İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Məmmədov: “Milli bayramların avropasayağı qeyd olunması kökündən yanlışdır”

“Dəyərlərini qorumayan millətin gələcəyi yoxdur”

Son illər bəzi ziyalılar gənclərin milli bayramları avropasayağı qeyd etməsi ilə bağlı narahatlıq ifadə edirlər. “Milli bayramlar milli şəkildə qeyd olunmalıdır” fikrini müdafiə edənlər bunun dəyərlərimizin, milli kimliyimizn qorunması baxımından önəmli olduğunu qeyd edirlər.

Sosioloqlar, folklorşünaslar bayramların yalnız bayram xatirinə keçirilmədiyinə diqqət çəkirlər. Onlar vurğulayırlar ki, özəlliklə milli bayramlar milli təfəkkürümüzün, şüurumuzun, vətənpərvərliyimizin inkişafı üçün lazımdır. Mütəxəssislər bayramların hər bir insanın və bütövlükdə cəmiyyətin həyatını əks etdirən xüsusi, çoxşaxəli bir sosial fenomen olduğu qənaətindədirlər.

Alman mədəniyyət tarixçisi Yan Assman bayramı mərasimlə birlikdə mədəni yaddaşın əsas forması adlandırır və bunu yazısız mədəniyyətlərdə qrup identikliyinin qarantı hesab edir. Mədəni yaddaşın müqəddəs mahiyyətə malik olduğunu vurğulayan Assman qeyd edir: “Bayram bir çox digər funksiyalarla yanaşı, yaddaşda kök salmış keçmişi canlandırmağa xidmət edir. Keçmişə belə bir müraciət xatırlayan qrupun öz identikliyini əsaslandırmasına xidmət edir. Bu adi identiklik deyil, kollektiv identikliyə təntənə, yəni gündəlik həyatın fövqündə dayanan, ondan fərqli məqamlar xasdır”.

Assmanın fikirlərinə istinad edən filologiya üzrə fəlsəfə doktoru Dilbər Zeynalova “Bayram Mədəniyyəti Folkor və Etnokulturoloji Kontekstdə” adlı məqaləsində qeyd edir ki, qloballaşma dövründə bayram mədəniyyəti etnik özümlüyün qorunub saxlanmasını təmin edə bilən birləşdirici gücə malik təbii bir proses kimi çıxış edə bilər: “Təəssüf ki, 21-ci əsrin əvvəllərində bayram mədəniyyəti ayrı-ayrı səviyyələrə ayrılıb və kəskin şəkildə differensasiyaya məruz qalıb, xüsusilə gənclər arasında müxtəlif növ bayram fəaliyyətlərinə maraq artıb. Qeyd etmək lazımdır ki, bayram, onun ənənələr sisteminin məhvi nəsillər arasında mədəni əlaqələrin zəifləməsinə, ənənə-varislik əlaqələrinin qırılmasına, sosial, mədəni məkanın birliyinin məhv olmasına gətirib çıxarda bilər. Sovetdən qalma mərasimlərə münasibət və ümumi mədəni prosesdəki yeri ilə bağlı qeyri-müəyyənlik, müxtəlif növ lokal "əlavələr", bayram sayının artması yaxşı perspektiv vəd etmir.

Bundan əlavə, müasir bayram mədəniyyətinin xarakterik xüsusiyyətlərindən biri insanın mənəvi aləminə heç bir şəkildə təsir etməyən, adi insani münasibətlərdən kənar, yalnız əyləndirmək ehtirası istiqamətinə meyllənməsidir. Bütün bunlar, şəhərlərin mədəni mühitini yaradan lokal bayramların tarixi və mədəni cəhətdən yenidən qurulmasına, bayramlarda əks olunan plüralizm və submədəniyyətləin çoxluğu vahid bayram konsepsiyasına sistematik baxış tələb edir".

AMEA-nın Folklor İnstitutunun Müasir folklor şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Füzuli Bayat APA-ya müsahibəsində bu mövzuya toxunaraq deyib ki, gəncləri müasir dövrün tələblərinə uyğun şəkildə davrandıqlarına görə qınamaq olmaz: “Bu gün Qazaxda, Şəmkirdə, Borçalıda gənclər üzlərinə avropasayağı, qorxulu maskalar keçirib şənlənirlər. Bunu qınamaqla nəyəsə nail ola bilməyəcəyik, onlar onsuz da istədikləri kimi şənlənəcəklər. "Bu, bizim adət deyil, bu, Avropadan gəlib" deyib müqavimət göstərmək mənasızdır. Məsələn, “Telefon gavur icadıdır” deyib bu gün telefondan imtina edib köhnə qaydaya-məktubla ünsiyyətə qayıda bilərikmi? Bəzi yeniliklərə boyun əyməliyik. Bu maskalar Azərbaycan mentalitetinə uyğun deyil, amma biz bayramda belə qəribə maskalar taxıb şənləndikləri üçün o gəncləri cəzalandırmalıyıq? Gənc əyləncəni bu cür görür, bu cür şənlənirsə, yaşlı nəsil ən yaxşı halda bunu qəbul etməyə bilər. Amma buna qarşı təbliğat aparmaq, bu gəncləri tənqid etmək lazım deyil. Zaman, texnoloji inkişaf “dədə-baba qaydası”nı dəyişir. Bu dəyişikliyə ayaq uydurmayan hər şey məhv olmağa məhkumdur".

Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a şərhində bildirdi ki, kimliyi formalaşdıran milli-mənəvi dəyərlərdir. Deputatın sözlərinə görə, bir millətin nümayəndələrini digər millətin nümayəndələrindən fərqləndirən əsas cəhətlər onun dəyərləri, ənənələridir: “Buna görə də biz dəyərlərimizin və ənənələrimizin qorunması üçün çox çalışmalıyıq. Bunu hər zaman vurğulayıram ki, dəyərlərimiz bizim kökümüzdür. Bu kökü ciddi şəkildə qorumalıyıq. Dəyərlərini qorumayan millətin, dövlətin gələcəyi yoxdur. Bunu hər kəs bilməlidir. O cümlədən bu istiqamətdə davamlı iş aparılmalıdır.

Təəssüf ki, bəzən bizə xas olmayan bayramların daha təntənəli qeyd olunduğunu görürük. Hesab edirəm ki, milli və dini bayramlarımızı bizə xas olmayan bayramlar üstələməməlidir. Milli bayramların avropasayağı qeyd olunması kökündən yanlış məsələdir. Dəyərlər və ənənələr zamanla dəyişmir. Zamanla dəyişiklik imtina deməkdir, nəticədə narahatlıq doğuran vəziyyət yaranır. Milli bayramlar tarixən necə keçirilibsə, o formada da xalqımız tərəfindən yaşadılmalıdır. Diqqətli, ehtiyatlı və məsuliyyətli olmaq lazımdır. Yeniliklər, dəyişikliklər bütün ənənələrin, dəyərlərin unudulmasına səbəb ola bilər. Milli bayramlar bizim mədəni, mənəvi sərvətimizdir. Bu sərvətə ciddi formada sahib çıxmalıyıq. Əks təqdirdə, çox çətin duruma düşə bilərik". 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR