İnsanlara hürriyət, millətlərə istiqlal!

Bivəfa sərnişinlər

Yaxud, Cavid müəllimi aparan qatar haqda

Bizim millət elə bil ki, müəyyən dərəcədə vəfasızdır. “Unutqan xalqıq” – meydan hərəkatı dövründə deyilən kimi.

Örnək üçün, son illərdə hamı yazıçı Anardan sonra Azərbaycan Yazıçılar Birliyinin tikə-parça olacağını, hörmətdən düşəcəyini, az qala ayaqqabı silən kimi istifadə ediləcəyini dedi, yazdı. Yeri gəlmişkən, bu istiqamətdə bəzi müxalif keçmişli (guya) yazıçılar xüsusilə özlərinə əl qatdılar, hətta bir şaircik az qalmışdı AYB sədrinin yolunda belinə şəhid kəməri bağlayıb tənqidçilərin altına atılsın. Çox biabırçı səhnə idi – şair gözünü öküz gözləri kimi bərəldib müsahibələr verirdi. Bu, yarımçıqlıq sindromudur. Onlara elə gəlir hələ də müəyyən dairələrdə müxalifətçi sifətində tanınırlar. Dəridən qabıqdan çıxırlar ki, belə olmadığını isbat etsinlər. “Köç geri qayıdanda axsaq keçi qabağa düşər” ata sözü də həmin tiplərə aiddir.

Xülasə, qeyd etdiyim kimi, AYB sədrindən hamı yazdı, lakin bugünlərdə dəmiryolunun şefi Cavid Qurbanovu xatırlayan da olmadı. Cavid müəllim mayda dəmiryolundan çıxarılıb nazir müavini qoyulmuşdu, bu həftə isə onun yerinə baş dəmiryolçu başqası təyin edildi.

Bu nə etibarsızlıqdır? Biz axı ölkəmizə ilk dəmiryolunu Cavid müəllimin gətirdiyini bilirik. İlk maşinistimiz, ilk paravozumuz, ilk dəmiryolu stansiyamız... Hamısı bu dahi şəxsiyyətin adıyla bağlıdır. Cavid müəllimin xeyir duası olmasa qatarlar Keşləyə qədər də getməz. Yalnız onun sayəsində biz millət olarar Biləcəridən o tərəfdə tanınırdıq, dilçi alimlərimiz AMEA-da çoxdan isbat ediblər: Biləcərinin adındakı “c” hərfi Cavid müəllimin adındakı “c” hərfindən əmələ gəlmişdir. Lakin heç bir nəfər də yazmadı ki, Cavid müəllimdən sonra dəmiryolunun əvvəlki hörməti qalmayacaqdır. Dəhşətdir. Sonra deyirlər niyə xiyar əyri bitir. Sizin, bizim aramızda ala qarğa bala çıxartmaz.

Cavid müəllimin işdən çıxarıldığı gün qatarlar azı 5 dəqiqə fit çalmalı idi. Bakı-Sumqayıt qatarı relsdən çıxıb üsyan etməli, Yeni Zelandiyaya getməliydi. Qatar bələdçiləri etiraz əlaməti olaraq sərnişinlərin çayına duz qatmalı, ağları qaralarla dəyişməli, tamburdan (neçə ildir bu sözü yazılarımda istifadə eləməyi gözləyirdim, qismət bu gün imiş) qara bayraq asmalıydı. Ancaq altı ay keçib, reaksiya sıfır.

İndi gözləyək, nəticələr görək nə olacaqdır. Məsələn, Ziya müəllim nəqliyyat naziri görəvindən atılandan sonra Bakı-Quba yolu dağıldı. Eldar Mahmudov işdən çıxdı, ta biznesmen də yoxdur tutub döyəsən. Cavid müəllimin sektordan ayrı salınması yaxşı olmayacaq. Dəmiryolunun əvvəlki hörməti artıq yoxdur.

İkincisi, keçən həftəmiz ərzində Tarif Şurası bambılı bir qərara imza atdı: şəhərlərarası telefon danışığının dəqiqəsi 5 qəpikdən 3 qəpiyə endirildi, şəhərdə ev telefonu abunəsinin aylığı isə 2 manat 50 qəpikdən 3 manat 50 qəpiyə qaldırıldı.

Əslində indiki vatsap-internet-skayp dövründə kiminsə Bakıdan Ağdaşa, ev telefonuna zəng vurması ehtimalı nə qədərdir, bunu buraxaq Tarif Şurasının qanacağına və statistikasına. Böyük ehtimal belə adamların sayı sıfıra yaxındır. (Dəqiqləşdirdim və ehtimalım doğruldu: Statkomun məlumatına görə 2021-ci ildə Azərbaycanda şəhərlərarası və beynəlxalq telefon danışıqları üzrə əhaliyə göstərilən xidmətin ümumi dəyəri 3 min 82 manat olub). O üzdən, şəhərlərarası telefon danışığı üç qəpik olmur, lap bir qəpik olsun, cəhənnəmə ki. Bu kimsənin diqqətini çəkmədi, haqlı olaraq. Ancaq ev telefonu abunəsində 1 manatlıq artım ilə vuranda 12 manat edir. Bax bu, bəzi kateqoriya insanlar üçün ciddi itkidir. Söhbət yaşlı, pensiyaçı insanlardan, xüsusilə qadınlardan gedir, çünki bu saat Bakıda ev telefonundan bu zümrədən olan adamlardan başqa yararlanan qalmayıb. Dövlət 200-300 manat pensiya alan bu adamlardan ildə üstəlik 12 manat, ümumilikdə 42 manat (3.50 x 12) qopartmağı özünə nəf bilirsə, daha nə yazaq?

Sonda qeyd edim ki, məndən sonra heç bilmirəm oxucuların axırı nə olacaqdır. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR