Onlayn ictimai-siyasi qəzet
Biz yeniyetmə olanda kəndimizdə, eləcə də qonşuluğumuzda xeyli müharibə veteranı vardı. Yaşlı kişilər idi, yay vaxtı bizim evdən azca aralıdakı boş sahədə, arxın qırağındakı söyüd və qovaq ağaclarının kölgəsində oturub söhbət edərdilər. Aradan 30-35 il keçmişdi, amma onlar hələ də əsasən müharibədən danışardılar.
Biz də günün odunda elə həmin o boş sahədə 2-3 saat top qovandan sonra kələyi kəsilmiş halda gəlir, arxda çimib sərinləyər, onlardan 3-4 metr kənarda oturub söhbətlərinə qulaq asardıq.
B. kişi söhbət yerinə axsaya-axsaya gələrdi, ayağının biri qatlanmırdı. S. kişi söyüdlərin kölgəsində ağ maykada, üst köynəksiz oturardı və sol çiynindəki güllə yarasının deşiyi gendən görünərdi. Deyəsən, o, bu güllə yerini medal əvəzi gəzdirirdi (hərçənd medalları da vardı). M. kişi çiyni çökmüş halda bir küncdən oturar, çox danışmazdı. Onun medalı yox idi. Ə. kişi bu mərəkəyə çox qatılmazdı, amma onun medalı hamınınkından çox idi.
Bizdən böyüklər deyərdilər ki, müharibədə ən yaxşı döyüşən, igidliklər göstərən və ən çox yaralanan məhz Ə. kişi olub. Amma adam təbiətcə təvazökar olduğu üçün müharibə xatirələri ilə öyünməzdi. Onun müharibədən danışmaması ilə M. kişinin susqunluğu arasında fərq o idi ki, ikinci müharibənin əvvəlində əsir düşmüş, alman hərbi düşərgəsində saxlanmış, sonra başqa əsir yoldaşları ilə qaçaraq Yuqoslaviya partizanlarına qoulmuşdu. Yalan-gerçək, deyirdi ki, Mixaylo ilə tanışlığı da olub. Bir ara cüvəllağı uşaqlar onun boynuna qoymaq üzrəydilər ki, Mixaylo elə özü olub, yiyə durmadı. Amma sovet hökuməti müharibədən sonra onu həbs edib Kazan tərəflərə göndərərək sürgün həyatı yaşatmışdı. M.kişi orada fürsəti boş buraxmamış, evlənmiş, vətənə Vətən adlı oğluyla qayıtmışdı.
S.H. əmi 4 il almanlarla vuruşandan sonra tərxis olunmamışdı, onu təzədən Uzaq Şərqə (özü demişkən, “dalni vastok”a), yaponlarla müharibəyə göndərmişdilər. O, hərdən yapon dustaqların bacarığından danışırdı. Bir yapon ona deyirmiş ki, 5 bıçaq olsa, beşini də 10-15 metrdən ağacdakı əl boyda yerə sanca bilər. Kəndçimiz bu tırkaya getməyib, anlayıb ki, belə adama bıçaq vermək olmaz, 5 konvoyu 5 saniyədə dəlik-deşik edər.
Bu ağsaqqallar söhbət əsnasında, bizə, diqqətlə onlara qulaq asan yeniyetmələrə baxar və eynilə “Bəxt üzüyü” filmindəki Tanrıbəy kişi kimi deyərdilər: “Siz bəxtəvər nəsilsiniz, bala, müharibə görmədiniz, kasıbçılıq, aclıq görmədiniz, yetimçilik görmədiniz...”.
Açığı, bu “müharibə görmədiniz” sözündə nəsə yekə bir sitəm vardı. Təvazökarlıqdan Berlin qədər uzaq olsa da, deyim ki, onların bu sözündən sonra bizim də mütləq müharibə görəcəyimiz ürəyimə dammışdı. Elə sovet hökuməti də dağıldığı günə qədər müharibədən danışır, bizi də orta məktəbdə hərbi dərslərdə, ali məktəbin hərbi kafedralarında müharibəyə hazırlayırdı. Atıcı olacaqdıq, belimizə qumbara buketi bağlayaraq, özümüzü düşmən tankının altına atacaqdıq.
Elə oldu ki, biz yekəlib hərbi mükəlləfiyyətə varmaq üzrəykən SSRİ Əfqanıstana hücum etdi. Sonra İran-İraq müharibəsi başlandı. İkincinin bizə dəxli yox idi, amma birincinin vardı: neçə-neçə tay-tuşumuz sovet hərbi kontingentinin tərkibində Əfqanıstana aparıldı. Onlardan biri dostum idi, müharibədən canavar kimi qayıtmışdı, sonradan Qarabağ müharibəsində rota komandiri oldu, şücaətlər göstərdi.
Beləcə, ağsaqqal veteranların sözü elə desək, bəxtəvərliyə son qoyuldu, bizim “bəxtəvər nəsil” elə bir müharibəyə girdi ki, yaşlaşıb özləri ağsaqqal olublar, hələ də müharibənin içindədirlər. Ömrümüz müharibə ilə keçdi. Kütləvi kasıbçılıq da gördük, çörək növbələri də, işsizlik də, hər şey.
İranın indi qatıldığı müharibənin isə bu dəfə bizə dəxli var. Arazın o tayında müharibəyə girənlər qardaş-bacılardır. Üstümüzə pənah gətirsələr, naqolay vəziyyətdə qalacağıq.
Yəni dediyim odur ki, müharibə çox pis şeydir, onunla bağlı heç kimə bəxtəvərlik vermək olmaz. Aclıq, kasıblıq məsələsi də o cümlədən. O gün qəfildən fikir verdim ki, gənc həmkarlarımdan birinə deyirəm: “Siz şanslı nəsilsiniz, vaxtında və yaxşı maaş alırsınız, biz indiki pulla 1 manatı iki yerə bölürdük ki, cibimizdə pul olsun”.
Kaş hər nəsil özündən əvvəlkilərdən rahat və firavan, həm də müharibəsiz yaşasın.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ