Onlayn ictimai-siyasi qəzet
Ermənistanın sülh prosesini aşkar şəkildə pozması, üstəlik, böyük savaş təhlükəsini tətikləməsi günümüzün əsas müzakirə mövzusudur. Rəsmi İrəvan son zamanlar reallıq hissini itirdiyini davamlı şəkildə sərgiləməkdədir. Azərbaycandan aldığı 44 günlük dərsi unudan düşmən ölkə özünün tarixi ağası Rusiyaya da “kəllə” atmağa cəhdlər göstərir. Durumla bağlı ermənişünas alim, politoloq Qafar Çaxmaqlı Musavat.com-un suallarını cavablandırarkən olduqca maraqlı fikirlər söyləyib.
- Qafar bəy, bu gün hər kəsi düşündürən bir sual var: Qarabağda və şərti sərhədlərdə hərbi əməliyyatlar başlayacaqmı? Ermənistanın təxribatları səngimir, Azərbaycan cavab tədbirləri görməyə məcburdur. Belə olan təqdirdə nələri proqnozlaşdırırsınız?
- 2020-ci il 10 noyabr razılaşmasından sonra gözlənilən sülh anlaşmasının olmaması hər an yeni bir hərbi qarşıdurmaya gətirib çıxara bilər. Azərbaycan 30 illik işğala son versə də, hələlik ərazilərini tam olaraq bərpa edə bilməyib, üstəlik, razılaşma ilə torpaqlarımızdan çıxarılmalı olan qanunsuz hərbi birləşmələr təhdid olaraq qalır. Erməni təxribatları hər gün davam edir. Azərbaycan bütün bunları önləmək üçün tədbirlər görməyə məcburdur və məncə, erməniləri başa salmaq üsulu yenə onlara dərs vermək olmalıdır. Və çox qəribədir ki, Ermənistan bu təhlükədən qaçmaq üçün heç bir iş aparmır... Onlara elə gəlir ki, yeni gərginlik Ermənistana yeni beynəlxalq dəstək verilməsinə səbəb ola bilər. Qarşıdakı günlərdə hələ sülh məsələsi aktuallığını azaltdığına və sərhəd məsələlərinin, Zəngəzur koridoru ilə bağlı qeyri-müəyyənliyin olması bütün bunlara aydınlıq gətirmək tədbiri kimi hərbi qarşıdurmanı qaçılmaz edir. Bu, yeni bir müharibə deyil, 2020 –ci ildə qaldığımız yerdən davametmə əməliyyatları olacaq.
- Qarabağdakı separatçılar Arayik Arutyunyandan sonra dirəniş göstərməyə cəhd edirlər. Eyni zamanda Ağdam – Xankəndi yolunun bloklanmasına da son vermək niyyətləri yoxdur. Deməli, çıxış yolu antiterror əməliyyatıdır?
- Separatçı qurum manevrləri, fərqli planları ilə bölgəyə atılmış emissarlarla, süni “hakimiyyət” dəyişikliyi ilə vaxtı uzatmağa çalışırlar. Qarabağ ermənilərinə haqlar almaq, onların təhlükəsizliyinin beynəlxalq mexanizmlərini hazırlamaq üçün oyunlar qururlar. Xankəndi-Bakı birbaşa təmasları və onlara veriləcək hüquqlar görünür onları təmin etməyəcək. Hər səviyyədə, ayrı-ayrı adamların dilindən səsləndirilir ki, Qarabağ Azərbaycanın tərkibində olmayacaq. Bu, Azərbaycanı tədbirlər görməyə sövq edəcək. Azərbaycan mütləq öz ərazisində qayda-qanun yaratmalıdır, onun adını antiterror əməliyyatları da qoya bilərik. Amma gec-tez bu ərazidə Azərbaycan dövlətinin suverenliyi bərpa olunmalıdır. Bu, bir-iki günlük işdir.
- Bu arada Rusiya və Ermənistanın rəhbər şəxsləri arasında söz toqquşmaları intensiv xarakter alıb, hətta bir-birini aşağılayan ifadələr də işlədirlər. İrəvanla Moskvanın münasibətlərin göründüyü kimi, gərginləşdiyini söyləmək olar, yoxsa bu, blefdir, ortada hansısa gizlində anlaşma var?
- Ermənistanda həm Rusiyameyilli qüvvələr var, həm də ona qarşı kəskin mövqedə olan şəxs və qruplar... Rusiyapərəst qüvvələrin son zamanlar arqumentləri işləmir, çünki Rusiya Ermənistanda olan maraqlarını açıq ifadə etməyə başlayıb, ona bir forpost kimi baxdığını da göstərib. Amma Ermənistanı bəzi şəxslər Rusiyadan artığını tələb etməyə başlayırlar və bunları görməyəndə Rusiyanın maraqlarının əleyhinə fəaliyyətə keçirlər. Ermənistanın iki gündən bir Qərbə müraciət etməsi və Rusiyanın bölgədən çıxarılması planlarında iştirakı əlbəttə, Rusiyanı razı salmır və bəzi hallarda onu cəzalandırmaq fikri ortaya çıxır. Bu günlərdə Ermənistanın ABŞ-la birgə hərbi təlimlər keçirmə qərarı alması Rusiyanı “cin atı”na mindirib. Ermənistan hakimiyyətinin son zamanlar tutduğu yol anti- Rusiya xarakterli olduğundan və dəyişməsi az ehtimal olunduğundan bu gərginlik davam edəcək. Bəzi hallarda iki ölkə rəsmiləri arasında söz duelləri də diplomatik gedişlərdir, hansı məqsəddən edildiyi də bəzən aydın olmur. Ermənistanda Rusiyanın bölgədə təsir imkanlarını itirəcəyi barədə fikir var və bu da dövlət siyasətinə təsir etməkdədir.
- Bəs Fransa prezidenti Makronun və ABŞ dövlət katibi Blinkenin Azərbaycan prezidentinə son telefon zəngləri nədən xəbər verir? Rəsmi məlumatlardan aydın olur ki, dövlət başçımız birmənalı şəkildə dövlətimizin mövqeyini bəyan edib və hər hansı zəng, təzyiq dövlətimizin qətiyyətli mövqeyinə təsir göstərə bilməyəcək. Sizin bu barədə düşüncələrini maraqlıdır.
- Ermənilər Fransa və Amerikanı özlərinə himayəçi olaraq görür, həmçinin Rusiyadan birdəfəlik imtina etmə çağırışları səsləndirirlər. Bu ölkələrin rəsmi şəxslərinin reaksiyasını isə bayram kimi qəbul edirlər. Onlara elə gəlir ki, Blinken və ya Makron Azərbaycan prezidentinə zəng edərkən məsələ həll ediləcək. Son telefon danışığında da bu ölkə təmsilçilərinə bölgədəki məsələlərlə bağlı bilgi verilib. Azərbaycana heç kəs öz ərazisində qayda-qanun yaratmağa yasaq qoya bilməz. Ehtiyacı olan əhaliyə ərzağın hansı yolla çatdırılması da Blinken səviyyəsində bir dövlət adamınında etiraz doğura bilməz. Makron fərqlidir. O açıq erməni havadarı kimi çıxış edir, amma bununla da bölgədəki proseslərə mənfi təsir göstərir. Fransa əslində ermənilərin normal bir yaşama, həyata dönməsinə mane olur. Tarix boyu belə olub. Erməni tarixçilər Fransanın onlara söz verib, sonra satdıqlarını dəfələrlə yazıblar. İndi də elə olacaq. Ermənilərin haqq və hüquqları Fransa üçün öz məqsədlərini müəyyən mərhələyə qədər götürmək üçün vasitədir.
- Laçın yolu ilə bağlı demoqogiyaların səngidiyi aşkar müşahidə olunur. Hesab etmək olarmı ki, artıq Azərbaycan bu istiqamətdəki maneələri də məharətlə aşmağı bacardı və Xankəndiyə doğru savaşsız, bir güllə atmadan daha da yaxınlaşmış oldu? Yoxsa Xankəndi uğrunda döyüşlər qaçılmazdır?
- Laçın yolu ilə bağlı erməni təxribatları artıq effekt vermir, çünki dünya dərk edir ki, bir ölkənin ərazisinə giriş - çıxışın beynəlxalq qaydaları vardır, əlini - qolunu saxlayaraq istənilən şəxs bir ölkənin ərazisinə daxil ola bilməz, həm də əgər bura münaqişə bölgəsidirsə, heç olmaz! Humanitar fəlakət hay -küyləri də tutmadı, təklif olunan Ağdam-Xankəndi xətti bəhanələrin ortaya çıxışı üçün yeni bir diplomatik başarı oldu. Amma bu, demək deyil ki, biz asanlıqla Xankəndi və digər yerləri fəth edə biləcəyik. Mənə elə gəlir ki, sərt şəkildə pasport rejimi tətbiq olunmalıdır. Burada yaşayanların çoxu Ermənistan vətəndaşlarıdır. Onların bu durumu aydınlaşdırılmalıdır. Ermənistan vətəndaşları sınır dışı edilməlidir. Bu zaman bizi etnik təmizləmə siyasəti aparmaqda ittiham edəcəklər. Etsinlər. Təmizləmə olmalıdır. Biz ölkənin hər yerində hamı üçün işlək bir konstitusion mexanizm hazırlayıb həyata keçirməliyik.
- Qafar bəy, Ərdoğan-Putin görüşü, Soçi danışıqlarında Qarabağla bağlı anlaşmanın olması haqda erməni mənbələrində çox yazılır. İddialar var ki, artıq iki lider Qarabağla bağlı məsələyə nöqtə qoyulması haqda prinsipial razılığa gəliblər. Rusiyanın açıq mətnlə “Qarabağ Azərbaycandır” deyəcəyini və yığışıb bölgəmizdən gedəcəyini gözləyirsiniz? Yoxsa sülhməramlı kontingentin ömrünü daha 5 il uzatmaq planı var?
- Zatən, Rusiya bu məsələ ilə bağlı fikrini neçə vaxtdır ki, ifadə edir: “Qarabağ Azərbaycandır”, deyir. Amma Rusiyanın bölgədən gedəcəyinə inanmıram. Bu, Rusiyanın hərbi doktrinasıdır və belə asanlıqla Rusiya Qafqazı tərk etməyəcək. Bəli, ola bilsin ki, Qarabağla bağlı bəzi gəlişmələr və Ukraynadakı savaşla bağlı Kreml öz siyasətində bəzi korrektələr etsin. Amma Rusiya çalışacaq ki, ikinci beş il də “sülhməramlı” adı ilə bölgədə varlığını sürdürsün. Apardığı siyasətində də bu məramı görməmək mümkün deyil. Rusiya Qarabağdakı durumu dondurmaqdan yanadır, onun birdəfəlik həllinə heç vaxt çalışmayacaq. Bunu bilməli və Rusiyanın bu mövqeyinə uygun siyasi iradə formalaşdırmalıyıq.
- Zəngəzur dəhlizi ilə bağlı gözləntiləriniz nədən ibarətdir? Artıq həm Azərbaycan, həm Türkiyə tərəfdən işlər görülsə də, Ermənistan onu qızışdıran paytaxtların fitvası ilə hələ də daşı daş üstə qoymayıb. Belə olan təqdirdə Azərbaycan “Dəmir Yumruq”un gücü ilə dəhliz yarada bilərmi? Yeri gəlmişkən, İran növbəti dəfə Zəngəzur dəhlizinə qarşı çıxış etdi və mövqeyini Türkiyəyə də bildirdi.
- Mənə elə gəlir ki, Zəngəzur dəhlizini açmaq üçün Azərbaycan və Türkiyə güc tətbiq etməlidir. Bu güc təkcə Etmənistana deyil, İrana qarşı edilməlidir, Ərdoğan da demişdi ki, mane olan İrandır.
- Qafar bəy, böyük savaş başlayacağı təqdirdə Türkiyənin də hərəkətə keçəcəyi barədə erməni ekspertlərin təşvişini əsaslı sayırsınız? Ankara-İrəvan təmaslarının dayandırılması hansı anlamı verir?
- Savaş başlanacağı təqdirdə Türkiyənin Azərbaycanın yanında olacağına heç bir şübhə yoxdur. Şuşa Bəyannaməsindən irəli gələn öhdəliklərin yanında həm də milli maraqlarımız var, Türkiyə ilə Azərbaycanın bölgəsəl siyasətin bir çox məsələlərində ortaq çıxarları var. Bu, bizi eyni mövqedə durmağa vadar edir.
- Ermənistan hökuməti Roma Statusunu parlamentin müzakirəsinə təqdim edib. Putini həbs etməyə hazırlaşan ölkəni Kreml necə cəzalandıra bilər?
- Ermənistanın Roma Statusunu parlamentə göndərməsi Qərbə mesaj olmaqla yanaşı, Rusiyanın özünə də meydan oxumaqdır və cəzasını ağır ödəyəcək. Putin kinli adamdır, məqam yaxınlaşanda Ermənistanın cəzası veriləcək. Nə cəza veriləcəyi zamanla bəlli olacaq.
Elşad Paşasoy,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ