İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu, ölkədə bahalaşma və qıtlıq yarada bilər - XƏBƏRDARLIQ

İki gündür ki, sosial şəbəkələrdə "Trendyol" platformasının bağlanacağı ilə bağlı narazılıqlar baş qaldırıb. Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlı deyib ki, "Trendyol"un Azərbaycana, xüsusilə Türkiyə istehsalı olan məhsulların satışı ilə bağlı haqsız rəqabət ehtimalları, rəqabət narahatlıqları yarana bilər. O qeyd edib ki, Azərbaycanda rəqəmsal bazarların çox sayda istifadəçisi var və son iki ildə bu say daha da artıb, bu sahədə ölkədə ən böyük pay Türkiyənin "Trendyol" platformasına məxsusdur.

"Bu yaxınlarda bu rəqabət narahatlıqları ilə bağlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) rəqabət jurnalında mənim və həmkarımın bir məqaləsi dərc olunmuşdu. Fərz edək ki, "Trendyol"da fəaliyyət göstərən hər hansı bir "A" subyektinin Bakıda da pərakəndə satış mağazası var və "Trendyol"da satılan həmin məhsul Bakıdakı mağazada da satılır. Bu mağazanın kirayə xərcləri, həmin məhsulun qiymətinin üzərinə gələn ƏDV və gömrük rüsumları var. Təbii ki, Azərbaycan bazarındakı həmin pərakəndəçi "Trendyol"dakı qiymətlə rəqabət apara bilmir. Qeyd etdiyim məqalədə belə rəqabət narahatlıqlarının artacağı hallarda rəqabət orqanının hansı addımları atması barədə təkliflərim dərc edilmişdi. Təkliflər "Trendyol" və Azərbaycanda böyük həcmdə satış edən digər bazar yerlərinin ölkəmizdə nümayəndəliyinin açılması və Azərbaycanda ən çox satılan məhsulların 30-40%-nin burda stokunun mövcud olmasından, bu məhsulların da qiymətlərinin digər pərakəndə ticarət obyektlərində olduğu kimi üzərinə gömrük vergisi gələrək formalaşmasından ibarət idi. Bu təklifkər həmin qeyd etdiyim jurnalda dərc edilib. Amma hazırda bu barədə hökumətə verilmiş hər hansı təklif və ya aparılmış bir iş yoxdur. Bu, sadəcə mənim və digər əməkdaşımızın mövqeyidir ki, yerli bazar subyektlərinin haqsız rəqabətlə qarşılaşmaması üçün biz hesab edirik ki, bu sahədə gələcəkdə müəyyən requlyativ tədbirlər aparılmaqla Azərbaycanda satış dövriyyəsi yuxarı olan xarici mənşəli platformaların yerli nümayəndəliyi açılsın. Amma bu məsələ hazırda müzakirə mövzusu deyil. Bu, yalnız bir beynəlxalq təcrübədir", - Cavid Süleymanlı əlavə edib.

eyyub66.jpg (55 KB)

İqtisadçı-ekspert Eyyub Kərimli mövzu ilə bağlı Musavat.com-a deyib ki, "Trendyol"un və bu cür platformanın qadağan edilməsi düzgün fikir deyil: "Ölkə qanunverciliyinə əsasən, ayda hər bir kəs 300 dollarlıq hansısa bir məhsul sifariş edə bilər, elektron ticarət vasitəsilə gətizdirə bilər. 300 dollardan çox gətirilən məhsullar artıq gömrük vergisinə cəlb olunur. Bu, kifayət qədər mütərəqqi bir qanundur. İnsanlarımız bundan istifadə edir. O ki qaldı rəqabətliliklə bağlı atılan mülahizəyə, qadağa rəqabəti təmin etmək üsulu deyil. Bunun üçün müvafiq institusional islahatlar, ölkədə liberal rəqabət bazarının daha da inkişaf etdirilməsi üçün müəyyən fəaliyyətlər həyata keçirilməlidir. Burada inhisarçılıq təsirləri azaldılmalıdır. Digər tərəfdən, biz bundan sonra bütün "Amazon", "Trendyol" və digər platformaları qadağan etməklə ölkəmizdə həm bahalaşma, həm də qıtlıq yarada bilərik. Mən hesab edirəm ki, bu cür platformaların ləğv edilməsi müəyyən bahalaşmaya da səbəb ola bilər. Çünki bundan daha çox işbazlar istifadə edəcəklər. Bu baxımdan hər bir şəxs məhsulu istədiyi yerdən sifariş edə bilər. Qanuna müvafiq olaraq 300 dollardan yuxarıdırsa, vergisini ödəyə bilər, aşağıdırsa, malını gətizdirə bilər. Bu gün dünya elektron ticarət platformasına keçir, elektron ticarət daha da inkişaf etdirilir. Daha da təkmilləşdirilib, bir müddətdən sonra elektron platformaya keçiləcək. Qeyd edilir ki, mağazalarımız rəqabətə tab gətirə bilmirlər, deməli, mağazalar, yerli sahibkarlar bununla bağlı işlərini daha da təkmilləşdirməlidirlər. Rəqabətlilik imkanlarını artırmalıdırlar. Məhsullar daha keyfiyyətli şəkildə ölkəyə idxal edilməlidir. Bundan istehlakçı zərər görməməlidir, ölkə əhalisinin hüququnu da pozmaq olmaz".

İqtisadçı əlavə edib ki, bu cür qadağalar yerli sahibkarlığın çevikliyini azaldır, onların inkişafına mane olur:

"Rəqabət mühitində sahibkarlıq daha da inkişaf edir, xidmətini təkmilləşdirir. Rəqabət mühitinin daralması qadağalarla həm də yerli sahibkarlığın inkişafına mane olur. Yerli sahibkar artıq tənbəlləşir, hesab edir ki, bazarda hakim mövqeyə malikdir və inkişaf etmir. Bu da liberal iqtisadiyyatda və liberal rəqabət iqtisadiyyatında düzgün yanaşma deyil".

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də məsələ ilə bağlı açıqlama yayıb: "Bəzi informasiya vasitələrində və sosial şəbəkələrdə müzakirə edilən onlayn satış platformalarına məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı yayılan fikirlər həqiqətəuyğun deyil. Dövlət Xidməti tərəfindən yerli və xarici rəqəmsal satış platformalarının ölkəmizdəki fəaliyyətini məhdudlaşdıran hər hansı tənzimləmə tədbiri nəzərdə tutulmur. Vətəndaşlar yerli və xarici mənşəli onlayn satış platformalarının xidmətlərindən mövcud qanunvericiliyin tələbləri çərçivəsində sərbəst şəkildə istifadə edirlər".

Afaq MİRAYİQ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR