İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının tələbi ünvana çatdımı - Rusiya Müdafiə Nazirliyinin bitməyən toponim oyunu

Murad Sadəddinov: “Sülhməramlıların komandanının kim olması əsas məsələ deyil, əsas məsələ Rusiyanın, Rusiya Müdafiə Nazirliyinin mövqeyinin dəyişməsidir”

Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentin komandanı general-mayor Andrey Volkovla Rusiya Müdafiə Nazirliyi arasında narazılıq yaranıb. Azərbaycanlı analitiklər hesab edirlər ki, buna səbəb sülhməramlıların komandanı general Andrey Volkovun dekabrın 3-də Azərbaycan toponimləri ilə bağlı jurnalistlərə verdiyi açıqlama olub. Belə ki, Volkovun “Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindən bütün toponimləri Azərbaycan tərəfinin bizə göndərdiyi adlarla yazırıq, amma təəssüf ki, Rusiya Müdafiə Nazirliyinin saytında bu adlara düzgün əməl edilmir” açıqlaması Rusiya yuxarı komandanlığının ciddi narazılığına səbəb olduğu iddia edilir.

Yada salaq ki, Rusiya Müdafiə Nazirliyinin bülletenlərində hazırda sülhməramlıların müvəqqəti nəzarət zonasındakı Azərbaycan yer adlarının qondarma erməni adları ilə adlandırılması ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfə bir həftənin içində bir neçə dəfə sərt etiraz bildirib. Bəs nəticə çıxarılıbmı? Yəqin ki, Laçın yolundakı aksiya ilə bağlı xəbərlərdən biləcəyik. Ancaq Moskvanın Volkovun açıqlamasına reaksiyası göstərir ki, pozitiv nəticə gözləmək hələ tezdir. Yoxsa generalın etirafına niyə irad bildirilsin ki? Yeri gəlmişkən, Şuşa-Laçın yolundakı aksiya ilə bağlı Rusiya Müdafiə Nazirliyi hələ də qəribə susqunluq göstərir. Bülleten-zad yaymır. Görəsən, niyə? Əlbəttə, Rusiya Müdafiə Nazirliyi Volkovu vaxtından əvvəl geri çağıra da bilər. Ancaq bir rus generalın başqası ilə əvəzlənməsi nəyi dəyişəcək ki? Əsas Rusiya Müdafiə Nazirliyinin, Rusiyanın Qarabağa, Azərbaycana yanlış münasibətinin dəyişməsi deyilmi...

Nə qədər ki, Qarabağda Rusiya hərbçiləri qalır...

Murad Sadəddinov

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Rusiya sülhməramlılarının komandanının dəyişdirilməsi ümumi Rusiyanın Qarabağda apardığı siyasətinə hər hansı ciddi təsir göstərməyəcək. Ola bilsin ki, başqa bir şəxs komandan göndərilsə, proseslərə cüzi də olsa təsirini göstərəcək. Amma ümumiyyətlə götürdükdə, komandan dəyişikliyi Rusiyanın siyasətinə təsir edəsi deyil: “İki il ərzində yaşanan təcrübə də bunu göstərir. Sülhməramlılara komandan göndərilən generallar ermənilərin müdafiəçisi rolunda çıxış edirlər. Çünki Rusiya Müdafiə Nazirliyinin siyasətinin mahiyyəti budur, bunu tələb edir. Rusiya Müdafiə Nazirliyinin mövqeyinə gəlincə, istər toponimlər, istərsə də başqa məsələlərdə Rusiya Müdafiə Nazirliyinin mövqeyi çox vaxt Rusiyanın dövlət siyasətindən fərqli olur, Rusiya Prezidentinin imzaladığı sənədlərdən kənara çıxır. Məsələn, 2022-ci ilin 22 fevralında Rusiya ilə Azərbaycan arasında imzalanmış sənədə əsasən tərəflər daxillərindəki separatizmə qarşı birlikdə mübarizə aparmalıdırlar. Amma bu gün biz bunun əksini görürük, Rusiya Müdafiə Nazirliyi və onun sülhməramlı qüvvələri Azərbaycan ərazisindəki separatçılara dəstək verirlər, separatçıların fəaliyyəti üçün bütün imkanları formalaşdırmağa çalışırlar. Rusiya Müdafiə Nazirliyinin Azərbaycana qarşı mövqeyi daha aqressivdir, nəinki Rusiyanın başqa dövlət qurumlarının mövqeyi. Uzun illər ərzində Rusiya Müdafiə Nazirliyi, onun generalları ilə Qarabağdakı separatçı ermənilər arasında dərin bağlar, qanunsuz əməkdaşlıq münasibətləri formalaşmışdı. 2020-ci ildə 44 günlük müharibədə Azərbaycan erməni silahlılarını darmadağın etdikdən sonra yeni reallıq yaranıb. Rusiya Müdafiə Nazirliyi isə bu reallığı qəbul edə bilmir. Rus generallar dəstək verdikləri "ordu"nun diz çökdürülməsi ilə barışa bilmirlər. Ona görə də hər fürsətdə müxtəlif üsullarla bizdən qisas almaq istəyirlər. Azərbaycan toponimlərinin təhrif edilməsi də qisas addımlarındandır".

Politoloq hesab edir ki, bütün bunlara görə də birdəfəlik bilməliyik ki, sülhməramlıların komandanının kim olması əsas məsələ deyil, əsas məsələ Rusiyanın, Rusiya Müdafiə Nazirliyinin mövqeyinin dəyişməsidir: "Bu mövqe isə hələ ki dəyişmir. Volkovu bir müddət əvvəl toponimlərlə bağlı Rusiya Müdafiə Nazirliyini ifşa edən açıqlamasına görə cəzalandırsalar, dəyişsələr belə, müsbətə heç nə dəyişməyəcək. Çünki dediyimiz kimi Rusiya Müdafiə Nazirliyinin mövqeyi dəyişməyib. Üç gün ərzində Laçın yolunda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin fasiləsiz aksiyalarına Rusiya Müdafiə Nazirliyi tərəfindən reaksiya verilməməsi də münasibətin dəyişmədiyinin daha bir göstəricisidir".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR