Onlayn ictimai-siyasi qəzet
Bu həftə böyük çex yazıçısı Milan Kundera dünyasını dəyişdi. Bəli, o, Nobel mükafatı laureatı ola bilmədi; dəfələrə mükafata təqdim olundu, hətta elə illər oldu ki, “Bu il laureat Kundera olacaq” kimi proqnozlar səsləndi, amma onlar təsdiqlənmədi...
Xüsusən də iki sahədə Nobel mükafatının verilməsinə nələrin, hansı meyarların təsir etməsini demək olduqca çətin bir məsələdir – bu sahələr ədəbiyyat və bir də sülh uğrunda mübarizə, siyasət sahəsidir.
Burada ən kiçik, xırda detallar belə hansısa bir namizədin “bloklanma”sına səbəb ola bilir. Bəzən Nobel komitəsinin qərarlarını başa düşmək belə asan olmur.
Məsələn, Uinston Çörçillə Nobel mükafatı ədəbiyyat sahəsində təqdim olunmuşdu, halbuki Çörçill bu mükafatı sülh və ya siyasət sahəsində almağa daha çox layiq idi, çünki II dünya müharibəsinin sözün əsl mənasında qaliblərindən biri olan Çörçillin böyük tarixi əsərlərin müəllifi olmasına baxmayaraq, nə qədər ədəbiyyatçı olması hələ uzun illər mübahisə predmeti olacaq.
Kunderanın da həyatında belə epizodlar çox olmuşdu, hətta onu çuğulluqda da ittiham etmişdilər. Ola bilsin, məhz bu detal son illərdə Nobel komitəsinin Kunderanı “görməməsinə” səbəb oldu. Bir daha deyirik ki, belə hallar çox olur. Məsələn, rus filosofu və yazıçısı, sosioloji roman janrının banillərindən birinin – Aleksandr Zinovyevin mükafatsız qalmasının səbəblərindən biri onun NATO-nun Yuqoslaviyaya müdaxilə etməsini pisləməsi olmuşdu. Amma sözümüz bunda deyil - ədəbi düha təkcə hansısa mükafatlarla, hətta Nobel ödülü ilə belə ölçülmür.
Kundera dissident idi, uzun müddət xaricdə, Fransada yaşamışdı. Çex dissident hərəkatı həqiqətən də çox məzmunlu oldu. Burada onun ikicə nümayəndəsinin – Havelin və Kunderanın adını çəkmək kifayətdir. Bu sözləri yazanda beynimdən qeyri-ixtiyari olaraq iki dahinin – Havelin və Kunderanın biri-birinə münasibətinin necə olması haqqında sual keçdi, di gəl, mən bu sualın cavabını bilmirəm. Bəlkə də İnternetdə bu haqda da nəsə var, amma bu, bəndənizə məlum deyil...
Daha bir məqam budur ki, çexlər o qədər də böyük xalq deyillər. Avropada daha böyük xalqlar var. Amma çexlərin və eləcə də onlar kimi kiçik xalq olan polyakların Avropanın həyatında və inkişafında böyük rolu olub. Təsəvvür edin, “Qoca qitə”də ilk konstitusiyanı, səhv etmirəmsə, polyaklar yazıb.
Dissidentlər haqqında bir-iki kəlmə yazdım. Polşada da belə maraqlı və qeyri-standart adamlar çox olub.
Orada olarkən məni bir jurnalist xanımla tanış etmişdilər. Onun haqqında deyilirdi ki, sovet totalitarizminin tüğyan etdiyi bir vaxtda bu xanım M.Bulqakovun əsərini fransızcadan polyakcaya tərcümə edibmiş...
O ki qaldı Avropanın nisbətən “kiçik” xalqlarına, çexlər Avropaya və cəmi dünyaya Yan Qusu veriblər – bəli, kitabları ilə birlikdə tonqalda yandırılan Yan Qusu! Kim idi Yan Qus? Reformasiyanın ideoloqlarından və liderlərindən biri. Tarixdə inqilablar, ictimai hərəkatlar çox olub, amma reformasiya həmişə əlahiddə, qeyri-adi statusa malik olub və olacaq. Ona görə ki, onun Avropanın tarixində böyük, hətta müstəsna rolu olub. Bundan başqa, Yan Qus çex ədəbi dilinin banisi sayılır. Amma ən əsas məsələ onun reformasiyaya verdiyi töhfədir. Bəli, illər keçəcək, daha bir avropalı filosof Maks Veber avropalıların inkişafında reformasiyanın, protestantizmin alt qatlardakı rolunu görəcəkdi və kapitalizmin inkişafını protestant etikası ilə bağlayacaqdı. Odur ki, Yan Qusun və Lüterin reformasiya səhəsindəki xidmətlərini yalnız daha bir avropalının – polyak (düzdür, bu məsələdə almanlarla polyaklar arasında mübahisə var!) Nikolay Kopernikin xidməti ilə müqayisə etmək olar.
Əsas odur, biz bilək ki, bugünkü Avropa elə belə yaranmayıb - insanlar təqiblərdən, hətta tonqallardan keçib gəliblər. Belə böyük insanlardan biri də Milan Kundera idi...
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ