İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizə sataşan xeyir tapmaz, cəddimiz ağırdır

 

Korsikada baş verən haqq-hesabdan sonra artıq inanmaq istiqamətinə meyllənməyə başlamışam ki, cəddimizin energetikası köməyimizə gəlir.

Fikir verirsinizsə, bizə toxunan, ilişən, sürtüşən xeyir tapmır, mütləq öz özünün başına iş gəlir və başı özünə qarışır.

Bu cədd məsələsini çox dini-mistik bürüncəyə bürümək lazım deyil, “cədd” sözü “əcdad” (yəni dədə-baba) deməkdir və dünyada yaşayan 7 milyard insanın hamısının cəddi, əcdadı, dədə-babası var. Bunsuz mümkün deyil. Sadəcə, ola bilər ki, bəzilərin cəddi müqəddəsdir, ağırdır, bəzilərininki orta çəkilidir və müqəddəs deyil. Hazırda bizim cəddimizdən bizə, oxumuş adamlar demikən, passionar enerji gəlir, ya hər nədirsə, 3-4 ildir işlərimiz yavər gedir.

Ona görə də 3 ildən çoxdur oturub-durub bizə sataşan, bizə qarşı başlanmış separatizmi dəstəkləyən Fransanın özünün hazırda Yeni Kaledoniya və Korsikada məxməri separatizmlə üzləşməsinin ilkin motivini cəddimizin təsirinə bağlayıram. Amma ola bilər, ortada korsikalıların özünün də əsrlərdir fransız ağalığından əziyyət çəkən əcdadlarının ruhunun oyanışı məsələsi var.

Məsələnin mistik tərəfindən fırlanıb keçək pərdə arxasına. Bildiyiniz kimi, dünyada nə baş verirsə, versin, hansı proses gedirsə, getsin, mütləq onun pərdəarxası təfərrüatları var.

Hadisə bundan ibarətdir ki, Korsikanın Bastiya şəhərində camaat Fransanın siyasətinə etiraz olaraq növbəti aksiya keçirib və Fransa polisi aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz işlədib.

Başqa yerdə elə şeylər olanda Avropa və ABŞ ayağa qalxır ki, dinc aksiyaçılara qarşı qeyri-adekvat güc tətbiq edilib və bu, yolverilməzdir. İndi həmin haqq-hesabdan Bastiya şəhərində də olub. Heç bizdə camaata səs bombası atan olmur, amma Bastiyada polis gurultu-partıltı salıb ki, camaat qaçıb dağılsın.

Əlbəttə, bu qanunsuz hərəkətdir, insan haqlarına ziddir, keçmişin qalığıdır, vətəndaşların sərbəst toplaşmaq hüququnun pozulmasıdır, hətta söz və mətbuat azadlığını məhdudlaşdırılmasıdır. Bu sonuncu ittihamı havadan götürməmişəm, xəbər verilir ki, polsi çəkiliş aparan jurnalistlərə də zərər yetirib.

Yadınızdadırsa, ötən ilin axırıncı ayının əvvəlində (2003, dekabr) hökumət agentliyində çalışan, Parisdə akkreditasiya olunmuş həmvətənimiz-həmkarımız Yeni Kaledoniyadakı etiraz aksiyalarını işıqlandırmaq üçün bu uzaq, yaşıl adaya uçmuşdu, onu orada saxlayıb geri göndərmişdilər, peşə fəaliyyətinə mane olmuşdular. (Yeni Kaldeoniya Fransanın köhnə koloniyasıdır – bilməyənlər üçün). Biz də yazmışdıq ki, “bu da Fransa demokratiyası...”.

İndi də Korsika... Bu ada elə-belə yer deyil. Hamınızın tanıdığı Napoleon Bonapart Korsikada doğulub. Eləcə də, yenə hamımızın tanıdığı, Hindistana getdiyini zənn edərək Amerikanı kəşf edən, yerli əhalini hindu adlandıran Xristofor Kolumb da, bir versiyaya görə, korsikalıdır.

Biz, təbii ki, bu hünərvər camaata mənəvi, siyasi və mətbu dəstək veririk. Bunu, söz yox ki, Fransanın acığına edirik. Yoxsa keçən ilə qədər harada separatizm hərəkatı baş qaldırırdısa, biz dərhal ona qarşı olurduq, qorxurduq ki, o hərəkat qalib gələr, yeni bir müstəqil dövlət yaranar və bu, Qarabağdakı ermənilər üçün presedent olar.

Ötən ilin sentyabrından sonra o qorxu canımızdan çıxıb. Odur ki, biz də artıq separatizmə dəstək verən ölkələrin sırasına qoşula bilərik. Hələlik Korsikadan başlamışıq. Bəli, o xalqın öz müqəddaratını təyin etmək hüququ var. Hətta sırf erməniləri müdafiə edən ispaniyalı Cozef Borrelin acığına, öz adımdan deyim ki, Kataloniyanın da müstəqil dövlət olmasının tərəfdarıyam.

Hələ gözləniləndir ki, gələcəkdə Kaliforniya da ABŞ-dan ayrılmaq istəyəcək. Bax, onda kef olacaq. Erməni separatizmini müdafiə edən ABŞ senatorlarının Kaliforniyaya qarşı kəskin çıxışlar etməsini izləmək ləzzət edəcək. Yeri gəlmişkən, dünya erməniləri yavaş-yavaş Kaliforniyaya toplaşırlar. Tam komalaşandan, yaxşı yerlərə daraşandan sonra, orada da əvvəl-axır bir qazan qaynadacaqlar.

Korsikada bu aksiyalara Milli Azadlıq Cəbhəsi rəhbərlik edir. Cəbhəçilərin məqsədi tam siyasi müstəqilliyə nail olmaq və ya muxtariyyət hüquqlarını genişləndirməkdir. Bir də istəyirlər ki, Fransa hökuməti onları “Korsika xalqı” kimi tanısın. Hazırda hökumət adada yaşayanların hamısını “fransız” adlandırır – necə ki, ərəb Zidanı və Benzemanı, kamerunlu Mbappeni də “fransız” elan ediblər. Korsikalılar isə fransız olmaq istəmirlər. (Bu yerdə bizim məhur “Niyə fransız olmaq istəmirsən” meyxanası da xatırlamaq olar).

Biz superdövlətlərdən biri olsaydıq, indi rəsmi Paris özünü ülgücləyirdi ki, Korsikadakı separatizmi Azərbaycan maliyyələşdirir. Amma elə deyil. Heç o vaxt Parisin yaman günə qalmasında da Dərviş Məstəli şahın rolu olmamışdı. Korsikanı ayağa qaldıran öz problemləridir. Cəddimiz köməkləri olsun.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR