Onlayn ictimai-siyasi qəzet
Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin gizli maliyyə əməliyyatları illər sonra yenidən dünya mediasının gündəmindədir. The Financial Times və Daily Mail kimi nüfuzlu mənbələrin məlumatına görə, 2018-2019-cu illər arasında Əsəd rejimi Moskvaya 250 milyon dollar nağd pul köçürüb. Musavat.com -un hazlrladığı xəbərdə bildirilir ki, bu vəsait, təxminən iki tona yaxın 100 dollarlıq və 500 avroluq əskinaslardan ibarət olub.
Pul təyyarələri: Moskvanın sanksiyalara cavabı?
Sövdələşmə 21 təyyarə vasitəsilə həyata keçirilib. Hər bir uçuşun məqsədi təkcə nağd pulları daşımaq deyil, həm də Suriyadakı rejimin Rusiyaya olan asılılığını daha da gücləndirmək idi. Təyyarələr Moskvadakı Vnukovo hava limanına enərək, bu böyük məbləği sanksiyalara məruz qalan Rusiya banklarına təhvil verib. Əsəd üçün bu pul həm rejimini ayaqda saxlamaq, həm də müttəfiqlərinə sadiqliyini sübut etmək vasitəsinə çevrilib.
Əsəd ailəsinin “qızıl damarı”
Bəşər Əsədin gizli pulları təkcə Rusiya ilə məhdudlaşmır. Newarab.com isə diqqəti Böyük Britaniyadakı aktivlərinə yönəldir. Məlum olub ki, devrilmiş prezidentin Londondakı hesablarında hazırda 55 milyon funt-sterlinqdən (təxminən 69,4 milyon dollar) çox şəxsi vəsait var. Bu məbləğ 2011-ci ilə aid məhkəmə sənədlərində göstərilən 40 milyon funt-sterlinqdən xeyli artıb.
Bundan əlavə, Əsəd və onun müttəfiqlərinin İngiltərə banklarında ümumilikdə 163 milyon funt-sterlinqlik sərvəti dondurulub. O cümlədən, HSBC bankındakı hesablarda toplanmış vəsaitlər Böyük Britaniya sanksiyalarına rəğmən illərlə dondurulmuş vəziyyətdə qalır.
Sanksiyalar, korrupsiya və gizli aktivlər
Suriya xalqı on ildən çoxdur vətəndaş müharibəsinin fəlakətli nəticələrini yaşayır. Əhalinin böyük əksəriyyəti aclıq və yoxsulluq içində mübarizə apardığı bir vaxtda, Əsəd ailəsinin milyardlarla dollarlıq sərvəti diqqət çəkir. Əsədin Rusiyaya pul köçürməsi isə onun yalnız xarici müttəfiqlərinə güvəndiyini deyil, həm də sanksiyalardan yayınmaq üçün hər cür qeyri-adi yollar axtardığını sübut edir.
Moskva və Dəməşq: Korrupsiya ittifaqları?
Bəşər Əsədin Moskvaya nağd pul göndərməsi yalnız maliyyə əməliyyatı deyil, həm də siyasi mesajdır. Rusiya ilə bu cür gizli razılaşmalar Əsəd rejiminin davamlılığını təmin etməklə yanaşı, Moskvanın Suriyada nə üçün uzunmüddətli hərbi və siyasi maraqlarını davam etdirdiyini də izah edir. Ekspertlərin fikrincə, bu əməliyyatlar həm Moskva, həm də Dəməşqin Qərbin sanksiyalarına cavab olaraq formalaşdırdığı “kölgə iqtisadiyyatı”nın bariz nümunəsidir.
Suriya xalqının itirilmiş ümidləri
Əsəd rejiminin milyonlarla dolları xaricə daşıdığı bir vaxtda Suriyanın şəhərləri dağıdılıb, milyonlarla insan qaçqın vəziyyətinə düşüb. Bu pulların ölkə daxilində bərpa işlərinə deyil, xaricə köçürülməsi, rejimin prioritetlərinin kimlərə və nələrə xidmət etdiyini bir daha göstərir.
Mənbə: https://www.dailymail.co.uk/news/article-14195703/Bashar-al-Assad-accused-airlifting-country-cash-Moscow.html
Musavat.com
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ