İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bir kərə yüksələn bayraq bir daha enməz!” - Rəsulzadənin məzarından ƏN SON görüntülər - FOTOLAR

Bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, böyük dövlət xadimi, Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin anım günüdür.

Musavat.com xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət burada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

ƏMİN.jpg (61 KB)

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib, 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci ildə Fətəli Xan Xoyski və digərləri ilə birlikdə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib.

1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra İosif Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, o, Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək xaricə üz tutub.

Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Əsri məzarlığında dəfn edilib.

1992-ci il dekabrın 24-də Azərbaycan prezidenti Əbülfəz Elçibəy “Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında” sərəncam imzalayıb.

29 dekabr 1993-cü ildə Azərbaycan prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb.

22 noyabr 2013-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.

Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili münasibətilə Prezident İlham Əliyev tərəfindən 2018-ci il “Cümhuriyyət ili” elan edilib.

Prezident İlham Əliyev 30 dekabr 2023-cü il tarixdə sərəncam imzalayıb.

serencam.jpg (60 KB)

Sərəncamda bildirilir: “2024-cü ilin yanvar ayında görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur. Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır”.

Sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirmək, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, Azərbaycanın Türkiyədəki səfirliyi Məhəmməd Əmin Rəsulzadənin Ankara şəhərinin Cəbəci Əsri qəbiristanlığındakı məzarını məhz Prezidentin Sərəncamını əsas götürərək abadlaşdırıb.

YOL YENİ.jpeg (131 KB)

Mətbuata açıqlamada bildirilib ki, bu işlər Azərbaycan Prezidenti İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı çərçivəsində həyata keçirilib. Səfirlikdən bildiri­lib ki, kompozisiyada dəyişiklik edilmədən məzar kompleksinin üzlük daşları daha keyfiyyət­li materialla əvəzlənib. Solmuş yazılar və bayraq dirəkləri ye­nilənib, məzara gedən yol təmir olunub.

BAYRAGİ.jpeg (141 KB)

Abadlıq işləri başa çatandan sonra Məhəmməd Əmin Rə­sulzadənin vəfatının ildönümü ərəfəsində səfirliyin kollektivi görkəmli ictimai-siyasi xadimin məzarını ziyarət edərək xatirəsini hörmətlə anıb.

SEFİRLİK YENİ.jpeg (113 KB)

Azərbaycanın Türkiyədəki səfirliyi adından əklil qoyulub, səfir Rəşad Məmmədov, səfirliyin əməkdaşları və digər iştirakçılar Məhəmməd Əmin Rəsulzadənin xatirəsini hörmətlə anıblar.

YOL SON.jpeg (125 KB)

Mərmər məzar kompleksin baş tərəfində Məhəmməd Əmin bəyə məxsus “Bir kərə yüksələn bayraq bir daha enməz!” kəlamı yazılıb.

YUKSELEN.jpeg (121 KB)

Həmçinin abidə Rəsulzadənin şəkilləri, Azərbaycan və Türkiyə dövlətlərinin bayraqları ilə bəzədilib. Ümumiyyətlə, məzar kompleksi Cümhuriyyət qurucusuna layiq, yüksək səviyyədə təmir edilib.

Allah rəhmət eləsin, ruhu şad olsun!

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR