İnsanlara hürriyət, millətlərə istiqlal!

Blokada görmək istəyən Naxçıvana baxsın

Dünya güclərinin ikili standartları davam edir; politoloq: “Laçın yolunun bağlanmasından narahat olan beynəlxalq dairələr zəhmət çəksinlər Zəngəzur dəhlizinin Ermənistan tərəfindən açılmamasına narahatlıqlarını ortaya qoysunlar”

Azərbaycanın ekofəallarının Xankəndi-Gorus yolu üzərində başlatdıqları dinc aksiya davam edir. Bu aksiya artıq İrəvandan tutmuş, Vatikana, Vaşinqtona, Brüsselə -  bütün dünyaya səs salıb. Erməni havadarları isə hərəkətə keçiblər. Onlar iddia edirlər ki, Azərbaycanın ekofəalları Qarabağda yaşayan dinc erməniləri blokadaya salıblar və onlara təhlükə var. Təbii ki, bütün bunlar ikili standartların yenidən partlaq verərək, beynəlxalq hüququ tapdaması prosesidir. 30 il Azərbaycan torpaqları işğal altında qaldı, şəhərlərimiz, kəndlərimiz viran qoyuldu, 100 minlərlə azərbaycanlı qaçqın salındı, öz yurd-yuvasından qovuldu, minlərlə dinc sakinlərimiz vəhşicəsinə qətlə yetirildi. Amma indi "blokada", insan haqları deyənlər o zaman səssiz qaldılar. Hazırda Qarabağın işğaldan azad olunan bölgələri açıqdır və oraya xarici ölkələrin diplomatları da, jurnalistləri də gedib-gələ bilirlər. Orada gördükləri vəhşiliyi, erməni xalqının dağıdıcı xislətinin yaratdığı mənzərələri, heç şübhəsiz, qeydə alıb, öz hakimiyyətlərinə və ictimaiyyətlərinə xəbər verirlər. Lakin burada da kiçik istisnalarla, kimsə səsini çıxartmır.

Blokada məsələsinə gəlincə isə...  Əgər beynəlxalq aləm bölgədə həqiqi blokada görmək istəyirsə, nəhayət ki, Naxçıvana baxa bilər. 30 ildir blokada vəziyyətində olan Naxçıvanla bağlı Qərb dairələrinin, dünya dövlətlərinin bir dəfə səsi çıxıbmı? Naxçıvan öz-özünə blokadaya düşməyib. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 30 ildir Naxçıvan camaatı zülm çəkir. Faktiki olaraq, bu ərazimizə gediş-gəliş müşkülə çevrilib. İnsanların haqları, hüquqları, rahatlıqları pozulur. Qərbin insan haqlarını “qoruyan” təşkilatları isə bunu bir dəfə olsun görməyib, haqqında danışmayıblar. İndi durub hansısa mif blokadadan danışıb, Azərbaycanın guya Xankəndini əsarətdə saxladığını deyirlər. Əgər regionda real blokada görmək istəyirlərsə, o zaman Naxçıvana baxsınlar. Naxçıvanı blokadadan çıxarmaq üçün isə Ermənistanı da xilas edən Zəngəzur dəhlizi layihəsinə baxmağın zamanı çoxdan çatıb. Əgər müxtəlif dairələr blokadadan danışırlarsa və buna qarşıdırlarsa, o zaman Zəngəzur dəhlizinin həyata keçməsi üçün Ermənistana da təzyiq etsinlər. Çünki regionun inkişafı, Naxçıvanın blokadasının, Ermənistanın özü-özünü təcrid etməsinin çıxış yolu bu dəhlizdir. Üstəlik, dəhlizlə bağlı hüquqi əsas da mövcuddur. 10 noyabr üçtərəfli bəyanatına Ali Baş Komandan, Prezident İlham Əliyevin təkidi ilə  9-cu bənd salınıb.

Doqquzuncu bənddə göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Ancaq sonradan bu bəndin həyata keçməməsi üçün hər cür oyuna əl atdılar. Azərbaycan BMT-nin qətnamələrinin, ATƏT-in  keçmiş Minsk Qrupunun yalançı görüşlərinin azad edə bilmədiyi Qarabağı öz gücü ilə azad etdiyi kimi Zəngəzur dəhlizini də açacaq, Naxçıvanı da blokadadan çıxaracaq. Ancaq beynəlxalq aləmin bu ikili standartları, görünür, heç zaman bitməyəcək. Əgər bunun əksini iddia edirlərsə, bundan gözəl imkan ola bilməz. Bizdən dinc aksiyanı dayandırmağı tələb etdikləri kimi Zəngəzur dəhlizinin açılmasına da çalışsınlar.

Bu məsələyə yanaşmada da ikili standartlar özünü göstərirmi? Bizdən dinc aksiyanı dayandırmağı tələb etdikləri kimi, Zəngəzur dəhlizinin açılmasını da Ermənistandan tələb etmələrini Bakı beynəlxalq güclər qarşısında qaldırmalıdırmı?

Oqtay Qasımov: “İki ölkə arasında münasibətlərin intensivləşməsi mühümdür”  - Sozcu.az

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan ictimai fəallarının Şuşa-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyası dünyada böyük beynəlxalq rezonans doğurub. Bu aksiya başlayandan sonra yolu bağlayan Rusiya sülhməramlı qüvvələri Rusiyanın siyasətini həyata keçirməklə əslində Azərbaycana təzyiq etməyi düşünürlər:  "Çünki Rusiyanın Cənubi Qafqazla bağlı siyasəti tamamən bu işin üzərində qurulub ki, Rusiyanın nəzarətində bölgələrdə gərginlik saxlansın, sabitlik bərqərar olmasın və bunun fonunda Rusiyanın bölgədə varlığı təmin olunsun. Rusiya sülhməramlıları yolu bağlamaqla əslində eyni zamanda Azərbaycana beynəlxalq təzyiqin olmasını istəyirlər. Bu təzyiqin nəticəsində həm Rusiya sülhməramlılarının bölgədə qalma müddətinin uzadılmasını, eyni zamanda onlara beynəlxalq mandat verilməsini istəyirlər. Bununla bərabər Rusiya bir daha onu göstərməyə çalışır ki, bu bölgədə dominant rol ona məxsusdur və Azərbaycan-Ermənistan münaqişəsinin normallaşması da ancaq Rusiya tərəfindən həyata keçirilə bilər.

O ki, bu mövzuda hay-küy qaldıran və ermənilərin guya blokadada qaldığını, humanitar fəlakət həddinə çatdığını söyləyən beynəlxalq təşkilatlar və bəzi dövlətlərin təmzilçilərinə, 30 ildən artıqdır onlar necə davranırlarsa indi də elə davranırlar. Onlar həmişə məsələlərə ikili standartlarla yanaşıblar, bu gün də belə yanaşırlar. Həmin qüvvələr əhalisinin sayı Qarabağdakı əhalidən dəfələrlə çox olan Naxçıvanın Ermənistanın işğalçılığı üzündən 30 ildən artıqdır blokadada qaldığını həmişə görməməzlikdən gəlirlər. İndi isə Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın destruktiv mövqeyini müdafiə edirlər. Bununla həmin beynəlxalq qüvvələr Naxçıvanın blokdada qalmasına dəstək vermiş olurlar".

Politoloq qeyd etdi ki, Zəngəzur dəhlizində Ermənistanın gömrük hüququnun tətbiqini və dövlətlərin suverenlik hüquqlarına hörmət edilməsi prinsipini əsas götürən güclər eyni prinsiplərə Laçın yolunda da tərəfdar çıxmalıdırlar və bərabərlik olmalıdır. Ən azı o baxımdan ki, Laçın yolu ilə Zəngəzur dəhlizinin statusları eyni deyil, biri yerli əhəmiyyətli, biri isə beynəlxalq əhəmiyyətli dəhlizlərdir: “Zəngəzur dəhlizi beynəlxalq səviyyəli dəhliz kimi nəzərdə tutulduğu üçün orada daha fərqli prinsiplər tətbiq edilməlidir. Yəni Laçın yolundakı prinsiplərdən daha yüngülləşdirilmiş variantlar tətbiq olunmalıdır. Azərbaycan məsələni həm də belə qoymalıdır ki, Laçın yolunun bağlanmasından narahat olan beynəlxalq dairələr zəhmət çəksinlər Zəngəzur dəhlizinin Ermənistan tərəfindən açılmamasına narahatlıqlarını ortaya qoysunlar. Naxçıvandakı 500 mindən yuxarı əhalinin hüquqlarını görməməzlikdən gəlib, 15 min erməninin hüquqlarının "pozulmasından" narahatlıq keçirmək insan hüquqları davası aparmaq yox, riyakarlıq və qərəzli siyasi münasibətdir. Belə münasibəti ortaya qoyanların mövqeyini isə Azərbaycan qəbul edə bilməz".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR