İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizi oksigensiz saxlayan kimlərdir?

Yaşıllığı qıranların cəzası artırıldı - çarə budurmu?

Azərbaycanda ən ciddi ekoloji problemlərdən biri heç şübhəsiz ki, meşələrin qırılmasıdır. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin ekspert qrupu tərəfindən yayılmış hesabata görə, Kür çayı boyunca Tuqay meşələrinin qırılmasından yaranan fəsad bu ilin yazında beş vermiş sel və fəlakətlə müşahidə olundu. Ümumiyyətlə, meşələrin qırılması ölkənin ən ciddi ekoloji problemidir. Bəllidir ki, ayrı-ayrı məmurlar yaşıllıqları məhv etməklə, özlərinə bizneslər qurublar. Bunun nümunəsi kimi, Cənub və Şimal meşə massivlərini göstərə bilərik. Talış dağlarında artıq çılpaqlaşma elə bir həddə çatıb ki, yüksəkliklər bozarmağa başlayıb.

Meşələrin qırılması dağ kəndlərindəki bulaq və quyuların qurumasına də səbəb olub. Mütəxəssislərə görə, meşə massivləri azaldıqca, ölkədə içməli su problemləri və torpaq sürüşmələrinin də sayı artacaq. Şimal meşələrində də vəziyyət eynidir. Cənub meşələrindən fərqli olaraq, Şimal bölgəsində vəziyyəti acınacaqlı edən əsas arqument odur ki, burada mebel fabriklərinin sayı həddindən artıq çoxdur. Həmçinin qoz və fındıq bağlarının kütləvi şəkildə məhv edilməsi nəticəsində burada dəhşətli ekoloji durum yaşanır. Elə buna görədir ki, Şimal bölgəsində ağır xəstəliklər durmadan artır. Halbuki ölkə ərazisində meşələrin qorunmasına, yaşıllıqların artırılmasına hər il on milyonlarla vəsaitlər xərclənir.

Hesabatda qeyd olunur ki, paytaxt Bakıda bu sarıdan vəziyyət lap ciddidir. “Şəhərdəki parklar, bağlar, yaşıllıqlar böyük bir sürətlə, bir neçə ilin içərisində qırılaraq əhəmiyyətli surətdə azaldı. Yenidən ağacəkmə kampaniyaları həyata keçirilsə də, bunun ciddi faydasının olmadığı hamıya bəllidir. Milyonlarla xərc çəkilib xaricdən gətirilən linklərin qurumasını rəsmilər iqlim uyğunlaşmazlığı kimi izah edirlər. Elədirsə, bu ağacların gətirilməsinə niyə pul xərclənir? Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu istiqamətdəki fəaliyyəti "tutar qatıq, tutmaz ayran" prinsipi üzərində qurulub desək, yanılmarıq..."

AZƏRTAC

Hikmət Əlizadə

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə mediaya müsahibəsində bildirib ki, əgər beş il əvvəl ölkə üzrə ağacların qanunsuz kəsilməsi 55 min kubmetr həddində idisə, son bir il ərzində bu rəqəm 10 min kubmetrə düşüb, yəni beş dəfə azalıb. O cümlədən Bakı şəhəri ərazisinə nəzər salsaq, çox az sayda nöqsanlar aşkar edildiyi görünür: “Aşkarlanan pozuntular isə iki-üç ağacın kəsilməsi, haradasa bir ağacın budağının qırılması kimi faktlardır. Amma bu özü də həm narahatedici, həm qıcıqlandırıcı faktordur. Xüsusi olaraq Bakı şəhərinin daha çox diqqət çəkməsinin səbəbi vətəndaş cəmiyyətinin aktivliyidir. Eləcə də Abşeron yarımadasının təbiəti, təbii faktorları, torpağı elədir ki, bir ağacın əkilməsi, boya-başa çatması uzun illər və böyük zəhmət tələb edir. O səbəbdən, əlbəttə ki, hər bir ağac qiymətlidir”.

Cərimələrə gəlincə, nazirlik nümayəndələri bildirir ki, xüsusən yaşıllıqlarla bağlı çoxlu sayda protokol tərtib olunur. Onların bir hissəsi hansısa kənd ərazisində bir şəxs tərəfindən bilmədən kəsilən bir-iki ağac və ya ağac zədələnmələri ilə əlaqəli olur.

Keçən il yaşıllıqların məhv edilməsinə dair 1 963 fakt müəyyən edilib və aktlaşdırılıb. Onlardan 223-ü cinayət tərkibi yaratdığından hüquq-mühafizə orqanlarına göndərilib. Ziyanın məbləği isə 2 milyon 550 min manat təşkil edib. Cari ilin üç ayı ərzində 480 fakt aşkarlanıb və 67 fakt hüquq-mühafizə orqanlarına göndərilib. Dəymiş ziyan isə 863 min manat təşkil edib.

Amma yaşıllıqların mühafizəsi ilə bağlı kiçik cərimələrin bir neçə dəfə artırılması nəzərdə tutulub. Nazirlik rəsmiləri tərəfindən anons verilib ki, Bakı şəhəri üzrə yaşıllığa dəymiş ziyanla bağlı müvafiq əmsallar üç dəfə çox idisə, artıq beş dəfə çox olacaq. Rayonlarda təbiətə vurulan ziyan nəticəsində cərimə 100 manat idisə, Bakı şəhərində 300 manatdır. Amma bütün bu cərimələrin miqdarı beş dəfəyə qədər artırılacaq. Çünki bu əmsallar Bakı şəhəri, Sumqayıt, Gəncə ərazisində yaşıllığı mühafizə etmək üçün tətbiq edilirdi. Yeni sərtləşmələrə görə, hansısa regionda ağac kəsilməsinə görə ödənilən 100-200 manatlıq cərimələr Bakı üzrə 1 000 manata qədər qaldırılacaq. Eləcə də cinayət tərkibinin yaranması məsələsi ilə bağlı artıq yeni əmsallar təyin ediləcək. Müvafiq əmsallar İnzibati Xətalar Məcəlləsinə (İXM), Cinayət Məcəlləsinə (CM) uyğun tərtib edilib.

Qaydalar elə hazırlanır ki, hətta bir orta diametrli ağacın kəsilməsi cinayət tərkibi yaratmış olacaq. Yəni artıq vətəndaş, xüsusən şirkətlər onlara “maneçilik” törədən bir ağac barəsində daha diqqətli olmağa məcbur olacaqlar. Onlar başa düşməlidirlər ki, bir ağacın qanunsuz kəsilməsi cərimə və həbs qərarına qədər gətirib çıxara bilər.

Ümumiyyətlə, monitorinqlər zamanı müəyyən olunub ki, xüsusən gecə saatlarında ağac kəsən vətəndaşlar üstünlük təşkil edir. Onlar bu hərəkətlərini daha çox ağacın onlara mane olmaması ilə əsaslandırır. Nazirlikdən isə bildirirlər ki, aidiyyəti qurumlar o ağacı qanuni yolla, müvafiq formada kəsib, bir neçə günün içində götürə bilərlər. Amma özbaşına ağac kəsilməsi aşkar edilərsə, ən yaxşı halda cərimə tətbiq edilir, ən pis halda isə hətta həbs qərarı verilir.

HAZIRLADI: Sevinc TELMANQIZI 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR