İnsanlara hürriyət, millətlərə istiqlal!

Berdıməhəmmədovun müəmmalı məktubu - rəylər

TDT-yə qoşulmur, üstəlik..; sabiq nazir: “Türkmənistan da Türk dünyası ölkələrinin ərkəsöyün övladı hesab olunsun”

“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz facebook səhifəsində Türkmənistanın keçmiş prezidenti, Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdıməhəmmədovun Ermənistanın baş nazirinə və prezidentinə göndərdiyi məktubla bağlı maraqlı paylaşım edib.

A.Quliyev yazır: “Türkmənistanın keçmiş prezidenti Berdıməhəmmədovun Ermənistanın baş naziri və prezidentinə göndərdiyi təbrik məktubunda işlətdiyi "aramızdakı qarşılıqlı hörmət və etimad" ifadəsi çox düşündürücüdür. Görəsən, Ermənistanla Türkmənistan arasında “qarşılıqlı etimad” nəyin sayəsində yaranıb? Türkmənlər Ermənistanın anti-Türkiyə və anti-Azərbaycan siyasətinə etimad edir? Ya Ermənistan Türkmənistanın hələ də Türk Dövlətləri Təşkilatının üzvü olmamasından məmnundur?..

Aydın Quliyev: “Məni Heydər Əliyevlə düşmən edənlərdən ikisi qalıb”

 Aydın Quliyev 

Türkmənistanın ümumtürk inteqrasiyasından məsafə saxlaması heç yaxşı niyyətə oxşamır. Bu türk dövlətini Ermənistanla məhrəmləşdirən nədir?..

TDT 160 milyona yaxın insanın yaşadığı böyük bir coğrafiyada və qlobal miqyasda güclü təşkilat kimi tanınıb. Prezident İlham Əliyev TDT ölkələri ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri elan edib.

Bu, Prezident İlham Əliyevin Türk dünyasına verdiyi xüsusi önəmin, türk dövlətləri ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olmasının, həmçinin türk birliyi və həmrəyliyinin, Türk Dövlətləri Təşkilatının bundan sonra da inkişaf edərək möhkəmləndirilməsinə əminliyin parlaq ifadəsidir.

Türk Dövlətləri Təşkilatının əhatə etdiyi coğrafiya dünyada çox böyük əhəmiyyətə malik ərazidir. Bu amil Türk Dövlətləri Təşkilatının gücünü daha da artırır və mövqelərinin gələcəkdə güclənəcəyini şərtləndirir.   Bəllidir  ki, Türkmənistan Türk Dövlətləri Təşkilatında hələlik müşahidə statusunda iştirak edir. Bunun bir  səbəbi ölkənin tutduğu siyasi xətt, ikincisi, konstitusiyasının Türkmənistanın neytral dövlət olması, hansısa beynəlxalq bloklarda təmsil olunmaması tələbidir. Amma bu heç də Ermənistana münasibətdə bu cür “qarşılıqlı etimad” kimi fikir işlətməyə haqq vermir.

fikret.jpeg (167 KB)

Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov Türkmənistanın soyuqluğunu bu səbəblə izah edir: “Türk dünyasına daxil olan ölkələr içərisində Türkmənistan həmişə soyuq davranışı ilə seçilib. Bu soyuqluğun kökləri Türkmənistanda müstəqillik illərindən başlanan mürəkkəb bir idarəçilikdən qaynaqlanır desək, yanılmarıq. Daha doğrusu, belə davranışın təməli Türkmənistanın birinci prezidenti, Türkmənbaşı Saparmurad Niyazov tərəfindən qoyulmuşdu. Bu ölkə indi də Türk dünyası ölkələri ilə eyni üslubda davranır, bəzən hətta onların birgə keçirdikləri tədbirlərə belə qatılmır və ya aşağı səviyyədə təmsilçiliklə kifayətlənir. Tam qapalı bir durumda yaşayan bu ölkənin böyük neft, qaz və digər təbii ehtiyatları mövcuddur. Əgər bütün bunlar olmasaydı, heç şübhəsiz Türkmənistan rəhbərliyi region ölkələri ilə və ilk növbədə Türk dünyası ölkələri ilə yaxından əməkdaşlıq etmək üçün ciddi səylər göstərərdi. Var-dövlətin yaratdığı psixologiya isə buna yol açmır.

Ermənistan rəhbərinə yazılan məktubda səslənən fikirlər də Türkmənistan rəhbərliyinin Türk dünyasına və onun aparıcı dövləti olan Azərbaycana qarşı soyuq münasibət ortaya qoyulub. Türkmənistan rəhbərliyindən başqa heç bir Türk dövlətinin başçısı Ermənistan rəhbərliyinə yazdığı məktubda belə ifadələr işlətməzdi. Nə edək! Türkmənistan da Türk dünyası ölkələrinin ərkəsöyün övladı hesab olunsun".

Əli Orucov: "Mən üzərimə böyük məsuliyyət götürdüyümün fərqindəyəm..." -  MÜSAHİBƏ

 Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Türkmənistan prezidentinin ifadələrinin Azərbaycan və Türkiyəyə qarşı yönəlmədiyi düşüncəsindədir: “Türkmənistan dünyanın ən qapalı totalitar dövlətlərindən biridir. Bu ölkəni bəzən Şimalı Koreya ilə eyniləşdirirlər. Saparmurad Niyazovun qəfil ölümündən sonra hakimiyyətə gələn Berdimuhammedovlar, ata-oğul Türkmənistanı istədikləri kimi idarə edirlər. Baxmayaraq ki, Qurbanqulu Berdimuhammedov islahatlar və yumşalmalar anonsu verdi, lakin çox keçmədi ki, verilən vədlərə əməl edilmədi. Türkmənistan zəngin karbohidrogen, xüsusən də təbii qaz yataqları ilə zəngin olan dövlətlərdən biridir. Lakin bu yataqların istismarından ölkəyə daxil olan milyardlarla vəsait xalqın sosial rifah halının yaxşılaşdırılmasına ciddi təsir göstərmir. Türkmənistan Qoşulmama Hərəkatının üzvüdür və hər hansı bir iqtisadi, siyasi və hərbi bloklara qoşulmamaq xətti yürütsə də, İqtisadi Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının, Dünya Səhiyyə Təşkilatının Beynəlxalq Səhiyyə Təşkilatının MAQATE, Dünya İxracatçılar Təşkilatı və s. kimi beynəlxalq qurumlarda təmsil olunur. Türkmənistan 2021-ci ildə Türk Dövlətləri Təşkilatının Zirvə toplantısında müşahidəçi statusunda iştirakı qərarlaşdırılmış və prezident Qurbanqulu Berdiməhəmmədov ölkəsinin neytral siyasətini əsas tutaraq bu qurumda bərabərhüquqlu üzv kimi qatılmaqdan imtina etmişdi. Baxmayaraq ki, Türkmənistan qapalı ölkədir və neytrallıq statusunu qorumağa çalışır, lakin Aşqabadın üzərində Çinin və Rusiyanın böyük təsiri var. Hər iki dövlət Türkmənistanın ən vacib ticarət tərəfdaşıdır. Aşqabadla Türkmənistanın xüsusi əlaqələri yoxdur. İqtisadi, ticari və siyasi münasibətlər də güclü deyil. Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Ermənistanın baş naziri və prezidentinə göndərdiyi təbrik məktubunda işlətdiyi "aramızdakı qarşılıqlı hörmət və etimad" ifadəsi, məncə, diplomatik etiketdən və protokol qaydalarından başqa bir şey deyil. Bu cür ifadələr adətən dövlətlər arasında əlamətdar günlərdə təbriklər zamanı formal olaraq işlənilir. Bayaq da vurğuladığımız kimi, Türkmənistanla Ermənistan arasında münasibətlər postsovet ölkələri səviyyəsindən irəli getməyib. Hər iki ölkənin ən yüksək səviyyəli rəsmi qarşılıqlı səfərləri də tez-tez olmayıb. Ən son səfəri Türkmənistan prezidenti Ermənistana 2012-ci ildə gerçəkləşdirib. Əksinə, hesab edirəm ki, Türkmənistan Azərbaycanla əlaqələrin həm TDT çərçivəsində, həm də ikitərəfli olaraq dərinləşdirilməsində maraqlıdır. Türkmənistanın zəngin təbii qaz ehtiyatının Qərb bazarlarına çıxarılması üçün Azərbaycan kilid nöqtədir. Bu baxımdan da Aşqabadın Bakı ilə münasibətlərini korlaya və narazı sala biləcək addım atacağını zənn etmirəm. Bu, ağılsızlıq olardı. Mən Tükmənistanın gec-tez TDT-də təmsil olunacağı qənaətindəyəm. Bu, həm siyasi, həm də iqtisadi, ticari baxımdan Türkmənistana böyük dividentlər gətirəcək. Xüsusən də qlobal təhlükəsizlik mühitində bu çox vacibdir. Türk dünyası öz təhlükəsizliyinin qayğısına qalmasa, ciddi itkilər və risklərlə üzləşə bilər. Odur ki, Türkmənistanın təhlükəsizliyində və inkişafında Ermənistanın heç bir rolu olmadığı üçün İrəvana marağı da yoxdur. Təbrikdə Ermənistana deyilən “qarşılıqlı hörmət və etimad” fikirlərinin Azərbaycan və Türkiyəyə yönəldiyini düşünmürəm. Biz o məntiqlə yanaşsaq gərək Qazaxıstan və Qırğızıstanla da məsafəli davranaq. Çünki hər iki dövlət Ermənistanın həm iqtisadi, həm də hərbi müttəfiqləridir. Eyni iqtisadi, hərbi bloklarda təmsil olunurlar".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR