifadə olunan bir alətdir. Bu, Birləşmiş Ştatların milli-təhlükəsizlik strategiyasında açıqca əksini tapıb. Demokratiya, təməl (universal) haqlar məsələsi sənəddə əhəmiyyətinə görə 4-cü yerdə (!) qoyulub.
Yeri gəlib, “Qafqaz qaraçıları” üçün bunu da yada salaq: erməni amili “yankilər”dən ötrü sadəcə, Azərbaycana, Türkiyəyə qarşı vicdansızcasına istismar edilən bir bəhanə, tutarqa. Nə yazıq ki, zavallı ermənilər bunu anlamaq, Rusiya kimi, Amerikanın da bölgəyə daimi sülh gətirmək marağında olmadığını başa düşmək istəmirlər. Qərbin “dudkası”na gedirlər. Qonşularla təcili dil tapıb dinc-yanaşı yaşamaq əvəzinə, İlham Əliyevin bu gün Cəbrayılda söylədiyi və xəbərdarlıq elədiyi kimi, təhlükəli oyunlara qoşulublar...
Bitmədimi? Nə qədər millət olaraq, qapaz yemək, faciə yaşamaq, eyni bataqlığa girmək olar?! Bilə-bilə ki, Ermənistan üçün daimi sülh və dincliyin, əmin-amanlıq və inkişafın, etibarlı və zəmanətli təhlükəsizliyin açarı ilk növbədə qapıbir Azərbaycan və Türkiyə ilə barışıqdadır, uzaq ABŞ-da, Fransada macəra axtarmaqda, silahlanmaqda yox!
Yolu bəlli. Məgər çörəyi dizi üstündə olan xəbis erməni bunu da görmədimi ki, ABŞ Konqresi və prezident Co Bayden bir neçə il öncə saxta “erməni soyqırımı”nı tanımaqla heç nəyə nail olmayıb, pislik Türkiyəyə yox, özlərinə qalıb?
Nəticə yenə eyni olacaq. Hərgah, konqresmenlərin məktubunun elə məktub olaraq qalacağına əminik. Çünki haqq nazilər, üzülməz; istənilən düz əyrini kəsər...
Yazıya Prezidentin buğununku çıxışından bir sitatla son veririk: “Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Yəni necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər və bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. Ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər? Bizim dostumuz odur ki, bu günə (ərazi bütövlüyümüzü bərpa etməyimizə, halal qələbəmizə - Z.S.) sevinir. Bu günə məyus olan və bu günü qəbul etməyən heç vaxt bizim dostumuz ola bilməz, bunu Azərbaycan xalqı bilməlidir”.
Bilirik və unutmuruq...
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ