İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakını küləyinə, Azərbaycanı günəşinə görə ittiham edənlərə: “Çox zilə çıxmayın!”

200 ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etmək səlahiyyətinin Azərbaycana verilməsi ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsidir!

Prezident İlham Əliyev COP29 Liderlər Sammitinin açılış mərasimində bu xatırlatmanı etməklə əslində bəzi yaddaşı gödək, cılız dünyagörüşlü, mənfur xislətli hakimiyyətlərə və liderlərə, həmçinin Azərbaycanla düşmənçilik edən ölkələrə “siz uduzmusunuz, boynunuza alın”, mesajını vermiş oldu.

LİDE.jpg (60 KB)

Bəli, həmin riyakarlar bu dəfə də hesablamalarında uduzdular.

2023-cü ilin dekabrında COP29-a ev sahibliyin Azərbaycana verilməsi barədə qərar qəbul olunanda zənn edirdilər ki, rəsmi Bakı belə nəhəng tədbirin normal səviyyədə keçirilməsinə, yüksək peşəkarlıqla təşkilatçılıq etməyə nail olmayacaq. Torpaqlarını təkbaşına azad edən, təkbaşına 20 faiz darmadağın edilmiş ərazilərində həyat quran, əhalisini yenidən tikilmiş yaşayış məntəqələrinə qaytaran ölkə üçün bir neçə aya bu işləri həyata keçirmək elə də asan məsələ deyildi. Amma Azərbaycan bu dəfə də bacardı, Füzuli Beynəlxalq Hava Limanını inşa etdiyi müddətə - 8 aya COP29-a hazırlıqları da tam başa çatdırdı. Bu mənada söyləmək olar ki, 191 metr hündürlükdə dalğalanan bayrağına görə Ginnesin Rekordlar Kitabına düşən Azərbaycan həm də COP hazırlıqlarını ən qısa müddətdə və yüksək səviyyədə həyata keçirdiyinə görə də adını rekordçular sırasına yazdırmağı bacardı! Ölkəmiz bədxahların gözləntilərini, arzularını ürəyində qoydu, niyyətləri qursaqlarında qaldı!

Dövlətimizin rəhbəri Azərbaycana qarşı hücumları kifayət qədər tutarlı arqumentlərlə cavablandırdı, master-klass keçdi növbəti dəfə. Əslində bu cavablar həm də Azərbaycana qarşı qarayaxma aparan çevrələrə, paytaxtlara, lider statusu daşıyanlara nöqtəli zərbələr idi. Prezident xüsusilə qeyd etdi ki, Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra ölkəmiz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildi. Sitat: “Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir”.

Ölkəmizə qarşı qərəzli siyasət yürüdən, riyakarlıq edən ölkələr, prezidentlər, “media”, “QHT” adında, əslində “maşa” rolunu oynayanların ifşası istiqamətində səslənən arqumentlərin yüksək tribunadan səsləndirilməsi üçün COP29 möhtəşəm bir platforma oldu. Azərbaycanın hər bir vətəndaşının, həmçinin dünya güclərinin əsarətindən əziyyət çəkən insanları, ada dövlətləri, haqsızlığa məruz qalan bəşər övladlarının ürəyindən tikan çıxaran faktlar sadalandı. Azərbaycana qarşı təzyiq rıçaqları heç nəyə yaramayan yaramazlar COP-la bağlı sarsaq iddiaları tirajlayırdılar neçə vaxtdır, ölkəmizin neft-qaz ölkəsi olduğunu əsas gətirib, bu tədbirin Bakıda keçirilməsini doğru saymırdılar.

Azərbaycanın “Ulduz” filmində kəndlilərdən birinin briqadir Qədirə dediyi maraqlı bir fikir var: “Qızına elçi gedəndə Əlişə “atam” deyirdin”. İndi Avropadakı “təbiət həvəskarları”, “iqlim xilaskarları” ayılıblar ki, “ay qoymayın, Bakıda neft-qaz çıxır, COP bu şəhərdə keçirilsə, xaçımızın qaşı düşər”.  Utanmazlar! Yaramazlar!

SAVAD.jpg (174 KB)

Azərbaycan Prezidenti bisavadlara, yaxud özlərini bu sayaq göstərib, dünya ictimaiyyətini çaşdırmağa çalışanlara tarix dərsi keçdi: “Dünyada sənaye üsulu ilə ilk neft quyusu Azərbaycanda, Bakıda 1846-cı ildə qazılıb. O, buradan uzaq yerdə yerləşmir və həmin yerə 10-15 dəqiqəlik yoldur. Dənizdə ilk neft quyusu da Azərbaycan neftçiləri tərəfindən Xəzər dənizində XX əsrin ortalarında qazılmışdır. XIX əsrdə qlobal neft hasilatının yarısı Azərbaycanın payına düşürdü”.

Dövlətimizin başçısı tamamilə doğru olaraq qeyd etdi ki, əgər o vaxt bəzi Qərb siyasətçiləri və media bizi neft dövləti adlandırsaydı, bu, bəlkə də anlaşılan olardı: “Lakin əgər onlar indi, yəni bu gün də bizi neft dövləti adlandırırlarsa, bu, ədalətsizlikdir və yalnız siyasi mədəniyyət və biliklərin çatışmamasından xəbər verir. Bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Amma dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası bizi neft dövləti adlandırır”.

Təsəvvür edin, heç 1 faizlik hasilata belə malik olmayan Azərbaycan qlobal problemlərin yaranmasına görə ittiham olunur.

İqlim problemlərinin yaranmasının əsas günahkarlarının bir çoxu Avropa İttifaqının çətiri altında birləşib, amma kimsə onları qınamır. Dünyanın əsas neft istehsalçılarından olan, elə keçən il neft sektorundan rekord gəlirlər əldə edən Norveç COP-u boykot edir. Beləcə, bunlar “öz gözlərində tiri görməyən”lərdir, Azərbaycanın gözündə qıl axtarırlar. Dövlət başçımızın bu kimi ölkələrə xitabında dediyi kimi, yaxşı olardı ki, ən azı onlar özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar.

CİXİ.jpg (117 KB)

Təsəvvür edin, Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir. Amma yenə də Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra tullantılara görə hədəfə gəldi. Prezident bu hücumların təsadüf olmadığını əminliklə söylədi: “Biz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildik”.

Azərbaycan əraziləri işğalda olduğu 30 il ərzində o torpaqlara ermənilər tərəfindən od vurulmasına, flora və faunasının məhv edilməsinə, canlı aləmin vandallıqla məhvinə, təbii sərvətlərinin talanmasına, torpaqların, su mənbələrinin çirkləndirilməsinə, zəhərlənməsinə biganə qalan, hətta talançılıqda ermənilərə şəriklik edən paytaxtlar, təşkilatlar bu gün Azərbaycanı neft və qazına görə hədəfə alırlar. O illərdə bircə dəfə də olsun Ermənistana “bu əraziləri məhv etməyin” çağırışı etməyənlər, Azərbaycanın israrlı müraciətlərinə rəğmən, bircə dəfə də olsa işğal bölgəsində monitorinq keçirməyənlərin başına COP29 düşüb. Amma nə COP27 zamanı Misirdəki insan haqlarının vəziyyəti, nə COP28-də gündəlik hasilatını hələ 2020-ci ildən 3 milyon bareldən 4-5 milyon barelə çatdırılmasını hədəfləyən Birləşmiş Ərəb Əmirliklərindəki neft yataqları yadlarına düşmürdü bu Azərbaycan – Türk düşmənlərinin.

Bu, nonsesdir ki, bir ölkə Allahın və təbiətin ona verdiyi sərvətlərə görə ittiham olunur. Bunu yalnız Azərbaycan düşmənləri edə bilərdi. Belə getsə, günün birində Bakını küləyinə, Azərbaycanı günəşli ölkə, yaxud odlar ölkəsi olduğuna görə də ittiham edəcəklər, sanksiyalarla hədələyəcəklər bu simasızlar, riyakarlar!

Qlobal iqlim problemlərinin yaranmasında əsas rol oynayan sənaye müəssisələri, onların atıldığı tullantılardır. Amma həmin ölkələr yada düşmür nədənsə... Dünənə qədər Azərbaycanın neft-qaz ixracını artırması üçün minnətçi düşənlərdir bir çoxları. Prezident İlham Əliyev də xatırlatdı: “Bu gün Azərbaycanı tənqid edən Qərb mərkəzləri yaxşı bilirlər ki, məhz Avropa Komissiyasının təklifi ilə Azərbaycan və Avropa Komissiyasıenerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsiimzalayıblar. Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir. AvropaKomissiyası Azərbaycandan xahiş edib ki, qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artırsın. Beləliklə, ikili standartlar, digər ölkələrə dərslərvermək adəti və siyasi riyakarlıq bəzi qərbölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası...”

NEFTO.jpeg (69 KB)

Azərbaycanın neft-qazı başlarına daş kimi düşənlər nədənsə ölkəmizin yaşıl enerji sahəsində atdığı addımları, gördüyü işləri görməzdən gəlir.

Prezident İlham Əliyev xatırlatdı: “COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcəkdir”. Diqqət edin, işğaldan azad edilmiş Cəbrayılda tikiləcək günəş enerjisi stansiyası! Ermənistana işğal və talanda dəstək olanlar Zəfər qazanmış ölkəmizin Günəş stansiyasına kor olub, yerin altındakı neft damlalarını axtarır...

Davamı da var: “Biz 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırırıq. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb”.

Ölkəmizin rəhbəri xüsusilə vurğuladı ki, “Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq. Bu, bizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı dörd giqavatdır. Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə də bu, yalnız başlanğıcdır”.

Bu, həm də Avropanın bəlli paytaxtlarına “vaxt gələcək, yaşıl enerjimizə də minnətçi düşəcəksiniz, çox da zilə çıxmayın”, mesajıdır.

Bəşəriyyətin xilasına yönəlik mesajların verildiyi BMT tədbirinə gəlməkdən imtina edən, bu tədbiri qaralayanlar bununla Azərbaycana pislik etdiklərini zənn edirlər. Gerizəkalılar! Bu qərarları ilə tarixin qara səhifələrinə adlarını yazdırmış oldular. Bakıda bəşər insanının xilası naminə əldə olunacaq faydalı nəticələrdən heç şübhəsiz ki, həmin çevrələrə, liderlərə pay düşmür. Qlobal problemlərin həllindən bəhrələnəcəklərsə, haramları olsun! Azərbaycan humanist ölkədir, hətta düşmənə də aman verməyi bacarır. Amma ölkəmizə qarşı qarayaxma kampaniyası həyata keçirənlər COP29-un töhfələrindən pay götürməyi haqq etmirlər!

COP.jpg (112 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR