Onlayn ictimai-siyasi qəzet
Dağılmış SSRİ-nin yerində qalan ucsuz-bucaqsız məkanda hələ də elə adamlar var ki, onları bütün “sovet xalqı” tanıyır. Məşhur teleaparıcı və KVN əfsanəsi Aleksandr Maslyakov belə personalardan idi. Bildiyimiz kimi, o dünən ömrünün 83-cü ilində dünyasını dəyişib.
Azərbaycan tamaşaçısı Maslyakovu əsasən vaxtilə “Bakılı oğlanlar” ŞHK komandasının iştirak etdiyi və çempion olduğu vaxtdan tanıyır. O zaman Aleksandır Maslyakov proqramın aparıcısı və necə deyərlər, baş münsifi idi. Çoxları hələ də “Bakılı oğlanlar”ın çempionluğu elan edilən şou bitəndən sonra “Bakılı oğlanlar”ın ən sevilən üzvü Bəhram Bağırzadənin Maslyakovun üstünə qaçmasını və onu qucaqlayıb ağlamasını xatırlayır.
Ancaq çox adam bilmir ki, Aleksandr Maslyakovu Azərbaycana, Bakıya bağlayan bir xətt də vardı. Belə götürəndə o da Bakılıydı, Bakının çörəyini yemiş, suyunu içmişdi.
O, 24 noyabr 1941-ci ildə Sverdlovskda (indiki Yekaterinburq) anadan olub. Atası Vasili Vasilyeviç (1904-1996) hərbi təyyarəçi, sovet-alman müharibəsinin iştirakçısı, anası Zinaida Alekseevna (1911-1999) isə evdar qadın olub.
A.Maslyakov erkən uşaqlığını Çelyabinskdə evakuasiyada anası ilə keçirib. Atası müharibədən qayıtdıqdan sonra ailə Bakıya köçüb. Görünür, bu yerləşmə hərbçi Vasili Maslyakovun xidməti vəzifəsi ilə bağlı olub. Buna görə də gələcək KVN-çinin uşaqlığı Bakıda keçib. Sonra yenə ailə başçısının xidmət yeri dəyişdirilib, bu dəfə ailə qonşu Gürcüstana köçüb və Maslyakovlar Kutaisidə yaşamağa başlayıblar. Daha sonra yeni bir köç baş verib və Maslyakov ailəsi ilə birlikdə Moskvada məskunlaşıb.
1966-cı ildə o, Moskva Nəqliyyat Mühəndisləri İnstitutunun energetika fakültəsini bitirib. Tələbəlik illərində tökmə-mexaniki zavodunda təcrübə keçib, universitetin özfəaliyyət tamaşalarında iştirak edib.
İnstitutu bitirdikdən sonra A.Maslyakov bir il “Giprosaxar” layihə institutunda mühəndis işləyib.
1968-ci ildə o, televiziya işçilərinin ali kurslarında təhsilini başa vurub.
Maslyakovun televiziya həyatı hələ 1964-cü ildə, tələbə olarkən başlayıb. O, Svetlana Jiltsova ilə birlikdə "Şən və Hazırcavablar Klubu" (KVN; 1961-ci ildən yayımlanır) yumoristik oyun şousunun aparıcısı olub. Veriliş böyük populyarlıq qazanıb.
Ancaq hər bir verilişə, şouya mütləq ideoloji prizmadan baxan sovet təhbərliyi sözügedən verilişin populyarlığından məmnun qalmayıb və 1971-ci ildə KVN televiziya proqramı SSRİ Dövlət Televiziya və Radiosunun rəhbərliyi tərəfindən bağlanıb. Aleksandr Maslyakov televiziyada işləməyə davam edib, "Salam, biz istedadlar axtarırıq!", "Gənclərin ünvanları", "Buyurun, uşaqlar!", "Buyurun, qızlar!", "Şənlər" verilişlərinin, “Özünə meydan oxu”, “İlin mahnısı” televiziya festivalının aparıcısı olub.
1976-cı ildə o, daha bir popular verilişin hazırlanmasında əsas rolu oynayıb. Bu, “Nə? Harada? Nə vaxt?" viktorinası olub. 1975-ci ildən efirə çıxan proqramın yaradıcısı Vladimir Voroşilov olsa da, Maslyakov viktorinaya yeni nəfəs verib. Daha sonra A.Maslyakov mərkəzi televiziyanın gənclər redaksiyasında müxbir işləyib.
1986-cı ildə Maslyakov keçmiş KVN-çi Andrey Menşikov və dramaturq Boris Salibovun təşəbbüsü ilə “Şən və Hazırcavablar Klubu”nu yenidən bərpa edib. Həmin gündən 2022-ci ilə qədər onun yeganə aparıcısı Aleksandr Maslyakov olub.
O, Beynəlxalq KVN İttifaqının prezidenti, "Planet KVN" müəssisəsinin direktoru, "Alexander Maslyakov and Company" televiziya yaradıcılıq birliyinin ortaq sahibi, KVN televiziya proqramının təşkilatçısı və prodüseri olub.
Alekandr Maslyakov bir sıra filmlərdə epizodik rollar da oynayıb. Bu sırada “Ar-xi-med-lər” (1975, rejissor Aleksandr Pavlovski), “Yetkin olmaq istəmirəm” (1982, Yuri Çulyukin), “Maneə kursu” (1984, Mixail Tumanişvili), “Necə xoşbəxt olmaq olar” (1985, Yuri Çulyukin) və başqa filmlər var.
Rusiya Federasiyasının əməkdar artisti (1994). Moskvanın əməkdar mədəniyyət işçisi (2016) olan Maslyakov “Vətənə xidmətə görə” ordeninin 4 dərəcəsinin dördü ilə təltif olunub. O, həmçinin Aleksandr Nevski (2015), III dərəcəli “Xidmətə görə” (Ukrayna, 2006), II dərəcəli “Dostıq” (Qazaxıstan, 2007), “Dostuk” (Qırğızıstan, 2017) ordeni ilə də təltif edilib.
Maslyakov Mahaçqala (1997) və Soçi (2016) şəhərlərinin fəxri vətəndaşı idi.
1980-ci il təvəllüdlü oğlu Aleksandr KVN Premyer Liqa oyunlarının aparıcısıdır.
Beləcə, bir zamanların ən populyar televiziya ulduzu, səviyyəli yumoru, unikal pozitivliyi ilə milyonlarla tamaşaçının qəlbini fəth edən, hər kəsin təqdir etdiyi, heç kəsin ağız büzmədiyi bir insan ömrünün 83-cü ilində həyatı tərk etdi. İndi ondan qalan yalnız xatirələrdir.
Araz Altaylı, Musavat.com
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ