Onlayn ictimai-siyasi qəzet
Vallahi, Balaəliyə halaldır. O bahalı maşın da, bahalı nömrə də. Ciddi deyirəm.
Özünə “mən oğru şairəm, lotu şairəm” deməyinə baxmayın, o bunu qafiyə və piar xətrinə deyir, əslində adam oğurluq etmir, nəşə satmır, büdcə və cib soymur, rüşvət almır, əyri yollarla tender udmur, saxta resept yazıb faiz götürmür, bir sözlə, qeyri-qanuni heç bir iş görmür, eləcə təbinin, mütaliəsinin, artistizminin qazancını yeyir, yaxşı qazanır, yaxşı da xərcləyir.
Ona görə də onun 250 minlik “BMW”-si də, superbahalı nömrəsi də (77BM777 – belə nömrə ərəb ölkələrində 2 milyon dollardan aşağı deyil, bizdə 25-30 min manat olar) halal xoşu olsun. Qoy lap “Maybax” alsın, bircə o maşından təşər-təşər düşməsin, avtoxuliqanlıq etməsin, yaşasın özü üçün.
Amma baxıram ki, Balaəlinin bu varidatına ağız büzənlər, hətta ikrahla yanaşanlar var. Nahaq yerə. Yəqin ki, sovet vaxtı olsa, orqanlara anonim və ya saxta imzalı (hansısa təqaüdçünün adından) məktub yazar, yazığı “zəhmətsiz gəlirlərlə özünə bahalı əşyalar tədarük edib” deyə dolaşdırar, tutdurardılar.
Elə indi də bilmək olmaz. Yəqin ki, vergi orqanlarına müvafiq siqnallar ötürənlər oldu ki, baxın, adi bir meyxanaçı bu bahalıqda lüks avtomobil və bahalı nömrə alıb, yoxlayın, görün, o qazandığı o qədər puldan dövlətə vergi veribmi.
Bu siqnalı verən olmasa da, namxuda, vergi orqanlarının əməkdaşlarının içində sosial şəbəkə üzvü olanlar, qəzet, sayt oxuyanlar çoxdur, onlar yüz faiz bu haqq-hesabdan xəbər tutublar. Yəqin artıq bir şey fikirləşirlər.
Bir də bir meyxanaçının bu qədər pulu qazanmasına inanmayanlar var. Bir nəfər onlara belə cavab vermişdi ki, Balaəli ayda 25 toya gedir, hərəsindən 2 min manat qazanır, aya 50 min edir. Bu hesabla o, 10 ayda yarım milyon pul qazanır, demək, ala bilər. Ona qalsa, heç o biri meyxanaçılar da pis qazanmır, sağlıqlarına qismət. Hamısının xırdaladğı sözlərinin xiridarları var. Allahın verən günü bir ətək pul qazanırlar. Sadəcə, Balaəli vaxtında təvazökarlığı qatladı qoydu dizinin altına, dedi, “Rəşaddan sonra baş şair özüməm”, həmkarları da onun açdığı təzə-tər qafiyələrə görə ona bir söz demədilər, beləcə o az yaşı, arıq canıyla müasir meyxanaçılar nəslinin lideri oldu.
İndi lirik, epik, tragik, özləri demişkən, ciddi şeirlər yazan şairlər də oturub-durub gileylənirlər ki, söz sənətinə qiymət verən yoxdur. Niyə yoxdur? Var. Balaəlinin və komandasının irəliyə apardığı söz sənəti xalqdan yaxşı qiymət alır -alqışı alqış, qonorarı qonorar, hörməti hörmət.
Nə qədər kəfəndən, gor evindən yazmaq, Allah-təalanı “neprav” çıxarmaq, nakam sevginin iztirablarından, sevən könülün çırpıntılarından, yasaq sevdaların həzin sonluğundan yazmaq olar? Artıq xalq elə şeyləri oxumur. Xalq novatorluğu, realizmi sevir. Məsələn, Balaəlinin belə bir qafiyəsi var: “Mən karolam, sən valet, mənə eliyillər balet”. Camaata belə şey lazımdır. Balaəli bunu deyir, ardınca 15 dəqiqə söz dueli gedir, insanlar da coşqulu şəkildə alqışlayır, güclü söz deyənin cibinə pul basırlar.
Yaxud “Bir dənə Tom-Ceri qalıb, onun da rəngi seri qalıb” meyxanası 11 dəqiqə davam edir və bəlkə də Füzulinin “Şəbi-hicran yanar canım”ından daha çox sevilir. Belə şedevrlər çoxdur: “Sən ağıllı, mən dəli, gülməlidir, gülməli”, “Dünən tapmışam yuxuda, çitraxuda-çitraxuda”, “Xodda, bir az da xodda, “Hər şey verdim ara”, “Ala, qalmısan dalda, qaz ver, qaz ver, qaz ver”, “Demirəm eşşeydi bu, nəsə elə bir şeydi bu” və s.
Zarafat deyil, bu sənətin on minlərlə azarkeşi, xiridarı, fanatı var və hər gün daha da artırlar. Balaəli onların dünyasının şairidir və onlar öz balaca dünyanlarının şairinə dəyər verirlər.
Düzdür, bu cür deyişmələr, xüsusilə də onun bədahatən deyilən, musiqili, avazlı variantı ciddi sənət deyil, amma on minlərlə adam bununla əylənir. Bax, bu reallıqdır. Dünyanın hər yerində yüngül əyləncə şouları dərin fəlsəfi həqiqətləri qəliz dillə pıçıldayan sənət əsərlərini süpürləyib basıb altına.
Ona görə də indi şair deyiləndə ilk yada düşənlər Elza Seyidcahan və Balaəli olur. Ancaq bu, son deyil. Bir gün onların da populyarlığı sönəcək, yerlərinə daha bəsit, amma daha çox sevilən “sənət əsərləri” gələcək və çırtma çalanlar onların dalınca gedəcək.
Bir də təhqiramiz söz yığnağından, jarqon ifadələrdən ibarət olan şeirfason deyişmələrinə görə nə Balaəlini, nə də o biri meyxanaçıları xəfifə almayın, onlar istəsələr, ciddi, sentimental, duyğusal lirik şeirlər, lap sonetlər də yaza bilərlər. Çünki söz baqajları zəngindir və mütaliələri genişdir, bizim oxumadığımız şairlərin hamısının əsərlərini oxuyurlar.
İntəhası, hamısı əmindir ki, indi “Durub göy üzünə daş atan oğlan”la pul qazanmaq, maşın almaq olmaz, indi “qaz ver, qaz ver”lə pul qazanmaq daha asandır.
Yeri gəlmişkən, sabah o meyxanaçılar “Durub göy üzünə daş atan oğlan” qafiyəsi açsalar, hansısa populyar mahnıyla sintez edib oxusalar, 3 günün içində orijinalından daha populyar olar.
Acı gerçəklik budur. Dövran Balaəlinin dövranıdır. Ona görə də onun BM (Balaəli Maştağalı) nömrəsi ilə BMW sürməsi təbiidir.
Ayrıca, məlum olduğu kimi, aşıqlıq qabiliyyəti olan qoç Koroğlumuzun 7777 “dəli”si olub, Balaəlinin maşınının nömrəsindəki 77 777 rəqəmi isə göstərir ki, onun “dəli”si, fanatı daha çoxdur.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ