Onlayn ictimai-siyasi qəzet
Ötən ilin sentyabrında Fransa və ABŞ-ın təşəbbüsü ilə BMT TŞ-nin iclasında Ararat Mirzoyan bölgəyə əsgər göndərilməsini təklif etmişdi; ermənilər hətta qayıtsalar belə, sülh missiyasına ehtiyac olmayacaq
Qərbin İrəvanla Bakı arasında münasibətlərin həllinə kömək etmək üçün NATO ölkələrindən özünün “sülhməramlı” kontingentini Cənubi Qafqaza daxil etməyə çalışması barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun bəyanatı ətrafında müzakirələr davam edir.
Yada salaq ki, Bortnikov MDB-nin təhlükəsizlik orqanları və xüsusi xidmət rəhbərləri şurasının iclasında deyib ki, amerikalılar və avropalılar açıq şəkildə Cənubi Qafqazda sabitliyin yaradılmasında maraqlı deyillər: “İrəvanı Bakı ilə danışıqları ləngitməyə inandırmaqla Qərb Azərbaycan-Ermənistan nizamlanması prosesinə rəhbərlik etməyə və regionda özünün "sülhməramlı" kontingentinin - de-yure BMT-nin himayəsi altında və de-fakto isə NATO-nun himayəsi altında yerləşdirilməsinə nail olmağa çalışır. Bu cür “sülhməramlılığın” mümkün xarakteri artıq ondan xəbər verir ki, Aİ-nin Ermənistan və Azərbaycan sərhədində yerləşdirilmiş müstəqil mülki müşahidə missiyası Rusiya və tərəfdaşlarımıza qarşı konkret NATO ölkəsinin maraqlarına uyğun kəşfiyyat fəaliyyəti həyata keçirir".
Bundan əvvəl də Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Qərb Cənubi Qafqazın işlərinə qarışmağa çalışır və regionun təhlükəsizliyini təhlükə altına qoyur. Göründüyü kimi, söhbət təkcə aqressiv planlarını gizlətməyən NATO-dan yox, həm də hərbiləşdirmə kursu götürmüş Avropa İttifaqından gedir. Çünki o, doğrudan da NATO-nun bir növ əlavəsinə çevrilib. Yeri gəlmişkən, həmin Avropa İttifaqı Azərbaycanın dəfələrlə ifadə etdiyi narazılıqlara baxmayaraq, Ermənistanda qondarma mülki müşahidə missiyasını yerləşdirib. BMT-nin XXI əsrin reallıqları şəraitində müasir dünyadakı rolunu dəqiq müəyyənləşdirmək çətindir. BMT-nin həm yeniləşməsi, həm də öz rolunu tam yerinə yetirməsi yolunda ciddi əngəllərdən biri supergüclərin dünya nüfuzu uğrunda savaşı davam etdirmələridir. Bunun fonunda onlar dünyanı yenidən nüfuz dairəsinə bölmək və liderlik uğrunda çarpışırlar.
Yada salaq ki, 44 günlük müharibədən sonra da BMT Təhlükəsizlik Şurasında Qarabağ bölgəsində “humanitar böhranı”, müzakirəsi üçün təcili iclas keçirdi. Ermənistan bu müzakirələrdən heç bir siyasi divident qazana bilmədi. Azərbaycanın Qarabağ bölgəsinə BMT sülhməramlı missiyasını göndərmək üçün BMT Təhlükəsizlik Şurasının qərarı olmalıdır. Xatırladaq ki, ötən ilin sentyabrın 21-də Fransa və ABŞ-ın təşəbbüsü ilə BMT TŞ-nin Qarabağ bölgəsindəki vəziyyətə həsr olunmuş iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bölgəyə BMT sülhməramlı missiyasının göndərilməsini təklif etmişdi.
Bəs BMT hansı halda Qarabağa “sülh missiyası” göndərmək haqda qərar verə bilər? Azərbaycana düşmən mövqe sərgiləyən Fransanın ABŞ-ın “saqqızı oğurlayıb” belə qərarın müzakirəsinə sövq edə bilərmi?
“BMT Təhlükəsizlik Şurasının daimi üzvləri sülhməramlı qoşunlarını gedib Qəzza bölgəsinə, Livanın cənubuna, Ukraynanın şərqi olan Donbasa göndərsinlər, bizə niyə?”, - professor Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında belə qeyd etdi. Onun sözlərinə görə, Qarabağa sülhməramlı kontingent lazım olsaydı, rus hərbçiləri qalardılar. Onlar belə vaxtından tez getməli oldular və qalmaları üçün səbəb olmadı. O zaman BMT qoşunları nə adla regiona yerləşəcək? Əgər ermənilərin qaytarılması nəzərdə tutulursa, Azərbaycanın şərtləri aydındır. Hətta onlar qayıtsalar da BMT sülh missiyasına ehtiyac olmayacaq. Azərbaycan erməniəsilli vətəndaşlarının təhlükəsizliyini təmin etməyə hazırdır, BMT-nin hərbi kontingenti niyə gəlməlidir?!"
Qabil Hüseynli
Q.Hüseynli BMT qoşunlarının münaqişə zonalarına yerləşdiyini xatırladır: “Qarabağda isə heç bir münaqişə yoxdur. Şimali və Cənubi Kipr arasında sülhməramlı kontingent var, hərçənd indi onlara ehtiyac aradan qalxır. Həmçinin münaqişə ocaqlarını qeyd etmək olar: hazırda İsrail Qəzzanı və Livanı vurur, oradakı dinc əhalini müdafiə etmək lazımdır. Eyni zamanda Ukraynaya dəstək lazımdır. Şübhəsiz ki, bu cür niyyətin olması Cənubi Qafqazda təsir gücünü artırmaq istəyindən irəli gəlir. Bortnikov BMT kontingentinin ümumən regiona yerləşdirilməsindən danışır. Bu siyasət Ermənistan üzərindən həyata keçirilir. Lakin Qarabağa qoşun göndərilməsi mümkün deyil, hətta ermənilər orada olanda belə bu baş tutmadı”.
Ehtiram Mehdiyev
Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev bildirdi ki, BMT qoşunlarının regiona gəlməsi Ermənistan ərazisində ola bilər: “İrəvan rus sərhədçilərinin yerini onlarla doldurmağı fikirləşir. KTMT əleyhinə verilən bəyanatlar və qurumdakı fəaliyyətin dondurulması da bu məqsədə hesablanıb. Amma Paşinyan administrasiyasının təhlükəsizlik sahəsində bu addımları onu ciddi problemlərlə üz-üzə qoyacaq. Rusiya indi dərinə getmir, iqtisadi sahədə əməkdaşlıqdan razı olduğu üçün sıxma-boğma eləmir, amma əmin olun ki, gec-tez son hesablaşma görəcəyik. Çünki vassal ölkə Rusiyanın düşmənlərini bölgəyə gətirib. Bu, Kreml üçün xəyanət sayılır. O baxımdan irəlidə bu addımlar sürətləndirilməyə başlansa, rus hərbi bazalarının və sərhədçilərinin çıxarılması əvəzinə beynəlxalq missiya gətirilsə, Paşinyan sarsıdıcı zərbələr alacaq. Rusiya üçün Ermənistan balaca tikədir və arxayındır ki, istədiyi zaman onun başından qapaz vura bilər”.
Partiya rəsmisi Qarabağda BMT qoşunlarının yerləşməsini isə mümkün saymır və bir neçə səbəblə izah edir: “Əvvəla, rus sülhməramlıları yeni gedib. Rusiya bizə deməz ki, yerimizi niyə BMT əsgərləri ilə doldurursunuz? İki ölkə arasında imzalanmış müttəfiqlik bəyannaməsi var. İkincisi, qardaş Türkiyə mövcuddur. Bakı və Ankara Şuşa Bəyannaməsi imzalayıb. Əgər zərurət olarsa, Türkiyə yanımızdadır. O cəhətdən də BMT-yə ehtiyacımız yoxdur. Ən nəhayət, Qarabağ bizim suveren ərazimizdir, başqa dövlətlər kimdirlər ki, yerimizə qərar versinlər? Bura Kosova deyil, bura Əfqanıstan, Liviya, Mali, yaxud Cənubi Sudan deyil ki, BMT əsgərlərinə ehtiyac yaransın. Azərbaycan Qərbin təxribatçı planlarının tərkib hissəsi olmayacaq. Ermənistandan fərqli olaraq, biz regional əməkdaşlığın güclənməsinin tərəfdarıyıq. Hazırda ən ideal platforma 3+3 formatıdır. Bölgədə dayanıqlı sülh bu layihədən asılıdır, əks halda, hər zaman regiona müdaxilələr olduqca bölgə dövlətləri ilə Qərb arasındakı qarşıdurmadan bizə də, ermənilərə də zərər gələcək”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ