Onlayn ictimai-siyasi qəzet
Deputat: “Prezidentin seçkilərdən xeyli öncə Trampa birmənalı və açıq dəstəyi məhz bu baxış bucağından qaynaqlanırdı”
“Biz Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”. Prezidenti İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində belə deyib.
Prezident deyib ki, Trampın hakimiyyətə qayıtmasının dünyada ciddi dəyişikliklərə, narahat olunacaq hadisələrə səbəb olacağına ciddi əsas görmür: “Düşünürəm ki, dünya daha təhlükəsiz ola bilər. Prezident Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Əgər ABŞ-ın ən azı bir neçə onilliklər ərzində tarixinə nəzər salsaq, bu, nadir bir təcrübə idi. Azərbaycana gəlincə, biz əminik və nikbin fikirdəyik.”
Bəs Tramp hökumətinin xarici siyasətində Bayden-Blinken cütlüyünün siyasətindən hansı qabarıq fərqlər ola bilər? Gözləntilər nədir? Azərbaycanla münasibətlərdə müsbətə ciddi bir dönüş olacaqmı?
Elçin Mirzəbəyli
Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Tramp Qərb siyasətçiləri arasında liberal qlobalizmin iflasa uğradığını, milli suverenliyin və ənənəvi dəyərlərin bəşəriyyətin gələcəyi üçün yeganə çıxış yolu olduğunu dilə gətirən yeganə liderdir: “Onun BMT Baş Assambleyasının tribunasından, hələ 2019-cu ilin sentyabrında səsləndirdiyi fikirlərdən kiçik bir iqtibas gətirməklə mövqeyimi əsaslandırmaq istəyirəm: "Gələcək qlobalistlərin deyil, vətənpərvərlərindir. Gələcək öz vətəndaşlarını müdafiə edən, qonşularına hörmətlə yanaşan və hər bir ölkəni unikal edən, xüsusi edən fərqlərə hörmət göstərən suveren müstəqil dövlətlərindir". Göründüyü kimi, Trampın bəşəriyyətin gələcəyi üçün həyati əhəmiyyət kəsb edən yanaşmaları ilə Prezident İlham Əliyevin qlobal siyasətə baxış bucağı arasında ziddiyyət yoxdur. Hələ 2000-ci illərin əvvəllərində, siyasi hakimiyyətdə təmsil olunmadığı vaxtlar, İlham Əliyev Azərbaycan jurnalistlərinin mühafizəkar və liberal baxış bucaqları ilə bağlı suallarının cavabında “mühafizəkarlar öz xalqlarına daha çox fayda verirlər” demişdi. Həmin dövrdə telekanallardan birində çalışdığım üçün həmin materialdan həftəlik icmalda istifadə etmişdim və bu səbəbdən çox yaxşı xatırlayıram. Prezident İlham Əliyev beynəlxalq münasibətlər sistemini mükəmməl bilən bir diplomat, siyasət adamı kimi, hələ kimsənin liberal qlobalizmin çöküşündən söz açmadığı, klassik dövlətçilik ənənələrinin və bəşəri dəyərlərin saxta reformizmin girovuna çevrildiyi bir zamanda milli suverenliyi özünün keçilməz sərhədi hesab edən mühafizəkar baxış bucağının, dəyərlər üzərindən inkişafın əhəmiyyətini çox yaxşı başa düşür və ifadə edirdi. Azərbaycan Prezidentinin ABŞ-da keçirilən son seçkilərdən xeyli öncə Donald Trampa münasibətdə birmənalı və açıq dəstəyini ifadə etməsi də, qənaətimə görə, məhz bu baxış bucağından qaynaqlanırdı".
Deputatın sözlərinə görə, şübhəsiz ki, bütün bunlar, Azərbaycan-ABŞ münasibətlərinin yeni dövrü üçün əlverişli əsas yaradan nəzəri aspektlərdir. Bayden-Blinken cütlüyünün hakimiyyəti dövrünü ABŞ-Azərbaycan münasibətlərində, o cümlədən Birləşmiş Ştatların xarici siyasətində ən uğursuz dövr hesab etmək olar. Hətta Obama-Bayden cütlüyünün hakimiyyəti dövrü belə Demokratların siyasi olimpin zirvəsində olduqları son 4 illik zaman kəsiyində olduğundan xeyli yaxşı idi.
Trampın qəbul edəcəyi qərarlar və atacağı addımların tamamilə bizim strateji hədəflərimizlə uyğunluq təşkil edəcəyini proqnozlaşdırmaq istəmirəm. Şübhəsiz ki, bəzi gözlənilməz məqamlar da olacaq. Lakin qlobal proseslərin inkişafına ortaq baxışın olduğunu nəzərə alsaq, qarşıdakı 4 ildə ABŞ-Azərbaycan münasibətlərində önəmli dəyişikliklərin baş verəcəyini düşünürəm".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
03 Mart 2025
02 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ