İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bir axşam taksidən düşüb...”, gördük ki, proqnozumuz doğrulub

 

Sovet vaxtının axır illərinə düşən tələbəliyimizdə bir gün elə oldu ki, 7 dəfə taksiyə minməli oldum. Üzrlü səbəbdən.

Qış imtahan sessiyası yeni başlamışdı, mən də apendisit əməliyyatı keçirmişdim, hamı zaçotları vermişdi, xəstəxanada yatdığım üçün verə bilməmişdim, axırıncı gün idi, çatdırmalıydım. Korpuslarımız arasında məsafə çox idi, piyada gedəndə 20 dəqiqəyə çatırdıq, ancaq əməliyyat yerinin tikişləri yeriməyə imkan vermirdi.

Ona görə də korpuslar arasında o tərəfə - bu tərəfə gedərkən düz yeddi dəfə taksi tutası oldum. Bəs bilirsiniz, nə qədər məsrəf etdim? Cəmi 7 manat. Hər gedişə 1 manat.

O vaxt beləydi. Gəncənin içində getdiyimiz mənzillər (şəhərin mərkəzi, ali məktəbin uzaq korpusu, mərkəzi bazar, avtovağzal, “Bakı” kinoteatrı, “Arifin pitixanası”) çox uzaq deyildi, taksi 80-90 qəpik yazırdı, 1 manat verirdik. Hətta taksinin sayğacı 96 qəpik və ya 1 manat 10 qəpik yazanda 1 manat veməyə utanırdıq, 2 manat verirdik.

Əsində çox vaxt nə taksiyə, nə də avtobusa minmirdik, piyada gəzə-gəzə gedirdik. Yalnız dərsə gecikəndə taksiyə minirdik. Çıxırdıq yataqxananın yaxınlığından keçən yola, 15-20 saniyə, bəzən yarım dəqiqə gösləyirdik, bir də görürdük, budur, bir əmi sarı “QAZ-24”-ü ilə yaxınlaşır. Otururduq, sürücü “hara” deyə soruşurdu, ya da ərinib heç nə soruşmurdu, eləcə, bu sualı ifadə edən baxışlarla ön oturacaqda oturanın üzünə baxırdı, deyirdik, tərpənirdi, 20 metrdən sonra sayğacın burğacın burur, “xrıçç” səsi gəlirdi, bu o demək idi ki, artıq 20 qəpik yazılıb.

O vaxtın taksi sürücüləri sanballı kişilər idi, hələm-hələm sərnişinlə səmimi söhbətlər etməzdilər. Düzdür, hərdən içlərində zəvzəklər də tapılırdı, güzərandan gileylənirdilər: “Gündə 36 manat plan verməliyəm, maşına sizin kimi 36 adam götürməliyəm ki, o pulu çıxarım”; “Bizimki də hambalçılıqdır, taksi-motornunun rəisi milyonçudur, biz sükan arxasında oturmaqdan qrıja oluruq”; “Ağlı olan taksi sürməz, bu, kişi işi deyil” və s.

Amma sonralar məlum oldu ki, sovet dönəmində taksi sürücüsü olmaq hər kəsə nəsib olmurmuş və bu sürücülüyn ən elit məqamı imiş. Heç qazancları da pis deyilmiş. Sadəcə, ağlaşma quranda bir az artıq qazanırmışlar.

Yəni taksi xidmətinin görünməmiş ucuzluğu barədə deyilənlər əfsanədir. İndi gündə 7 dəfə taksiyə minsən və ən yaxın məsafələrə sürdürsən, azı 25-30 manatın çıxar.

Orası da vardı ki, köhnə vaxtlarda taksiyə o qədər də ehtiyac olmurdu. Şəhərdə tramvay, trolleybus, hər tərəfə işləyən iritutumlu avtobuslar, bir də kiçikhəcmli marşrut taksiləri vardı. Sonuncuya 15 qəpik verirdin, mənzil başına çatırdın.

Hər yerə taksi ilə gedən tənbəllər və manyaklar da vardı, söz yox. Bir də kəmfürsət taksi sürücülərinin, indiki dildə desək, loxladığı əfəl adamlar tapılırdı. Bir dəfə bizim kənddən biri məşəqqətli hərbi xidmətdən sonra gəlib Bakıda dəmiryol vağzalında qatardan düşən kimi aferist sürücü onu maşına basıb kəndə gətirmişdi. Sürücü yolda əsgərə demişdi ki, sən öl, səndən qəpik də almayacam və kişi kimi sözünü də tutmuşdu, tərxis olunmuş sovet əsgərindən bir qəpik də almamışdı, amma gəlib onun suçu atasından iki aylıq maaşını (150 manat) alıb getmişdi.

Budur, taksü sürücülərinə qarşı aparılan bir qədər haqlı, bir o qədər də haqsız tənqid kampaniyasından sonra elə etdilər ki, taksi xidməti bahalaşdı. İndi insanlar tez-tez bağlanan yollar səbəbindən gec-gec gələn, intensiv işləməyən, bu üzdən salonunda boş santimetrin olmadığı avtobuslarda tıncıxa-tıncıxa getməli və işə geikməlidirlər, ya da bahalı taksi xidmətindən istifadə edərək, işlərinə vaxtında çatmalıdırıar və gündəlik qazancalarını taksiyə verməlidirlər.

Birincisi, taksi xidməti o qədər də ucuz deyildi, ikincisi, lap tutaq ki, ucuzdur, nə olsun, daha yaxşı, çalışmaq lazımdır o biri xidmətlər də ucuz olsun, camaatın güzəranı bir az yaxşılaşsın. Yoxsa ucuz olan hər şeyi bahalaşdıraq ki, insanlar daha çox əziyyət çəksinlər? Belə siyasət olarmı?

Ona qalsa, işverənlik kimi çıxmasın, bu il ərik də son on ildə olmadığı qədər ucuzdur, kilosu 1 manat cıvarındadır (aşağı yeri də var). O biri illərdə 3 manat 50 qəpikdən aşağı olmurdu. Ona görə də adamlar indi əriyi yeşik-yeşik alır, mürəbbə, kompot bişirirlər. Belə çıxır ki, məmurlar bazarlara gedib satıcılara təpinməlidirlər ki, qudurmusunuzmu, xalqa ucuz ərik satırsınız, təcili bahalaşdırın, 3 manatdan aşağı olmasın.

Bizim alın yazımızdır ki, dünyanın ən bahalı internetini istifadə etməliyik? Dünyanın ən bahalı bananını yeməliyik (ABŞ-da və Avropada 1 dollar və 1 avro olan banan bizdə təxminən 2 dollardır – 3, 49 qəpik)? Bir bunlar deyil. Dünyanın ən bahalı çayı Bakıda, Göygöldə, Şamaxıda, Qəbələdə təklif olunur. Dünyanın ən bahalı toy menyuları bizdədir.

Nə olub, nə xəbərdir? Camaat dəzgah quraşdırıb, pul kəsir?

Yeri gəlmişkən, dünyanın ən bahalı “siçan dərmanı” da bizim ölkəmizdədir.

P.S. Başlığa verdiyim cümlənin dırnaq işarələri arasında olan hissəsini bilənlər bilir. Bu böyük şairimiz Vaqif Səmədoğlunun sözləridir, dahi bəstəkarımız Emin Sabitoğlu ona əla bir mahnı yazıb və korifey sənətkarımız Flora Kərimova onu əsrarəngiz səsi ilə ifadə edir. 3 il əvvəl yazmışdım ki, “Bir axşam taksidən düşüb payıza, görəcəyik ki, qiymət ikiqat olub”. Elə də oldu.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR