Onlayn ictimai-siyasi qəzet
Rusiya ilə ABŞ-ı birləşdirəcək yeni infrastruktur layihəsi – Berinq boğazının altından keçəcək tunel ideyası yenidən gündəmə gəlib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev CNN-ə müsahibəsində məlumat verib. Onun sözlərinə görə, layihə texniki baxımdan mümkündür və bu istiqamətdə ciddi araşdırmalar aparılır.
“Biz bu layihəni ciddi şəkildə öyrənirik. Bu, həyata keçirilə bilən bir işdir, mümkündür. Lakin eyni zamanda anlayırıq ki, əvvəlcə siyasi çətinlikləri aradan qaldırmaq lazımdır”, – deyə Dmitriyev bildirib.
Layihəyə görə, tunel Asiya və Şimali Amerika qitələrini birləşdirəcək və Rusiya ilə Alyaskanı birbaşa əlaqələndirəcək. Uzunluğu təxminən 100 kilometr olan bu nəqliyyat dəhlizi vasitəsilə həm dəmir yolu, həm avtomobil yolu, həm də enerji və kommunikasiya xətləri keçə bilər.
Layihə reallaşarsa, bu, XXI əsrin ən iddialı mühəndislik təşəbbüslərindən biri olacaq. Bununla belə, siyasi münasibətlərdəki gərginlik və iqtisadi sanksiyalar səbəbindən layihənin yaxın illərdə həyata keçirilməsi real görünmür.
Qeyd edək ki, Berinq boğazı tuneli ideyası ilk dəfə XX əsrin əvvəllərində səsləndirilib, lakin geosiyasi səbəblərdən bu vaxta qədər reallaşmayıb.
Musavat.com
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ