Onlayn ictimai-siyasi qəzet
Bərdədə ərini öldürən qadının cinayət işinin təfərrüatı məlum olub. Qətli törədən qadın anlaqsız hesab edilərək cəzadan azad edilib. Mərhumun ailəsi isə bununla razılaşmır.
Musavat.com xəbər verir ki, hadisə 2022-ci ilin iyul ayının 29-da Bərdə rayonu Şorəli kəndində baş verib. 1994-cü il təvəllüdlü Nurlan Çərkəzlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin arvadı, 1994-cü il təvəllüdlü Aysu Çərkəzlinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə N.Çərkəzlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Aysu Çərkəzli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
Qətlə yetirilən Nurlan “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon Elektrik Şəbəkəsinin əməkdaşı olub. Onların üç azyaşlı övladı var imiş.
Məlumata görə, Aysu feysbuk sosial şəbəsində yaratdığı “Nuray Mehdiyeva” profili ilə başqa bir şəxslə yazışmağa başlayıb. Həmin şəxsə subay olduğunu, diş həkimi işlədiyini deyib. Bir müddət həmin şəxslə danışmağa başlayıb və aralarında sevgi münasibəti yaranıb.
Qətldən bir neçə gün əvvəl Nurlan arvadına tanımadığı şəxsdən zəng gəlməsindən şübhələnib. Onlar toy məclisindən çıxan zaman Aysuya yenə zəng gəlib. Nurlan telefonu ondan alaraq həmin şəxslə danışıb. Telefonda olan şəxs Aysunu Nuray kimi tanıdığını, onun ailəli olmasını bilmədiyini deyib.
Nurlan Aysunu evə apararaq döyüb. Bu barədə Aysunun ailə üzvlərinə, atasına da məlumat verilib. Nurlan evdə olan tapança ilə Aysunu öldürmək qərarına gəlib. Nurlan hadisə günü əsəbi şəkildə evdə içki içib.
İstintaq belə qənaətə gəlib ki, Aysu öldürüləcəyi məqamı gözlədilməsi situasiyası ilə əlaqəli onda yaranmış kəskin stres nəticəsində patoloji affekt keçirərək, qisas almaq məqsədilə qəsdən ərini öldürmək qərarına gəlib. Nurlanın başının silaha qarışmasından istifadə edərək mətbəx bıçağı ilə Nurlanı azyaşlı oğlunun gözləri qarşısında qətlə yetirib. Nurlana iki bıçaq zərbəsi vurulub. Onlardan biri Nurlanın boğaz nahiyyəsindən dəyib.
Aysu ifadəsində deyib ki, Nurlan ona “səni öldürəcəm, get mətbəxdən bıçağı gətir” söyləyib: “Nurlanın əlində silah vardı.
Mətbəxdən gəldikdə Nurlanın həmin silaha güllə doldurduğunu gördüm. Nurlan mənə “kəlmeyi-şəhadətini oxu, onsuz səni öldürəcəm” söylədi. Sonra o, silahı yerə qoyub, məni döyməyə başladı, saçımdan tutub yataq otağına apardı. Əlləri ilə məni boğmağa çalışdı. Nurlanın əli boşalan zaman əlindən qaçmağı bacarsam da, o, məni arxadan tutaraq stolun dəstəyinə doğru itələdi. Bu zaman xəsarət aldım, pis vəziyyətə düşdüm. Daha sonra silahı və bıçağı əlinə alıb məni öldürəcəyini dedi və qarşısında diz çökməyimi söylədi. Nurlan silaha gülləni dolduranda mətbəxə keçib, iri bıçağı götürdüm. Sonra onun üzərinə gəldim. Nurlan barmaqlarımı qırmağa başlayanda dərhal yerdən bıçağı götürərək, ona xəsarətlər yetirdim. Vəziyyətim normal olmadığı üçün Nurlana hansı xəsarətləri yetirməyi xatırlamıram. Nurlan evə gəlməmişdən əvvəl uşaqları yatırtmışdım”.
Mərhumun anası oğlunun ölümündə təkcə Aysunun yox, onun qohumlarının da əlinin olduğunu deyib. Bildirib ki, Aysunun atası vəzifəli şəxslərin köməyi ilə qızına saxta dəlilik kağızı alıb. Mərhumun anasının ifadəsində diqqət çəkən daha bir məqam olub.
Onun sözlərinə görə onlara əvvəlcə Nurlanın özünü, sonra da Aysunu öldürməsi ilə bağlı məlumat verilib. Sonradan isə Aysunun Nurlanı öldürdüyü məlum olub. Mərhumun ailəsi cinayət işinin düzgün araşdırılmadığı qənaətindədir.
Məhkəmə araşdırması zamanı Aysunun sosial şəbəkədən tanış olduğu şəxs də şahid qismində dindirilib. Həmin şəxs deyib ki, Aysunun ailəli olduğunu bilməyib. O, telefonda dəfələrlə Nurlanla danışdığını, ona vəziyyəti izah etdiyini bildirib. Məhkəmədə Asunun həmin şəxslə yazışmaları da sübut kimi araşdırılıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Çərkəzli Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyəti və cəzadan azad edilib. Onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunub. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib.
Məhkəmədə Aysunun anlaqsız vəziyyətdə olması ilə bağlı rəy verən ekspert də şahid qismində dindirilib. O da məlum olub ki, istintaq zamanı daha 4 ekpertiza təyin edilib. Həmin rəylərdə də Aysunun anlaqsız olması ilə bağlı rəy verilib.
İlkin Muradov
Musavat.com
17 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ