Onlayn ictimai-siyasi qəzet
“Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası adlanan kəşfiyyat missiyasının martın 16-17-də Ermənistan-Azərbaycan sərhədində heç bir hadisə müşahidə etmədikləri, sabitlik olduğu barədə yaydığı açıqlama Ermənistana növbəti xidmətdir və Ermənistanın aşkar atəşkəs pozuntusunu inkar etməsidir”.
Musavat.com xəbər verir ki, bu barədə siyasi ekspert, “Bakı-Xəbər” qəzetinin baş radaktoru Aydın Quliyev bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının Ermənistandakı missiyası Paşinyan hökumətinə misilsiz xidmətini davam etdirir:
“Missiya bu xəbəri elə bir vaxtda yayıb ki, dünən - martın 16-da Müdafiə Nazirliyi Ermənistan ordusunun Azərbaycanı 3 dəfə atəşə tutduğu barədə xəbər yaymışdı. Təbii ki, Ermənistan hökuməti xəbəri təkzib etmişdi. Bu, təbiidir. Ermənistan deməyəcək ki, bəli, atəşkəsi pozmuşuq. Lakin baş vermiş faktın Avropa İttifaqının missiyası tərəfindən qeydə alınmaması təhlükəli olmaqla bərabər, bəzi məqamları bir daha təsdiqləyir.
Aİ-nin müşahidə missiyası bununla Ermənistanın sərhəd təxribatlarını ört-basdır etmək üçün lazım olduğunu təsdiqlədi. Missiya təsdiq etdi ki, onun bu bölgədə varlığı bəzi Avropa dövlətlərinin maraqlarına xidmət edir, missiya Ermənistana sərhəd təxribatlarını ört-basdır etmək üçün lazımdır, habelə baş verən hadisələrdə Azərbaycanı məsul tutmaq üçündür. Belə olmasaydı, Azərbaycan Müdafiə Nazirliyinin qeydə aldığı faktı inkar etməzdi”.
Etibar Seyidağa,
Musavat.com
17 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ