Onlayn ictimai-siyasi qəzet
Azərbaycan iqtisadiyyatının bugünkü durumunu dəyərləndirərkən, onun son 10 ildə keçdiyi yolu və bu illər ərzində bütövlükdə 2,5 dəfəyə qədər artdığını görməzdən gəlmək mükün deyil. Çox təəssüf ki, bəzən ölkə iqtisadiyyatının durumunu dəyərləndirərkən bir çoxları bu reallıqları görməzdən gəlirlər.
Bir qədər öncə Moskvada, Avrasiya İqtisadi Birliyinin toplantısında Ermənistanda iqtisadiyyatın bu ilin birinci rübündə 12,2 % artımına dair bu ölkənin baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikirlər bizim cəmiyyətimizdə də “böyük rezonans” doğurub. Sosial şəbəkələrdə hakimiyyətə suallar ünvanlanır ki, necə olur ki, müharibədə ağır məğlubiyyətə uğramış və bu məğlubiyyətdən sonra əhalisi dərin depressiya içində olan bir ölkə qısa zaman kəsiyində öz iqtisadiyyatında belə uğur qazana bilib? Bu suala peşəkar iqtisadçı kimi dərhal cavab verirəm. Ortada heç bir uğur filan yoxdur, bu, sadəcə erməni xislətinə tam uyğun növbəti bir blefdir! İndi gəlin reallıqda Ermənistan iqtisadiyyatında nəyin necə baş verdiyini araşdıraq.
Ermənistanın Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, bu ölkənin Avrasiya İqtisadi Birliyi üzvləri ilə ticarətinin həcmi 2022-ci ildə 2021-ci illə müqayisədə 92,7 faiz artaraq 5 milyard 267 milyon dollar təşkil edib. Bu ölkələrlə ümumi xarici ticarət dövriyyəsində ixrac isə 2,8 dəfə artaraq 2,5 milyard dollar həcmində olub. Baxın, bu ixracın 2 milyard 411 milyon dolları və ya 96,4%-i Rusiyanın payına düşüb.
Cari ilin birinci rübündə də eyni mənzərə təkrar olunub. Ermənistan Statistika Komitəsinin saytında həqiqətən də cari ilin birinci rübündə ÜDM-in 12,2 % artdığı göstərilir. Bu Komitənin saytında eyni zamanda göstərilir ki, cari ilin birinci rübündə ölkəyə idxalın həcmi 2022-ci ilin birinci rübü ilə müqaisədə 1 milyard 217 milyon dollar və ya 89,1% artıb. Eyni qayda ilə bu ilin birinci rübündə Ermənistandan ixracın həcmi 929,7 milyon dollar və ya 2,3 dəfəyə qədər artıb. Nəzərə alaq ki, Ermənistanın 2023-cü ilin birinci rübündəki ÜDM cəmisi 4,6 milyard dollar olub – yəni ötən ilin birinci rübü ilə müqayisədə 0,5 milyon dollar və ya Paşinyanla bizim siyasi iqtisadçıların dediyi kimi 12,2% artıb. Bu yerdə bircə fakta diqqət çəkmək istəyirəm. Cari ilin birinci rübündə Ermənistandan ixracın 2,3 dəfə və ya 929,7 milyon dollar artan hissəsi Ermənistanın bu ilin birinci rübündəki ümumi daxili məhsulunun (4,6 milyard dollar) 20,2%-i səviyyəsindədir və 2022-ci ildə olduğu kimi ixracda bu artımın böyük bir hissəsi Rusiyanın payına düşür. Ermənistan iqtisadiyyatında Nikol Paşinyanın və bizim siyasi iqtisadçıların səsləndirdiyi 12,2% artım məhz bu ölkənin Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra fantastik sürətlə artan idxal və ixracının hesabına baş verir. Amerika Birləşmiş Ştatları başda olmaqla, Qərbin Rusiyaya və ilk növbədə onun hərbi sənayesinə tətbiq etdiyi sanksiyalar Rusiya bazarında bir çox məhsulların, o cümlədən, hərbi sənaye üçün lazım ola elektrotexnika və digər məhsulların ciddi çatışmazlığını yaradıb. Təbii ki, bu yerdə Ermənistan Rusiyanın “köməyinə” gəlib. Bir sözlə, Ermənistan artıq 1 ildən çoxdur ki, Rusiyaya lazım olan bu məhsulları öz ölkəsinin adına idxal edib, sonradan onu müxtəlif məhsul adları altında Rusiyaya ixrac etməklə məşğuldur. Heç şübhəsiz, Rusiya üçün digər ölkələrdən idxal etdiyi malları Rusiyaya ixrac edərkən Ermənistan “yaxşıca qazanmağı” da yaddan çıxarmır – yəni həmin məhsulların üzərinə yetərli “qiymət əlavəsi” edib Rusiyaya satır (cari ilin birinci rübündə idxalın 89,1%, ixracın isə 2,3 dəfə artması bunu deməyə əsas verir) və bununla da bir güllə ilə bir neçə hədəfi vurur. Yəni, bu yolla Ermənistan ümumi daxili məhsulunda “ciddi artım” əldə edir və sanksiyalarla bağlı havadarı Rusiyaya “yardım əlini” uzatmış olur. Artıq ABŞ və Almaniya kimi ölkələr bununla bağlı Ermənistan hökumətinə bir neçə dəfə xəbərdarlıq ediblər. Ancaq hələ ki, erməni həyasızlığı öz işini davam etdirir.
Sonda deyəcəklərim isə bunlardır: - təqdim edilən bütün iqtisadi göstəricilər ilk növbədə dərindən təhlil olunmalıdır və yalnız bundan sonra hər hansı bir qənaətə gəlmək mümkündür. Bu, iqtisadi təhlilin fəlsəfəsidir!
Azərbaycan iqtisadiyyatına gəlincə isə - cari ilin birinci rübündə onun artım sürətini əngəlləyən əsas amillər neft hasilatının aşağı düşməsi və rüb ərzində dünya bazarlarında neftin qiymətlərinin 10,0%-ə qədər azalmasıdır.
Neft faktoru iqtisadiyyatımızın ayrılmaz tərkib hissəsidir. Burada təəccüblü heç nə yoxdur. O ki qaldı iqtisadiyyatımızın qeyri-neft sektoruna – orada sabit inkişaf mövcuddur və bu ilin birinci rübündə bu sektorda artım 5,0%-ə yaxın olub.
Fikrət Yusifov,
iqtisad elmləri doktoru,
professor, sabiq maliyyə naziri
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ