İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan Bişkekə, Bişkekdən Türk dünyasına

Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Qırğız Respublikasına ilk rəsmi dövlət səfəri çox məhsuldar keçdi. Səfər günlərində olduğu kimi, səfərsonrasında Qırğızıstan və Azərbaycan KİV-ləri bu önəmli hadisə haqqında yazır, səfərin müxtəlif yönlərini işıqlandırır. Daha da yazılacaq, təbii. Bu çox xoşdur, qardaş ölkələrimizin aydınlarını sevindirən, düşünən insanlarımızın, ümumən xalqlarımızın könlünü şad edən tarixi hadisədir. Azərbaycan Prezidentinin Qırğızıstana ilk səfəri, yüksək qonaqpərvərlik, ehtiramlı qarşılanma, zəngin proqram bütün Türk dünyasına fərəh bəxş edir.

“Qırğız torpağında bir daha görürəm ki, qardaşlığımız sözdə deyil, əməldədir” - Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevə aiddir. Artıq vurğuladığımız kimi, söhbət, Prezident Əliyevin Qırğızıstana ilk dövlət səfərindən gedir. İkincisi, bu ilin aprel ayında Prezident Japarovun Azərbaycana uğurlu səfəri gerçəkləşdi və prezidentlərin aprel-oktyabr aralığında başqa görüşləri də olmuşdur. Deməli, yüksək səviyyəli sıx əlaqələr inkişaf edən xətt üzrə davamlı xarakter daşıyır. Nəzərə alsaq ki, parlamentlər, müxtəlif nazirliklər, habelə ictimai birliklər, çoxsaylı aydınlar arasında da işbirliyi mövcuddur, ona görə də, münasibətlərimizin prezidentlərin qarşılıqlı səfərləri, görüşləri ilə taclandırılması qürurverici, ruhlandırıcı hadisə olaraq köksümüzü qabardır, hər kəsi yeni üfüqlərə qanadlandırır.

Bütün əməli fəaliyyət sahələrində dərin işbirliyinə yeni üfüqlər açan bu səfərlə bağlı səmimi fikirlərlə tanış olduqca, hələ nə qədər yeni imkanların olduğunu, qardaş ölkələrimizin hər ikisində dövlətin xalqla, xalqın dövlətlə həmahəng düşüncə və hərəkətə malik olduğunu görürük. Necə deyərlər, eyni alqoritm, eyni xarakter özünü göstərir. Çünki ruhumuz, kökümüz birdir. Prezident Əliyevin Biskek hava limanında Prezident Japarov tərəfindən qarşılanmasından tutmuş, Bişkekdən digər qardaş ölkənin - Qazaxıstanın paytaxtı Astanaya yola salınmasınadək hər şey qardaşlıq, birlik, tarix və gələcək ismarıclıydı. Anadolulu qardaşlarımız demiş, A-dan Z-yə hər şey mümkün olan ən yuksək səviyyədə təşkil olunmuşdu - ən yüksək səviyyədə! Əlbəttə, biz bilirik ki, Bişkek indiyədək çox ölkənin başçısını qarşılayıb, yola salıb, bundan sonra da önəmli səfərlər olacaq, ancaq Prezident Əliyevin Qırğız elinə ilk dövlət səfəri həmişə özəlliyini qoruyacaq, bir ayrı məhəbbətlə xatırlanacaq. Prezident Əliyevin Qırğız Respublikasına səfəri bir model olaraq qəbul görəcək.

Səfər müddətində imzalanan sənədlər, ümumən zəngin proqram, Bişkekdə verilən ismarıclar Azərbaycan - Qırğızıstan münasibətlərinin mövcud səviyyəsini, xəlqi mahiyyətini, Türk dünyasına bəxş etdiyi imkanları, Avrasiyada barışa, işbirliyinə qatqılarını parlaq şəkildə ifadə edir.

Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət,

Nizami Gəncəvi adına 103 saylı məktəbin,

Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin,

Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılış mərasimləri,

Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasının keçirilməsi,

"Ala-Arça” Dövlət Təbiət Parkında təşkil olunan mədəni proqram,

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması,

Prezidentlərin mətbuata bəyanatlarla çıxış etməsi... - hər tədbirdə, hər görüşdə, müzakirədə və sənəddə verilən ismarıclar xalqlarımıza, dostlarımıza sevinc, qürur verdi.

“Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Birinci Dövlətlərarası Şuranın iclasının Qərar”ı Prezidentlər tərəfindən imzalandı.
Habelə:

- “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum”u,

- “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandum"u,

- "Azərbaycan Respublikasının Bakı şəhəri və Qırğız Respublikasının Bişkek şəhəri arasında qardaşlıq əlaqələrinin qurulmasına dair Anlaşma Memorandum"u,

- "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qırğız Respublikasının Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi arasında qarşılıqlı anlaşma və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Memorandum",

- "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Sosial Fond arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol"u,
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qırğız Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2025-ci illər üzrə əməkdaşlıq Proqramı",

-"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş"i imzalandı. İmzalanan başqa bir sənəd,

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş"dir. Yanılmırıqsa, bu Saziş, hər iki dövlət üçün nadir təcrübədir.

Burada bir sıra əməli fəaliyyət sahələrinin əhatə olunmaması isə o sahələrin bu ilin aprelində Bakıda imzalanmış olması ilə bağlıdır.

Bu ilki iki dövlət səfərində imzalanmış sənədlərin məcmusu, demək olar, bütun əsas sahələri kamil şəkildə əhatə edir. Qalır, qolları çırmalayıb, həvəslə, sevgi və peşəkarlıqla işləmək. Əslində, qollar artıq çırmalanıb; üfüq bəlli, yol bəlli, yolçular bəlli! - Bu yol bizi "Ortaq keçmişdən ortaq gələcəyə" aparan qutlu yoldur.

Qardaşlıq bayrağımız uca olsun!

Əkbər QOŞALI,
Beynəlxalq "Alaş" Ədəbiyyat mükafatı laureatı, DGTYB Məsləhət Şurasının başqanı,

Nurlan KALIBEKOV,
Qırğız Milli Yazıçılar Birliyinin başqanı, Əməkdar mədəniyyət xadimi

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR