Onlayn ictimai-siyasi qəzet
COP29-a qədər Ermənistanda “sülhün dəstəsi” 5 qəpik idi. Ağız-ağıza vermişdilər ki, sülh müqaviləsinin razılaşdırılan bəndləri üzrə müqaviləni imzalamağa hazırıq. Budur, Bakının evsahibliyi ilə, yüksək səviyyədə start götürən COP-da dünyanın 196 ölkəsindən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların içərisində bir nəfər də olsun hay yoxdur. Yarımçıq sülhü tez-tələsik imzalamaq üçün canfəşanlıq edənlər və hay təəssübkeşləri susublar, yoxa çıxıblar, qurbağa gölünə daş atılıb sanki...
Əslində bu nəticəni gözləmirdilər, düşünürdülər ki, Azərbaycan düşmənlərinin, Zəfərini qəbul etməyənlərin boykot çağırışları nəticə verəcək. Azca düşüncə sahibi olsaydılar, anlayardılar ki, COP29 Azərbaycanın yox, BMT-nin tədbiridir, bu, tədbir bəşəriyyət naminə keçirilir, karbon emissiyalarının azaldılmasının yolları araşdırılır, qlobal çağırışların səsləndiyi platformadır, onu boykot etməksə, özünəqəsddir. Azərbaycan bu konfransa yüksək səviyyədə evsahibliyini həyata keçirən ölkə olaraq üzərinə götürdüyü missiyanın öhdəsindən uğurla gəldi məkrli çevrələrin arzusunu üzərində və gözlərində qoydu.
Əslində BMT-nin Baş katibi cənab Quttereş COP29-un Sammitində yüksək tribunadan “Ermənistan hardasan” sualını ünvanlamalı idi, “harda ölmüsən” sayağı. Bu dəfə də görməzdən gəldilər. Beləcə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini 28 il tapdaq edən, pandemiya dövründə Azərbaycanın təşəbbüsü əsasında BMT-nin xüsusi sessiyasının çağırılması əleyhinə çıxan tək ölkə olan Ermənistan dünyanın ən böyük təşkilatının bəşəriyyəti xilas tədbirinə də sayğısızlıq göstərdi. Azərbaycan paytaxtında Ermənistan nümayəndə heyətini görməkdən ötrü ürəyimiz getmirdi. Amma dövlətimiz bu dəfə də yüksək siyasi, diplomatik mədəniyyət nümayiş etdirərək hələ də konstitusiyası ilə Azərbaycana qarşı ərazi iddiası irəli sürən Ermənstana COP29-da iştirak üçün dəvət yollamışdı.
Prezident İlham Əliyev noyabrın 11-də Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşü zamanı bildirmişdi ki, Ermənistana da COP-da iştirak etmək üçün dəvət göndərilib. Dövlətimizin başçısı Ermənistana da COP-da iştirak etmək üçün dəvət göndərildiyini, lakin bu ölkənin iştirak edib-etməməsinin Ermənistanın özünün qərarı olduğunu qeyd etmişdi. Bəli, Ermənistan gəlməmək qərarını seçdi, çünki ona məhz bununla bağlı “ev tapşırığı” vermişdi başında dayananlar ki, Bakının evsahiblik etdiyi konfransa qatılmasın.
Bizi qəti maraqlandırmır. İtirən dalan ölkə olacaq. Amma şübhə etmirik ki, Ermənistanın itkiləri ondan maşa kimi istifadə edənləri qəti maraqlandırmır, əksinə, sevinirlər, Ermənistan itirdikcə, onlar bu oyuncaq ölkəyə daha çox sahiblənirlər, daha çox qazanırlar. Di gəl Ermənistan rəhbərliyi nə qədər “realist” olmağa çalışsa da, reallığı düzgün dərk edə, doğru qərar verə bilmir. COP29-a münasibətdə olduğu kimi...
Xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan COP29-un inklüzivliyini təmin etmək üçün konvensiyaya üzv tərəflərə olduğu kimi, o cümlədən Ermənistana da dəvət göndərib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən də konfransda iştirakla bağlı bir neçə nümayəndənin qeydiyyatdan keçməsinə baxmayaraq, onlar COP29-a gəlməyiblər: “Bunun da onlar üçün itirilmiş fürsət olduğunu hesab edirik”.
Rəsmi İrəvan zamanında bir çox önəmli layihələrdən kənarda qaldığı kimi, dünyanın toplaşdığı vacib tədbirə də uzaqdan baxmağa qərar verdi. Özləri də dəfələrlə bildirirdilər ki, sülhə çox yaxınıq. Amma etimadsızlıq mühiti yaratdılar Bakıya gəlməməklə. Sülh istəyən ölkə belə seçim etməzdi, bir addım irəli atardı. Amma Paşinyanın gözü Makronu, Blinkeni...axtardı, onları görmədiyi üçün COP-a gəlmədi. Bununla da Paşinyan hakimiyyəti özü-özünə hörmətsizlik etdi. 2023-cü ilə COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı vetosunu götürən və bunu yeri gəldi-gəlmədi səsləndirib özünü “sülh qaranquşu” kimi təqdim edən ölkə və onun rəhbərliyi nə qədər qeyri-ciddi olduğunu dünyaya nümayiş etdirdi.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində jurnalistlərə “Təəssüflə qeyd edim ki, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmir” - deyə söyləyib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan konvensiyanın üzvü olaraq bütün tərəflərə dəvət göndərib. Sitat: “Ermənistan qeydiyyatdan keçsə də, hələ onlar tərəfindən nümayəndələrin iştirakı barədə məlumat daxil olmayıb. Əgər Ermənistan tərəfi özü bu tədbirdə iştirak etmirsə, bundan başqa, regional əməkdaşlıqdan, ölkələrarası təmasdan danışırsa, bu, bir daha onu göstərir ki, Ermənistan bu kimi hallardan istifadə edərək yalnız özünün birtərəfli təbliğatına çalışır. Amma düşünürük ki, Ermənistan tərəfi konvensiyanın üzvü kimi dəvət almışdı və tərəf kimi də tədbirdə iştirak edə bilərdi. Hər bir halda Ermənistanın öz qərarıdır. Təkrar qeyd etmək istərdim ki, Azərbaycan konvensiyanın üzvü olaraq öz üzərinə düşən məsuliyyəti tam şəkildə yerinə yetirib və bütün dövlətlərin lazımi, zəruri və nəticəyönümlü müzakirələr aparması üçün tam şərait yaradıb. Lakin Azərbaycana qarşı əks təbliğat kampaniyasında Ermənistan və onunla əlaqəli dairələr yaxından iştirak edirlər”.
Yuxarıda xatırlatdığımız rəsmi açıqlamalar göstərir ki, Azərbaycan tərəfdən Ermənistan təmsilçilərinin iştirakı ilə bağlı zərrə qədər də tərəddüd olmayıb. Qalib ölkəyə xas münasibət qoyub ortaya. Azərbaycan ciddi dövlətdir, sözü də imzası qədər mötəbər olan dövlət başçısı var, Ermənistandan fərqli olaraq. Yeri gəlmişkən, Avronest tədbirləri çərçivəsində Azərbaycan və Ermənistan təmsilçiləri dəfələrlə qarşılıqlı şəkildə Bakı və İrəvandakı toplantılarda iştirak etmişdilər. O zaman münasibətlərin ən kritik dövrü idi, hətta İrəvanda bizim təmsilçiləri ölümlə təhdid etmişdilər. Lakin Ermənistana Avropadan verilən təlimatlar əsasında ermənilərin Bakıya göndərilməsi ilə bağlı hər hansı tərəddüd olmamışdı. Hətta erməni idmançılar belə, Azərbaycanın ev sahibliyi ilə keçirilən yarışlara qatılmış, medal qazanan erməninin mükafatını cənab Prezident şəxsən təqdim etmişdi. Böyüklük belə olar! Ermənistan paytaxtındakı idman yarışında Azərbaycan və Türkiyənin bayraqlarının – Paşinyanın gözü qarşısında - yandırılmasını isə unutmamışıq. Heç dəyişmədilər. Azərbaycan Ermənistana növbəti şans vermişdi. Ölkəmiz nəinki bölgəni problemlərdən xilas etmək, Qafqaz Evi qurmaq istəyir, həmçinin bəşəriyyətə töhfə vermək baxımından səylərini əsirgəmir. Ermənistanın 30 il ərzində tar-mar etdiyi ərazilərdə Günəş Elektrik Stansiyası tikir!
İndi görək “ilin axırına qədər sülh bağlayın”, - deyə həyəcanlı məktub yazan Bayden və digərləri Paşinyana təpinəcəklərmi?
Gərək bundan sonra Azərbaycana deməyə sözləri, üz tutmağa üzləri olmasın, Ermənistanın “sülh maskası” COP-u boykotla yırtıldı. Eləcə də onun havadarlarının! Bəşəri xilas tədbirinə qatılmayan Ermənistana təpkilər olmayacaqsa, Azərbaycanın vaxtını almasınlar. Təsəvvür edin ki, Azərbaycan hakimiyyəti Ermənistana COP-a dəvət göndərməyəydi. Pah, görün onda nə qiyamət qoparardılar, üstümüzə gələrdilər, biri qətnaməsi ilə, biri ağzıköpüklü bəyanatı ilə...
“Ermənistan Azərbaycanı noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransına qədər sülh sazişinin artıq razılaşdırılmış maddələrini imzalamağa dəvət edir”, deyən baş naziri Nikol Paşinyan hələ də bir bəhanə uydura bilmir, Bakıya niyə gəlməyib? Görən olsa, soruşsun, bəs, COP-adək sülh imzalayacaqdın, Paşinyan, hardasan?!
“Ermənistan noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qədər Azərbaycanla sülh sazişi imzalamağa çalışır” nağılını danışan Ermənistan prezidenti Vaaqn Xaçaturyanın işi asandır, tez-tələsik adını xəstəxanaya yazdırıb...
Ermənistan məsuliyyətdən yayınmaq istəyir. Regionun ekologiyasına, iqliminə vurduğu zərbələrə, Metsomor adlı “bomba”ya, Araza axıtdığı zəhərli tullantılara, Qarabağda, Şərqi Zəngəzurda törətdiyi vəhşiliklərə, mina terroruna görə gizlənməyi üstün saydı. Amma hara qədər gizlənəcək, yayınacaq? Mütləq cavab verəcək!
Azərbaycan Prezidenti isə ermənidən çox erməni olanlara tarixə həkk olunacaq sözünü dedi. Sitat: “Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”
14 Noyabr 2024
13 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ