İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının yükünü azaltmağın yolu

Cəfər İbrahimli: “Emal sənayesi inkişaf etməzsə, kənd təsərrüfatının uzunmüddətli dayanıqlığı çətinləşəcək”

Regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilsə də, hələ də  bölgələrdə bir çox sahələrdə, xüsusilə də kənd təsərrüfatı ilə bağlı geriləmə müşahidə olunur. Bunun nəticəsidir ki, son illərdə regionlardan paytaxta əhali axınının qarşısını almaq mümkün deyil. Düzdür, dövlət kənd təsərrüfatı sahəsi üzrə bir sıra subsidiyalar, güzəştli kreditlər və digər stimullaşdırıcı tədbirlər həyata keçirir, amma bunlar da effektli olmur.

Ekspertlərə görə problemin həlli üçün dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə dəstəyini artırması, kəndlərdə sosial infrastrukturun inkişafı və iş yerlərinin yaradılması vacibdir. Eyni zamanda, kənd təsərrüfatının modernləşdirilməsi və fermerlərin təlimi ilə bağlı tədbirlərin görülməsi də mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası, kənd təsərrüfatının inkişafı və işsizlik probleminin həlli üçün kompleks yanaşmaya ehtiyac var.

Cəfər İbrahimli: “2024-cü ildə investisiya şirkətləri üçün müsbət  dəyişikliklər gözlənilir”

Rəsmi qurumların açıqladığı məlumatlarda qeyd edilir ki, Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşlarının təşviqi və stimullaşdırılması həyata keçirilən iqtisadi siyasət strategiyasının ana xəttinə çevrilib, ölkə iqtisadiyyatına 2004-2018-ci illər ərzində 244,9 milyard ABŞ dolları həcmində investisiya qoyulub. 2004-2018-ci illər ərzində 1,5 milyonu daimi olmaqla, 2 milyondan artıq yeni iş yeri yaradılıb ki, bu iş yerlərinin də 75 faizi regionların payına düşüb. Regionların inkişafı proqramına indiyədək bütün mənbələr hesabına 90 milyard manatdan artıq vəsait yönəldilib. 2021-2023-cü illər üzrə isə regionların inkişafına 13 milyarddan çox vəsait yönəldilib. 2025-ci il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 23 milyard manat vəsait ayrılıb.

Bəs niyə dövlət proqramları istənilən nəticəni vermir? Fermerlərin işə cəlb olunması üçün daha nələr edilməlidir? Kənd təsərrüfatı sahəsində başqa nə kimi addımlar atılmalıdır?

Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib:

“Regionlarımızda son illərdə aparılan tədbirlər- dövlət proqramları çərçivəsində kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət tərəfindən atılan addımlar nəticəsində rayonlarda kiçik sənaye müəssisələrinin və məhəllələrinin qurulması və sairə istiqamətində müəyyən irəliləyişlər var. Amma bu tədbirlərin istənilən nəticəni verməməsi bir sıra amillərlə bağlıdır. Bölgədə iqtisadi inkişaf və ya biznesin dayanıqlığı üçün vacib olan əsas məsələ var. Bunlardan biri kapital, digəri isə iş qüvvəsidir. Burada söhbət ixtisaslı kadrlardan gedir. Regionlarımızda məhz bu iki faktorun çatışmazlığı səbəbindən sənayeləşmə sahəsində çətinliklər var.

Əksər regionlarımız kənd təsərrüfatına əsaslanan bölgələr olduğu üçün insanların daha çox kənd təsərrüfatı sahəsində bilik və təcrübəsi var. Dövlət kənd təsərrüfatına subsidiya, güzəştli kreditlər və texnikalarla dəstək göstərsə də, yenə də istənilən effekti əldə etmək çətindir. Bunun əsas səbəblərindən biri, torpaqların bölünmüş və fərdi istifadəyə verilməsi nəticəsində sahələrin çox kiçik olmasıdır. Bir hektarlıq ərazilərdə mənfəət əldə etmək çətindir. Digər səbəb isə həm sərmayə çatışmazlığı, həm də müasir yanaşma ilə işləyən ixtisaslı kadrların azlığıdır.

Düzdür, digər problemlər də mövcuddur, məsələn, su təminatında çətinliklər, iqlim və sairə. Amma peşəkar kadr daha vacib məsələdir. Yaxşı kadr ən çətin vəziyyətdə belə nəyisə dəyişməyə müyəssər olur”.

Ekspert əlavə edib ki, Azərbaycan regionlarında inkişaf strategiyası əsasən kənd təsərrüfatı ilə bağlı olmalıdır: “Amma bununla yanaşı, kənd təsərrüfatına əsaslanan emal sənayesinin inkişafı da diqqət mərkəzində olmalıdır. Çünki emal sənayesi olmadan kənd təsərrüfatında irəliləyişlər uzun müddətli perspektivdə mümkün deyil. Kəndlinin, fermerin istehsal etdiyi məhsulu realizə etmək imkanı olmalıdır, istehsal olunan məhsulların daha tez və effektiv şəkildə emalı təmin edilməlidir. Əgər emal sənayesi inkişaf etməzsə, kənd təsərrüfatının uzunmüddətli dayanıqlığı çətinləşir.  Bu mənada, regionlarda əsasən emal sənayesinə sərmayə yatırılmalıdır. Bu zaman məşğulluğun və əhalinin gəlirinin artmasına, eyni zamanda regionlarda məskunlaşmanın güclənməsinə kömək edəcək. Emal sənayesinin inkişafı kənd təsərrüfatının dayanıqlığını təmin edəcək, beləliklə hər iki sektor bir-birini dəstəkləyəcək. Bugünkü vəziyyətdə regionlarda kifayət qədər emal müəssisəsinin olmaması məhsulların bir hissəsinin itkisinə gətirib çıxarır. Bu isə təsərrüfat sahibinin qazana biləcəyi gəlirin azalmasına və sektorun yaratdığı dəyərin səmərəsiz qalmasına səbəb olur.

Nəticə etibarilə onu deyim ki, regionların inkişafında əsas prioritet kənd təsərrüfatına əsaslanan emal sənayesinin inkişafına üstünlük verilməlidir. Bu sahə üçün ciddi kadrların hazırlanması və onların regionlara cəlb edilməsi təmin olunmalıdır. İxtisaslı kadrların və işçi qüvvəsinin cəlb edilməsi nəticəsində regionlar daha dayanıqlı inkişafına səbəb olacağını düşünürəm”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR