Onlayn ictimai-siyasi qəzet
Slovakiyanın baş naziri Robert Fitso Avropa İttifaqının Ukraynaya hərbi ehtiyaclar üçün nəzərdə tutduğu kredit mexanizminə kəskin etiraz edib.
Musavat.com xəbər verir ki, Fitso bu barədə Brüsseldə keçirilən Avropa Şurasının iclasından sonra yerli mediaya açıqlama verib. Onun sözlərinə görə, Slovakiya nümayəndə heyəti toplantıda yekun bəyanata Ukrayna üçün “reparasiya krediti”nin və ya dondurulmuş Rusiya aktivlərinin müsadirəsi ilə bağlı heç bir bəndin salınmamasına nail olub.
“Avrokomissiyadan istədim ki, Ukraynanın növbəti iki il ərzində maliyyələşdirilməsi üçün başqa variantlar təklif etsin. Bu təklif qəbul olundu. Mən tam aydın deyirəm: mənim rəhbərlik etdiyim hökumət heç vaxt Ukraynaya hərbi xərclər üçün kredit zəmanəti imzalamayacaq. Dövlət büdcəmizdən bu məqsədlə bir sent belə ayrılmayacaq”, – deyə Fitso bildirib.
Slovakiya hökumət başçısı həmçinin qeyd edib ki, “reparasiya krediti” ilə bağlı məlumatın Avropa Komissiyasının risklərə cavab verməmişdən əvvəl mətbuata sızması böyük səhv olub.
Fitso hesab edir ki, bu plan dekabrda keçiriləcək növbəti Avropa Şurası toplantısında “reallıqla toqquşaraq fiaskoya uğraya bilər”.
“Rusiyanın dondurulmuş aktivləri Avropa üçün ‘dadlı pendir parçası’ kimidir. Aİ ölkələrinin milli büdcələrindən Ukraynanın hərbi xərclərini maliyyələşdirmək imkanı tükənir. Ona görə də indi bu aktivləri kredit üçün istifadə etmək ideyası ortaya atılır – halbuki bu kredit heç vaxt geri qaytarılmayacaq”, – deyə Slovakiya baş naziri vurğulayıb.
Musavat.com
25 Oktyabr 2025
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ