Onlayn ictimai-siyasi qəzet
Bu proses əsasən Vaşinqtondan idarə olunan təsisatlar tərəfindən yönləndirilir
Son zamanlar bəzi Qərb dairələri tərəfindən Azərbaycana qarşı təzyiqlər güclənib. Bu, müxtəlif istiqamətlərdə müşahidə olunur. Azərbaycana qarşı təzyiqlər xüsusilə mötəbər tədbirlər ərəfəsində artır.
Məsələn, 2015-ci ildə Azərbaycanda keçirilən Birinci Avropa Oyunları, 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları, həmçinin “Formula 1" yarışları, "Avroviziya" musiqi yarışması kimi mühüm tədbirlər ərəfəsində də oxşar cəhdlərin şahidi olmuşduq. Noyabrda ölkəmizdə keçiriləcək daha bir tədbir- COP29 yaxınlaşdıqca, bu təzyiqlər özünü daha geniş spektrdə göstərməyə başlayıb. Azərbaycana təzyiqin əsas forması kimi ölkədə insan haqlarının pozulması, söz və mətbuat azadlığının məhdudlaşdırılması göstərilir.
Norveç İnsan Hüquqları Evləri Fondu “Azərbaycanda insan hüquqları ilə bağlı artan böhran” adlı hesabat yayaraq, hakimiyyətə təzyiqləri artırmağa çağırıb.
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Strasburqda keçirilən sessiyasında isə “Azərbaycanda insan hüquqları, qanunun aliliyi və demokratiya ilə bağlı vəziyyətin pisləşməsi” mövzusunda müzakirələr yenə də anti-Azərbaycan ruhda keçib. Azərbaycan üzrə məruzəçi, norveçli deputat Liz Kristofersen iddia edib ki, COP29 yaxınlaşdıqca Azərbaycanda hadisələr “pis istiqamətdə” inkişaf etməyə davam edir.
ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafna Randın isə Varşava İnsan Ölçüsü Konfransında ABŞ tərəfinin “Dağlıq Qarabağda beynəlxalq humanitar hüququn və insan hüquqlarının iddia edilən pozuntularını nəzərdən keçirməkdə davam etdiyi” barədə bəyanat verib. Bunlar yalnız son üç gün ərzində Azərbaycana qarşı səslənən ittihamlardır.
Rəsmi Bakıda da belə təzyiqlərə qarşı artıq immunitet formalaşıb. Azərbaycan ona qarşı qurulan oyunlardan hər dəfə uğurla, daha güclü çıxır. Bu, onu deməyə əsas verir ki, bütün destruktiv səylərə baxmayaraq, Azərbaycan COP29-a uğurla ev sahibliyi edəcək, daha da güclənəcək, inkişaf edəcək. Bəs Bakıya qarşı artan təzyiqlərin pərdəarxasında kim(lər)var?
Bəhruz Məhərrəmov
Deputat Bəhruz Məhərrəmovun sözlərinə görə, bu güclər Azərbaycan ərazilərini işğaldan qurtardıqdan sonra təcavüzün və separatizmin hamisi kimi çıxış etməyə başlayıblar: “Azərbaycanın antiterror tədbirlərində separatizmə son qoyaraq özünün suveren haqlarını tam bərpa etməsindən sonra isə həmin qüvvələr regionda sonuncu təsir və təzyiq mexanizmindən məhrum olduqları üçün daha da radikallaşmağa və hər tərəfdən Azərbaycana hücumlar etməyə başladılar. Məlumdur ki, dəfələrlə Azərbaycanla bağlı BMT Təhlükəsizlik Şurasının iclaslarında məsələlər qaldırılmış, ölkəmiz əleyhinə qərarların qəbul edilməsinə, hətta Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasına cəhdlər edilmiş, lakin Azərbaycan Prezidentinin şaxələndirilmiş xarici siyasət kursu bu proseslərdən ölkəmizi qalib olaraq çıxarmışdı. Bundan başqa, özünü insan haqları təsisatları kimi təqdim edən çoxsaylı muzdlu təşkilatlar Azərbaycana qarşı hücum kampaniyasında aktiv rol almış, "insan haqları" və “demokratik dəyərlər” adı altında Azərbaycan ətrafında təzyiq çəmbəri formalaşdırmağa çalışmışdılar. Lakin Azərbaycan üçün mənzərə kifayət qədər aydın idi və hələ 2 il əvvəl möhtərəm cənab Prezident “China Media Group”a müsahibəsində həmin təsisatların və həmin qüvvələrin qərəzinin kökündə nəyin dayandığını açıq formada bəyan etmişdi. Regionun hərbi-siyasi güc mərkəzi və diktə edən beynəlxalq subyekti kimi, təbii ki, Azərbaycan bu hücumlar qarşısında yalnız müdafiə olunmaqla kifayətlənməmiş, cənab İlham Əliyevin ardıcıl və düşünülmüş gedişləri ilə Azərbaycana qarşı kampaniyada ön mövqe tutmuş beynəlxalq subyektlərin ifşası istiqamətində ciddi addımlar atılmış, xüsusən ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dönəmində bu qaralama kampaniyasının önündə gedən Fransanın müstəmləkəçilik siyasəti qəti şəkildə pislənmiş, habelə ötən ilin dekabrında Fransa xüsusi xidmət orqanlarının Cənubi Qafqaz da daxil olmaqla, bir neçə regionu əhatələyən kəşfiyyat şəbəkəsi zərərsizləşdirilmişdir. Eyni zamanda son 20 il ərzində həyata keçirilən şaxələndirilmiş enerji təhlükəsizliyi siyasəti Azərbaycanın qlobal miqyasda rolunu artırmış, Avropanın bir çox dövlətlərinin enerji təhlükəsizliyində, dolayısı ilə milli təhlükəsizliyində rol alması, habelə COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycanın dünyanın bir çox dövlətlərinə münasibətdə ədalətli və humanist yanaşma sərgiləməsi, beynəlxalq ictimaiyyət anlayışının özünü bu adla təqdim edən 3-5 təcavüzkar subyektdən yox, bütövlükdə dünyanın bütün dövlətlərindən ibarət olduğu ideyasını müdafiə etməsi ölkəmizə münasibətdə ədalətsiz yanaşmalarda bizi müdafiə edən dostlarımızın sayını əhəmiyyətli dərəcədə artırmışdır. Eyni zamanda Azərbaycanın regionda əməliyyat şəraitinə nəzarət etməsi, habelə artan hərbi-siyasi imkanları hesabına qlobal gücə çevrilməsi ölkəmizi digər çoxsaylı təhdidlərdən sığortalamaqdadır. Bu mənada, COP29 ərəfəsində Azərbaycan əleyhinə başlanılan hücum kampaniyalarının regionda və ələlxüsus Azərbaycana münasibətdə nəyisə köklü formada dəyişəcəyi ağlabatan görünmür. Əksinə, əvvəlki dövrlərdə, Azərbaycanın digər beynəlxalq tədbirlərə ev sahibliyi dövründə bizə olunan hücumlarda olduğu kimi bu dəfə də başlanan bu təcavüzkar kampaniya fiaskoya məhkumdur. Cənab İlham Əliyevin bu ilin fevral ayının 14-də özünün andiçmə mərasimində və sentyabr ayının 23-də VII çağırış Milli Məclisin ilk iclasında da bəyan etdiyi kimi, belə cəhdlərin heç bir əhəmiyyəti yoxdur və heç kim bizim iradəmizə təsir edə və bizimlə ultimatum dilində danışa bilməz".
Elçin Mirzəbəyli
Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, deputat Elçin Mirzəbəyli burada olan əsas məqsədi açıqladı: “Azərbaycana qarşı kollektiv Qərbin bir sıra təmsilçiləri və əsasən Vaşinqtondan idarə olunan təsisatlar tərəfindən böhtan və qarayaxma kampaniyasının intesivləşdirilməsinin əsas səbəblərindən biri COP29-un ölkəmizə gətirəcəyi dividentlərin üzərinə öncədən kölgə salmaqdan ibarətdir. İndiki Ermənistan - tarixi Azərbaycan torpaqlarından üç dəfə deportasiyaya məruz qalan, öz evlərindən amansız bir vəhşiliklə qovulan azərbaycanlıların geriyə qayıdış kimi fundamental hüquqlarından bir kəlmə də olsun söz açmayan ölkə və təsisat təmsilçilərinin bir xeyli hissəsi müharibə canilərindən, terrorçulardan, əli günahsız insanların qanına bulaşmış terrorçulardan ibarət olan, lokal antiterror tədbirlərindən sonra Azərbaycanın suveren ərazilərini könüllü şəkildə tərk edən etnik ermənilərlə bağlı əsassız iddiaları gündəmə gətirmələri rəsmi Bakının sülh müqaviləsi ilə bağlı haqlı tələblərinə qarşı süni "arqument"lərin formalaşdırılmasına xidmət edir. Ermənistanın ömrünü rüsvayçılqla başa vurmuş ATƏT-in Minsk Qrupunun bədnam həmsədrlik institutunun fəaliyyətinə hüquqi baxımdan son qoyulması ilə bağlı rəsmi Bakının təşəbbüslərindən yayınmaq cəhdləri də bu ölü təsisatla bağlı təxribat planlarının olduğunu bir daha təsdiqləyir. Ermənistan və bölgəni təsir altına almağa çalışan dairələr Azərbaycan ərazilərini könüllü şəkildə tərk edən etnik ermənilərin “hüquqları” ilə bağlı əsassız iddiaları gündəmdə saxlamaqla mübahisəli vəziyyət ssenarisi yaratmağa və məsələni tarixin ən uğursuz tərəf-vasitəçilərinin gündəminə daşımağa çalışırlar. Azərbaycan baş verənlərin fərqində olduğunu qətiyyətli davranışları ilə dəfələrlə təsdiqləyib və bu təxribat ssenarilərinin qarşısında bir addım da geriyə çəkilməyəcək. COP29 da ölkəmizin bu günə kimi təşkilatçılıq etdiyi beynəlxalq tədbirlər kimi, yüksək səviyyədə keçəcək. Buna qətiyyən şübhə etmirəm".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ