Onlayn ictimai-siyasi qəzet
Paşinyan hakimiyyəti erməni cəmiyyətinin ittihamlarından yaxa qurtarmaq üçün absurd iddialar ortaya atır
Hakim “Mülki Müqavilə” partiyasını parlamentdə təmsil edən deputat Qaqik Melkonyan növbəti dəfə Azərbaycanla bağlı absurd fikirlər səsləndirib: “Qazaxıstanda çevriliş olanda KTMT qrup yaradıb qiyamı yatırdı, çünki bu, Rusiyanın iradəsi idi. Amma sərhədlərimizdə eskalasiya olanda Rusiya reaksiyasız qaldı. Avropa İttifaqı müşahidəçiləri gələndə dedilər ki, qoy bizimkilər də gəlsin”.
Azərbaycan tərəfinin niyə Bakıda məhkəmə hökmü ilə müxtəlif cəza alan erməniləri qaytarmadığını soruşduqda, deputat onların guya əsir olduğunu deyərək, belə cavab verib: “Razısınızmı ki, əsirlərin qaytarılması müqabilində Zəngəzurdan imtina edək? Əsirlərin dəyişdirilməsi ilə bağlı problemimiz var”.
Erməni deputat məsələni elə təqdim etmək istəyir ki, guya Azərbaycan erməni diversantları Zəngəzurla dəyişmək istəyir. Yəni əsirləri verək, Zəngəzuru qaytarın bizə. Axı bu, tamamilə uydurma bir fikirdir və Azərbaycan belə bir şərtlə çıxış etmir. Bu, artıq Azərbaycanı dolayı formada ərazi iddialarında ittiham etmək deməkdir.
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bunu tamamilə mümkünsüz sayır: "Bəzi ermənilərin iddia etdiyi kimi, əsirlərin qaytarılması müqabilində guya Azərbaycan Zəngəzur dəhlizindən imtina edəcək, ermənilərin şərtlərini qəbullanacaq, bu fikirlər absurddur. Əsirlərin dəyişdirilməsi məsələsi gündəmdə yoxdur. Bəli, Azərbaycan hərbçisi hava şəraiti ilə bağlı yolunu azaraq əsir düşmüşdü. Ermənistan tərəfi onu geri qaytardı, ortada bir şifahi razılaşma var. Hava şəraiti ilə əlaqədar hərbçilər yollarını azarlarsa, onlar qaytarılmalıdır. O ki qaldı Azərbaycanın əlində olan terrorçulara, soyqırımda əli olanlara, onların heç məhkəmələri belə keçirilməyib. İndi məhkəmə keçirilmədən onları necə təhvil vermək olar? Bu mümkün olan bir məsələ deyil. Onları biz Zəngəzur dəhlizinə də dəyişə bilmərik. Onlar layiqli cəzalarını almalı, cəzalarının da böyük hissəsini çəkməlidirlər. Ondan sonra Azərbaycan Prezidenti lazım bilərsə, ya əfvdən istifadə edə bilər, ya da Ermənistanla hansısa bir məsələnin həlli üçün belə bir güzəştlər mövcuddur. Amma indi dediyim kimi, bu, reallaşa bilməz. Zəngəzur dəhlizi və 8 kəndin Azərbaycana qaytarılması alver predimeti deyil. Azərbaycanın bu istiqamətdə tələbləri davam edir".
Rusif Məmmədsoy
Politoloq Rusif Məmmədsoy bu məsələnin həllinin Ermənistanın iradəsindən asılı olmadığını söylədi: “Düşünmürəm ki, saxlanılan diversantların Ermənistana verilməsi ilə Zəngəzur dəhlizi açılsın. Çünki həmin diversantlar o qədər dəyərli deyil. Hətta daha dəqiq ifadə edəsi olsaq, Zəngəzur dəhlizinin açılması, ümumiyyətlə, qəribə səslənsə də, Ermənistanın iradəsindən asılı deyil. Çünki hazırda Paşinyan Ermənistanın milli və təhlükəsizlik maraqlarını faktiki şəkildə Makronun Cənubi Qafqaz siyasətinə qurban verməklə məşğuldur. Nikol Paşinyan sülh müqaviləsi imzalamaqdan boyun qaçırır, ona görə yox ki, sadəcə, ona daxildən olacaq təzyiqdən qorxur, həm də ona görə ki, iddia edir ki, təminatçılar lazımdır. Bu da dolayısı ilə Fransanı prosesə qoşmağın növbəti variantlarından biridir. Lakin Nikol həqiqətən qarantyor istəyirsə, Zəngəzur dəhlizinin açılmasını tezləşdirməlidir. Təsəvvür edin ki, dəhliz açılacağı təqdirdə Pekindən Londona uzanan yolda yerləşən aparıcı dövlətlər ertəsi gün deyəcək ki, Ermənistanın təhlükəsizliyi qırmızı cizgimizdir. Burdan da belə anlaşılır ki, Nikolu əslində təminatçı o qədər də maraqlandırmır. Ona Parisi prosesə qatmaq daha vacibdir, nəinki sülh müqaviləsini imzalamaq”.
Asif Nərimanlı
Siyasi analitik Asif Nərimanlı bu iddiaları gülünc hesab edir: “Melkonyan Paşinyan hakimiyyətinin sözçüsü kimi çıxış edən deputatlardandır və hökumət demək istədiklərini bir çox hallarda onun kimilər vasitəsilə çatdırır. Onun KTMT-yə qarşı ittihamı təəccüblü deyil, rəsmi İrəvan anti-Rusiya siyasətini əsaslandırmaq üçün müxtəlif məsələlərə istinad edir. Azərbaycanla bağlı dedikləri isə absurd yanaşmadır. Əslində bu fikir erməni ictimai rəyində mövcud narazılıqla bağlıdır. Çünki Bakıda həbsdə olan ermənilərin qaytarılmaması erməni cəmiyyətində davamlı olaraq Paşinyan hakimiyyətinə qarşı ittiham aktı olaraq istifadə edilir. Hakimiyyəti bacarıqsızlıqda, Azərbaycan qarşısında qorxaqlıqda ittiham edirlər. Melkonyan da erməniləri geri qaytara bilməmələrini cəmiyyətin təhlükəli hesab etdiyi məsələ üzərindən təqdim etməklə özlərinə haqq qazandırmaq istəyir. Yəni ermənilər "məhbusların qaytarılmasını istəyirsə, Zəngəzurdan vaz keçməlidir". Təbii ki, bu, absurd yanaşmadır. Çünki Bakıda həbsdə ermənilər qanunları pozub, Azərbaycan humanitar prinsiplərə əsasən onların bir qismini geri qaytarıb. Amma bu ermənilərdən Zəngəzurun alınması üçün istifadə edilməsi iddiası gülüncdür. Sadəcə olaraq, Paşinyan hakimiyyəti erməni cəmiyyətinin ittihamlarından yaxa qurtarmaq üçün Zəngəzur məsələsini ortaya atır".
Cavanşir ABBASLI
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ